Rio-2016: Olimpiya çempionumuz 1/4 finalda, Cəmaləddin Məhəmmədov məğlub oldu

24e6bf3da48994430198ebb350808a53434Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə qoşulub.

Belə ki, 86 kq çəki dərəcəsində Şərif Şərifov, 125 kq-da isə Cəmaləddin Məhəmmədovölkəmizi təmsil edir.

Sərbəst güləş

86 kq

Olimpiya çempionumuz Şərif Şərifov turnirə 1/8 finaldan start verib. Londondakı uğurunu təkrarlamaq arzusunda olan milliləşdirilmiş legionerimiz birinci görüşünü çinli Şenqfenq Biyə qarşı keçirib. İlk dəqiqədən təşəbbüsü ələ alan pəhləvanımız ikinci hissənin əvvəllərində hesabı 10:0-a çatdırıb və vaxtından əvvəl mərhələ adlayıb.

O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə mübarizə aparacaq. Yarımfinal yolundakı görüş saat 18:04-də başlayacaq.

125 kq

Ən ağır çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov da turnirə 1/8 finaldan başlayıb. O, ilk cəhdində ABŞ güləşçisi Tervel Dlaqnevlə münasibətlərinə aydınlıq gətirib. İlk hissəni cərimə xalı hesabına öndə tamamlayan güləşçimiz ikinci hissədə fəallığı artıraraq, daha 4 xal əldə edib. Lakin Cəmaləddin 5:0-lıq üstünlüyü sona qədər qoruya bilməyib. Dlaqnev sona yaxın ardıcıl 6 xal qazanaraq, qalib gəlib və 1/4 finala adlayıb. Məhəmmədov təsəlliverici görüşlərdə iştirak etmək üçün amerikalının finala qədər irəliləməsini gözləməlidi.

Qeyd edək ki, yarışa ilk qoşulan sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (57 kq) Cəbrayıl Həsənov (74 kq) bürünc medal qazanıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR