Analoq yayımın ləğvi hansı problemlər yaradacaq?

img1887975Rəqəmsal yayıma keçiddən sonra hansı televizorlar kanalları tutmayacaq

Osman Gündüz: “Çanaq antenaları olanların heç bir problemi olmayacaq”

Sentyabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
Əksər vətəndaşlar isə evlərində olan televiziya ötürücülərinin, xüsusən çanaq antenalarının siqnalları qəbul etməyəcəyindən narahatdır. Bəs görəsən, bu qərarın icrası hansı teleqəbuledicilərin işinə necə təsir göstərəcək?
“Yeni Müsavat”ın bu sualını “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz cavablandırıb. O bildirib ki, analoq yayımının ləğv olunmasının çanaq antenalarına hər hansı təsiri olmayacaq: “Çanaq antenaları olanların heç bir problemi olmayacaq. Əvvəllər paralel yayım gedirdi, həm rəqəmsal, həm də analoq yayım. İndi, sadəcə, rəqəmsal yayım olacaq. Burada bir problem var ki, hələ də ölkədə rəqəmsal yayım avadanlıqlarını qəbul etməyən, sadəcə, analoq yayımla işləyən televizorlar var. Analoqdan imtina edib tam rəqəmsala keçməyin bu problemi çıxa bilər. Əvvəllər əhaliyə dekoderlərin paylanması da nəzərdə tutulmuşdu. Uzun müddət Teleradio Şurası müzakirə etsə də, bunun öhdəsindən gələ bilmədi. Müzakirə isə bunun üzərində idi ki, rəqəmsal yayımı qəbul edən aparatları olmayanlara dekoderlər paylanmalıdır”.
O.Gündüzün sözlərinə görə, bu avadanlıqların qiyməti təxminən 40-50 manat arasında dəyişir. Evində çanaq antenası  və ya kabel televiziyası olmayanlar analoq yayımla işləyən antenalarını yeni dekoderlərlə əvəz etməli olacaqlar: “ Modern olmayan televizorlara bu avadanlıq quraşdırılmaqla rəqəmsalı qəbul edə bilərdi. MTRŞ hökumətə bu barədə müraciət etdi, uzun yazışmalar getdi, çox güman ki, hökumət bu təklifi dəstəkləmədi. Aztəminatlı əhaliyə bu avadanlıqların paylanmasından imtina olundu. Ancaq bunu zamanında etmək lazım idi. MTRŞ və RİTN zamanında, hökumətin gəlirlərinin yaxşı olduğu vaxtda bu məsələni həll etməli idilər. İndi büdcədə pul azdır və problemlər yaranıb. Bir neçə gün öncə hökumət bu istiqamətdə başqa bir qərar verdi ki, rəqəmsal yayımla bağlı ölkəyə gətirilən avadanlıqlar müəyyən rüsumlardan, gömrük vergisindən və sairdən azad olunsun. Çox güman ki, o da buna yönəlik bir addım idi. Düşünürəm ki, bu fərmanın icrası bazarda həmin avadanlıqların ucuzlaşmasına gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, xüsusən regionlarda yaşayan əhali analoq yayımın ləğv edilməsindən əziyyət çəkə bilər: “Bu qərarın icrası zamanı müəyyən problemlər yaşanacaq. Biz bunu hesablamışıq. Bəzi insanlarda, xüsusən də regionlarda insanların evindəki televizorlar elədir ki, analoq yayım dayansa, siqnalları qəbul edə bilməyəcəklər. Məncə, MTRŞ monitorinqlər aparmalıdır, bu sahədəki problemləri nəzərə almalıdır. Yəni insanların informasiya ala bilməməsi düzgün deyil. Xüsusən dövlət televiziyaları ilə bağlı, hökumətin fəaliyyəti ilə bağlı informasiyaları insanlar almalıdırlar”.
Rəqəmsal televiziya yayımının mahiyyətinə gəlincə, Osman Gündüz vurğuladı ki, bu, müasir dövrün tələbidir: “Keyfiyyət, əlçatanlıq, əlavə informasiyalar əldə etmək, tezliklərin boşalması baxımından üstünlükləri çoxdur. Hədsiz dərəcədə üstünlükləri var.  Əgər MTRŞ analoq yayımı dayandırıb rəqəmsal yayıma keçirsə, burada bir tələskənlik də hiss olunursa, yaxşı olardı ki, normal bir kontent yaradardı. Televiziya kontentinin hazırlanmasına ciddi diqqət yetirilməlidir, buna diqqət ayrılmalıdır. Keyfiyyətli siqnalla qəbul olunacaq proqramın içində də nə isə olmalıdır axı… Ona görə də bu tələskənliyə paralel olaraq, elektron resurslarda, televiziyalarda normal milli kontentin də hazırlanmasına diqqət yetirilsə yaxşı olar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR