Remarkdan ibrətamiz “Düşmən” hekayəsi – TƏRCÜMƏ

remark (1)Qafqaznews.az Erix Mariya Remarkın “Düşmən” adlı hekayəsini  Rüfət Əhmədzadənin tərcüməsində oxuculara təqdim edir:

Məktəb illərindən bəri dostum olan leytenant Lüdviq Brayerdən daha çox hansı hərb hadisələrini yadda saxladığını soruşarkən, ya Verden haqqında, ya Sommedəki döyüş barəsində, yaxud da Flandriyada baş verənlərdən nəsə eşidəcəyimi gözləyirdim. Ona görə ki, Brayer müharibənin ən dəhşətli aylarında bu cəbhələrin hər üçündə olmuşdu.

Amma görün əvəzində dostum mənə nə danışdı: “Hadisələrlə o qədər də zəngin olmayan, amma yaddaşımda ən çox iz qoyan əhvalat cəbhə xəttindən uzaqdakı kiçik bir fransız kəndinə yerləşməyimizlə başladı. Ora qədər biz cəbhənin davamlı artilleriya atəşi yağan ən iyrənc yerlərindən birində idik, sonra isə böyük itki verdiyimizə görə, xeyli geri çəkilməli olduq. Adətən, bu qədər geri çəkilməzdik, amma qüvvələri bərpa etmək üçün çox məsafə qət etməyə məcbur qaldıq. Əla bir həftə idi: Avqust ayı, Bibliya möcüzəsi kimi gözəl bir yay. Günəş başımıza tünd qızılı şərab kimi vururdu, Şampan da zirzəmilərdən tapdığımız şərab sayağı xoşhal edirdi. Bitlərdən xilas olmaq üçün, sanitar təmizlənmədən keçdik. Bəzilərimiz, hətta yeni yataq dəsti də ala bilmişdi, qalanları isə öz formalarını kiçik qazançalarda qaynadırdılar.

Ətrafda təmizlik ab-havası hökmran idi. Bu sehri, ancaq çirkdən qabıq bağlayan əsgər anlaya bilər. Hər şey müharibədən əvvəlki vaxtlarda, hələ uşaq olduğumuz bir şənbə axşamındakı kimi sakit və sülhlə dolu idi. Bax, o şənbə axşamında biz böyük vannada çimirdik, anamız isə şkafdan nişastalı, bazar günü və piroq ətri verən təmiz pal-paltar çıxarırdı. Sənə desəm ki, o avqust axşamının qürub çağı məndə bütün iliklərimə qədər şirinlik oyadırdı, özün bunun uydurma olmadığını anlayarsan. Əsgərin təbiətə münasibəti adi insanınkından fərqlənir. Bütün bu minlərlə qadağalar, maneələr, ölümlə bir addımlıqda yaşadığın sərt həyat öhdəlikləri bir anda üzərindən götürülür; nəfəs dərdiyin o dəqiqələr və saatlarda, istirahət günlərində var olduğun, sağ qaldığın faktını düşünmək belə böyük sevincə çevrilir. Sən sevinirsən, sadəcə, ona görə ki, hələ də görə, nəfəs ala və sərbəst hərəkət edə bilirsən.

Axşam günəşi altındakı zəmilər, meşələrin göy kölgələri, qovaq ağaclarının səsi, suyun şən şırıltısı izaholunmaz bir xoşbəxtlik idi. Amma içimizdə dərin bir yara kimi kök salan bu fikir bizi incitməkdəydi: cəmi bir neçə saat, ya da bir neçə gün sonra, bütün bu gördüyümüz gözəllik öz yerini dəhşətli ölüm mənzərəsinə verəcək. Xoşbəxtlik, melanxoliya, kədər və ümidsizliklə çox qəribə şəkildə qarışan bu hiss – dincələn əsgər üçün adi bir əhval idi. Şam yeməyindən sonra bir neçə yoldaşla kənddən kənara gəzməyə çıxdıq. Az danışırdıq; son bir neçə həftə ərzində ilk dəfə idi belə sevinirdik, üzümüzə vuran əyri günəş şüalarında qızınıb, təsəlli alırdıq. Nəhayət, böyük bir torpaq sahəsinin ortasında yerləşən miskin fabrik binasına çatdıq. Ətrafda gözətçilər var idi, həyət isə Almaniyaya eşelon gözləyən əsirlərlə dolu idi. Gözətçilər bizi həyətə maneəsiz buraxdılar və biz gəzib ətrafa göz gəzdirə bildik. Bura bir neçə yüz fransız yığışmışdı. Onlardan kimi oturur, kimi uzanır, kimi siqaret çəkir, kimiləri öz aralarında söhbət edir, kimiləri isə mürgüləyirdi. Həmin an, sanki, mənim gözlərim açıldı. O vaxta qədər düşmən səngərini qoruyan kişilər haqqında qısa, ötəri və alayarımçıq xatirələrim var idi. Məsələn, bir anlığa səngərdən çıxan dəbilqə, nə isə tullayıb gözdən itən əl, bozumtul-mavi bir parça, havaya uçan fiqur – pulemyot atəşi və əl qumbaraları altında tikanlı məftillər arasında səni təqib edən abstrakt şeylər.

İlk dəfə əsirləri orda gördüm. Onlar çox idi – oturmuş, uzanmış və siqaret çəkən silahsız fransızlar. Anidən şoka düşmüşdüm; hətta özümə güldüm də. Məni heyrətə gətirən onların da bizim kimi insan olmalarıydı. Amma fakt elə fakt olaraq qalırdı: nə qədər qəribə olsa da, and içirəm ki, bu haqda əvvəl heç düşünməmişdim. Fransızlar? Onlar düşməndirlər və Almaniyanı dağıtmaq istədiklərinə görə fransızları öldürmək lazımdır. Amma bax, o avqust axşamında mən dəhşətli bir sirrə çatmışdım – silahın magiyasına. Silah insanları dəyişdirir. Axı bütün o sakit oturan zərərsiz yoldaşlar – fəhlələr və kəndlilər, kommersantlar, məktəblilər birdən-birə düşmənə çevrilə bilərdilər. Əlbəttə ki, qəfil əllərinə silah düşsəydi. Onlar ancaq əllərinə silah alandan sonra bizə düşmən olmuşdular. Bu məni düşünməyə vadar etdi. Halbuki, məntiqimin elə qüsursuz olmadığını özüm də bilirdim. Amma ağlıma ilişmişdi ki, məhz elə silah bizi bu müharibəyə soxub. Dünyada silah o qədər çoxalıb ki, insanlar üzərində hakim kəsilib və onları bir-birinə düşmən edib…

Ondan xeyli sonra, Flandriyada da eyni şeyi müşahidə etmişdim – texnika müharibəsi gedirdi və insanlar az qala lazım deyildi. Silahlar hədsiz qəzəblə bir-birinə qarşı mübarizə aparırdı. Elə bir vəziyyət yaranırdı ki, hətta bu silahlar arasındakı insanlar öləndən sonra da texnika susmayacaq, bütün dünya məhv olana qədər atışma gedəcək. Amma bu fransız kəndinin yaxınlığındakı fabrik həyətində, mən ancaq bizim kimi adamları görürdüm. Və ilk dəfə dərk etdim ki, mən insanlara qarşı döyüşürəm. Elə bil, bizim kimi olan adi insanlar gurultulu sözlər və silahlarla tilsimlənmişdilər. O insanların da arvadları, uşaqları, valideynləri və peşələri var idi. Bəlkə də, indi onlar da ayılacaq, – necə ki onların sayəsində mənim gözlərim açılmışdı – bizə üz tutub soruşacaqdılar:

– Qardaşlar, biz nə edirik? Nə üçün?

Bir neçə həftə sonra biz yenidən cəbhənin sakit bir guşəsində idik. Fransızların xətti çox yaxından keçirdi, amma bizim mövqelərimiz yaxşı möhkəmləndirilmişdi. Bundan əlavə, belə deyək, heç nə baş vermirdi. Hər səhər, yeddi tamam olanda hər iki tərəfdən artilleriya bir neçə mərmi atırdı – bu səhər salamlaşması idi, günortalar yenidən təkəm-seyrək yaylım atəşləri eşidilir, bir də axşama yaxın adi sağollaşma mərasimi olurdu. Biz isə blindajların qabağında uzanıb, gün vannası qəbul edir, hətta ürək edib yatanda çəkmələrimizi də çıxarırdıq.

Bir dəfə neytral zolağın o tərəfində səngərdən “Attention!” yazılan bir lövhəcik çıxdı. Təsəvvür belə etməzsən, biz bu yazıya necə heyrətlə baxırdıq! Sonra düşündük ki, onlar bizi adi proqramdan kənar olan hansısa artilleriya atəşi haqqında xəbərdar etmək istəyirlər. Ona görə də, ilk atəşdə blindajlarda gizlənmək üçün hazır vəziyyət aldıq. Amma hər şey sakit idi. Lövhəcik gözdən itdi. Bir neçə saniyə sonra kiçik səngər kürəyi peyda oldu və kürəyin üzərində kiçik siqaret qutusu gördük.

Bir az dil bilən yoldaşlarımızdan biri kiçik bir taxta lövhənin üzərində “Compris” sözünü yazdı. Lövhəni qaldırdıq. Qarşı tərəfdə kürəyi yellətməyə başladılar. Biz də lövhəni yellətdik. Daha sonra havaya ağ parça qalxdı. Biz də tələsik o an köynəyini dizinin üstünə qoyub, bit öldürən ober-freyter Byulerə doğru qaçdıq və onun köynəyini qapıb havada yellətdik. Az sonra qarşı tərəfdə yenidən ağ parça peyda oldu, daha sonra isə dəbilqə. Bizsə, köynəyi elə yellətdik ki, bitlər ətrafa səpələnməyə başladı. Kiçik bir bağlama tutan əl göründü. Daha sonra bu əlin sahibi yavaş-yavaş tikanlı məftilin altından sürünərək, bizə doğru gəlməyə başladı. Ara-sıra əlindəki burun yaylığını tərpədir və həvəslə gülürdü. O, neytral zolağın təxminən ortasında dayandı və əlindəki bağlamanı yerə qoydu. Bir neçə dəfə bağlamanı göstərdi, qəhqəhə ilə güldü, başını yellədib geriyə sürünməyə başladı. Bu bizi əməlli-başlı vəcdə gətirmişdi. Lap uşaq hissinə oxşayırdı. Biz nə isə qadağan olunmuş bir iş tuturuq, amma, eyni zamanda, kiməsə kələk gələ bilirik. Və nəsə yaxşı bir şey əldə etmək arzusu azadlıq eşqinə, müstəqillik hissinə qarışmışdı. Bu, ölüm mexanizmi üzərində triumf idi.

Bayaq danışdığım fabrik həyətində olanda da eyni şeyi hiss edirdim: əsirlərin arasında durarkən, bu hiss “düşmən” haqqında təsəvvürümü yenidən yaradır, bütün bədənimə təsir edirdi. Mən də bu triumfa öz töhfəmi vermək istəyirdim. Biz tələsik halda bir neçə hədiyyə topladıq. Düzdür, hədiyyələrimiz çox fəqir idi, çünki bizim əlimizdə olan şeylər kənardakı dostlarımızdan az idi. Biz də öz bağlamamızı topladıqdan sonra, yenidən köynəyi tərpətdik və dərhal da cavab aldıq. Mən asta-asta qalxdım, başımı və çiyinlərimi səngərdən çıxardım. Sənə deyim ki, bu, çox dəhşətli bir dəqiqə idi. Zarafat deyil, qorumasız-filansız səngərdən çölə çıxmışdım. Daha sonra sürünməyə başladım – bu an mənim fikirlərim tamamilə dəyişməyə başladı, sanki, geriyə dönüş başlayırdı. Bədənimi qəribə hiss bürümüşdü. İçimdə hədsiz sevincin baş qaldırdığını duyurdum; xoşbəxt bir gülüşlə, iməkləyə-iməkləyə qarşı tərəfə qaçırdım. O zaman mən heyrətamiz bir sülh anını yaşadım – kiçik, amma özümə aid olan anı.

Sanki bu sülh, ancaq mənim üçün bütün dünyaya hakim kəsilmişdi. Mən gətirdiyim şeyləri yerə qoydum, bağlamanı götürdüm və yenidən öz yoldaşlarımın yanına sürünməyə başladım. Və bu an sülh də bitdi. Yenidən hiss edirdim ki, yüzlərlə tüfəng mənim belimi nişan alıb. Məni dəhşət və qorxu bürüdü, tər bədənimdən sel kimi axmağa başladı. Amma bəxtim gətirdi, sağ-salamat öz səngərimizə çatmışdım. Növbəti gün artıq buna öyrəşdim. Tədricən proseduru sadələşdirdik və səngərlərimizdən eyni anda çıxmağa başladıq. Zəncirdən buraxılmış iki it kimi, həvəslə bir-birimizə doğru sürünür və hədiyyələri dəyiş-düyüş edirdik. İlk dəfə bir-birimizin gözlərinə baxarkən, eləcə utancaqlıqla gülümsündük.

Fransız əsgəri də mənim kimi gənc idi, bəlkə də, iyirmi yaşı olardı. Bu hoqqadan necə xoşlandığını üzünə baxanda görmək olurdu. – Bonjour, camarade! – dedi. Mən özümü elə itirmişdim ki, sadəcə, “Bonjour, bonjour” – deyə bildim. İki-üç dəfə eyni sözü təkrar etdikdən sonra başımı yellədim və tələsik halda geriyə süründüm. Görüşlər üçün müəyyən vaxtlar təyin etmişdik. Lap əvvəlki siqnallar isə ləğv edildi, çünki hər iki tərəf yazılmamış sülh sazişinə əməl edirdi. Bir saat sonra isə yenidən bir-birimizə atəş açırdıq. Bir dəfə düşmən ordusunun əsgəri bir qədər ləngidi, əlini mənə doğru uzatdı və havada sıxdı. Bu, həddən artıq məzəli idi. Onda cəbhənin digər yerlərində də eyni şeylər baş verirdi. Qərargahdan xəbər tutdular və əmr çıxdı ki, belə şeylər sərt şəkildə qadağan olunur. Bəzi yerlərdə, hətta “düşmənçilik nümayişi”nin qrafiki də dəyişdirilmişdi. Amma bu bizə mane olmurdu.

Bir dəfə cəbhədə bir mayor peyda oldu və bizə şəxsən məruzə oxudu. O, çox enerjili və cənfəşanlıq edən biri idi. Bizə dedi ki, axşama qədər cəbhədə qalmaq fikri var. Bədbəxtlikdən, bizim düşmən əsgərləriylə görüşdüyümüz yerdən bir az aralıda mövqe tutdu və özü üçün tüfəng tələb etdi. Mayor çox gənc idi, igidlik göstərmək üçün ciyəri yanırdı. Biz nə edəcəyimizi bilmirdik. O tərəfdəki dostlarımıza siqnal vermək üçün heç bir imkanımız yox idi. Bundan başqa düşünürdük ki, bizi düşmənlə mal mübadiləsinə görə elə yerindəcə gülələyəcəklər. Saatımın dəqiqə əqrəbi siferblatda yavaş-yavaş hərəkət etməkdəydi. Heç nə baş vermirdi və biz az qala inanmışdıq ki, bəla, artıq sovuşub. Şübhəsiz ki, mayor bütün cəbhə boyu baş verənlərdən xəbərdar idi, amma bizdə konkret olaraq nəyin necə olduğu barədə heç nə bilmirdi. Sadəcə, bəxtimizin kəmliyindən idi ki, o, belə bir tapşırıqla bura gəlmişdi. Düşündüm ki, bəlkə, ona belə deyim: “Beş dəqiqə sonra qarşı tərəfdən bir əsgər sürünüb keçəcək. Biz atəş açmamalıyıq: o, bizə güvənir”. Amma cəsarətim çatmadı. Məgər bunu deməyim kömək edərdimi? Belə bir şeyi mayora desəydim, çox güman ki, qalıb gözləyərdi. Amma hələ şans var idi ki, mayor gedəcək. Bundan başqa, Byuler mənə pıçıldadı ki, səngərdən çıxaraq qarşı tərəfə öz tüfəngini yellədib (atışma ərəfəsində olduğu kimi) və onlar da eyni siqnalla cavab veriblər. Onlar anlayıblar ki, qəti çıxmaq olmaz. Xoşbəxtlikdən çiskinli gün idi və yağış çiləyirdi. Həmin gün axşam tez düşdü. Bizim, adətən, görüşdüyümüz vaxtdan on beş dəqiqə keçirdi. Artıq yavaş-yavaş sakitləşməyə başlamışdıq. Amma birdən…

Dəhşətdən daş heykələ dönmüşdüm. Dilim də ağzımda necə qurudusa, qışqırmaq istədiyim halda bacarmadım. Gözümü çəkmədən neytral xəttən yuxarı baxırdım… düşmən səngərindən əvvəlcə əl, sonra isə əl sahibinin gövdəsi göründü. Byuler cəld qaçaraq təhlükə barədə xəbərdarlıq etməyə çalışdı. Amma artıq gec idi. Mayor tətiyi çəkmişdi. O tərəfdə görünən adam zəif bir qışqırıqla gözdən itdi. Bir anlıq ortaya məzar sükutu çökdü. Sonra biz yenidən bir qışqırıq eşitdik və silsilə atəş başladı.

– Atəş açın! Düşmən hücuma keçib! – mayor bağırdı.

Ondan sonra biz də atəş açmağa başladıq. Dəli kimi nəfəs dərmədən çaxmağı çəkib atəş açırdıq. Sadəcə, ona görə atəş açırdıq ki, o dəhşətli anı unudaq. Bütün cəbhə hərəkətə gəlmişdi. İşə artilleriya da qarışdı və bu, bütün gecə boyunca davam etdi. Səhərə qədər 12 nəfər itirmişdik. Ölənlər arasında mayor və Byuler də var idi. Bu hadisədən sonra düşmənlik nümayişi yazılan qaydalara görə davam edirdi. Daha siqaret mübadiləsi etmirdik, itkilər isə artmaqda idi. O vaxtdan başıma çox şey gəldi. Yüzlərlə insanın öldüyünü gördüm, amma özüm birini də öldürmədim. Mən çox qabalaşmış və hissiyyatımı itirmişdim. İllər keçdi. Ancaq bu keçən müddət ərzində yağış altında eşitdiyim o zəif qışqırığı yenidən yada salmağa qorxurdum”.

1930-cu il.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR