Abşeronda jurnalistdən belə “qisas” alınır

12832340_194152240958177_3002460701606313501_n“İlin Dörd Fəsli” MMC rəhbərliyindənmi bunu “xahiş” etdilər, yoxsa, hörmətli RİH başçısı İradə Gülməmmədova belə tapşırdı?

Təsəvvür edin ki, hələ ana bətnində olan bir uşaq “bağışlanılmaz bir cinayət” törədir, doğulandan 1-2 ay keçməmiş də məhkəməyə verilir. Nə dərəcədə məntiqə uyğundur, əziz oxucum? Amma “İlin Dörd Fəsli” MMC adlanan bir şirkət var ki, həmin şirkətin rəhbərliyi sizə əksini “sübut edə” bilər. Məsələn, iyulun 25-də yaradılan, iyulun 28-də legion.az domenini əldə edən “Legion İnformasiya Agentliyi” MMC və eləcə də, bu şirkətə heç bir dəxli olmayan mən, bəndəniz Rüfət Seyidəhməd oğlu Əhmədzadə “İlin Dörd Fəsli” MMC tərəfindən məhkəməyə verilmişik. Və bizdən 243 min 367 manat tələb olunur.

Səbəb olaraq isə, 15 iyul tarixli bir yazı göstərilib. Məsələ ondadır ki, mən Abşeronun baş memarı Akif Əliyevdən “Yeni Bakı”dakı bəzi binalarda olan çatlarla bağlı müsahibə almışam. Həmin çatların olmasını heç kim inkar edə bilməz, foto və videolar da var. Həmin çatların olmasını FHN də inkar eləmir. Lakin yaşayış üçün təhlükəlilik dərəcəsi başqa şeydir ki, onu mən də öz yazılarımda “Yeni Bakı”dakı binaların “boynuna” qoymamışam. Digər tərəfdən, Nərimanov Rayon Məhkəməsində irəli sürülən iddia ərizəsində bildirilir ki, guya FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyi öz rəyində “Yeni Bakı” sakinlərinin şikayətinin olmadığını göstərib. Həmin rəyi və ya “Yeni Bakı” rəhbərliyinə məktubu mən də görmüşəm, “sakinlərin şikayəti yoxdur” sözlərinə rast gəlməmişəm. Həm də agentlik öz nümayəndələrini məhz sakinlərin şikayəti əsasında göndərib.

Məhkəmə FHN-ə sorğu göndərsə, həmin məsələylə bağlı 112 “Qaynar Xəttinə” müraciət edən “Yeni Bakı” sakinləri haqda məlumat əldə edə bilər. Digər tərəfdən, düşünürəm ki, “İlin Dörd Fəsli” MMC məni məhkəməyə verə bilməz və Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev bu işi icraata götürməkdə səhv addım atıb. Məni ancaq Abşeronun baş memarı Akif Əliyev məhkəməyə verə bilərdi. Akif Əliyev mənə açıqlamasında demişdi ki, çatlar var, çökmə əlamətləri var, amma çat və çökmələrin nədən yaranmasını, yaşayış üçün təhlükəlilik dərəcəsini FHN və ETSN-in ekspertiza qrupları müəyyən etməlidir. Hətta Abşeron RİH-in memarlıq və tikinti şöbəsinin müdiri olan bu zat mənə iyulun 15-də (cümə günü) demişdi ki, yazılı müraciət hazırlanıb, bazar ertəsi günü FHN və ETSN-ə göndəriləcək. Akif Əliyevi belə danışmağa nə məcbur etmişdi?

Aidiyyatı olmadığı bir iş üzrə, FHN dura-dura, o niyə danışırdı? Danışdı, çox gözəl… Sözlərinin arxasında durmalı idi! Sonradan məlum oldu ki, Akif Əliyev heç hara yazılı müraciət etməyib (bunu mətbuata açıqlamasında bildirib), hətta hörmətli məmur bir az daha irəli gedərək, mənə dediyi sözləri, verdiyi açıqlamanı dandı.

“Mən çökmə əlamətlərindən söz açmamışam” deyən məmurun bu davranışı bir çox suallar doğurur. Görəsən, Abşeronun baş memarı fikrini niyə, hansı marağa və kimin sözüylə dəyişdi?

“İlin Dörd Fəsli” MMC rəhbərliyindənmi bunu “xahiş” etdilər, yoxsa, hörmətli RİH başçısı İradə Gülməmmədova belə tapşırdı? Səs yazısı da yayımlandığı halda, nə əcəb hələ Akif Əliyev və şirkət rəhbəri Elnur Hüseynov inada davam edirlər? Bəlkə, onları arxayınlaşdıran başqa nələrsə və ya kimlərsə var? Düşünürlər ki, jurnalistdən bu yolla qisas alacaqlar? Əlbəttə ki, onlarda nəsə alına bilərdi… Əgər bu ölkədə dərəbəylik olsaydı! Amma onlarda alınmayacaq. Və mən bu məhkəməni uduzmayacam. Ona görə uduzmayacam ki, mənim məğlubiyyətim cəmiyyət üçün pis nümunə ola bilər. Daha heç bir jurnalist cəmiyyətdəki problemləri dilə gətirmək istəməz. Hər hansı binada çat və ya təhlükə olduqda, sakinlər onu ictimailəşdirə, həllinə nail ola bilməzlər.

Və ən əsas da ona görə mübarizə aparacağam ki, Cənab Prezident dəfələrlə jurnalistlərə çağırış edib: “Cəmiyyətdəki xoşagəlməz halları işıqlandırın, biz də məlumat alaq, tədbir görək”. Bəli! Mən öz işimi görürəm, heç də pis görmədiyimə əminəm. Kimlər öz işlərində uğursuz və bacarıqsızdırsa, problem onlardadır… Tezliklə, onların da problemləri həll olunacaq. Dövlət başçısına üzümü tutub xahiş edirəm, Abşeron rayonundakı bu problemi həll edin, Elnur Hüseynov və Akif Əliyevin müstəqil mətbuata qarşı təzyiqlərinə son verin!.. Yoxsa, bu şəxslər söz azadlığını sıxışdırmağa davam edəcəklər.

 Sözardı: Bu gün bir sıra inşaat şirkətləri, tikinti ucuz başa gəlsin deyə, kustar sexlərdə korroziyalı metallardan hazırlanmış armaturlardan istifadə edirlər . Bu məhsullar isə nəinki standartlara cavab vermir, hətta insan həyatı üçün ciddi təhlükə yaradır. Keyfiyyətsiz armaturlar binalarda çat, çökmə kimi əlamətlərlə özünü göstərir, azca zəlzələ olduqda isə binanın uçmasına da “kömək” edə bilir. Bunu niyə yazdım? Elə-belə, gözəllik üçün…

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR