“Azərbaycan repini yenidən yüksəldəcəyimizə inanııq”

14269417_292950237745043_908048022_nRamaş: “Şükürlər olsun ki, indi Anar Nağılbazın səhhəti nisbətən yaxşıdır və birlikdə yolumuza davam edirik”

“Bilmirdik nədən idi, niyə idi… Amma Anar Nağılbazla mən Azərbaycanda repin yox olmağa doğru getdiyini görərək, konsert təşkil etməyə qərar verdik”.

Bunu Qafqaznews.az-a Azərbaycanda “veteran” rep ustalarından sayılan Ramaş bildirib.

“Düzdür, Azərbaycanda rep həmişə üzdə olub, istedadlı gənclər yetişir və internet məkanında azərbaycanlı reperlərin maraqlı treklərini dinləmək olar. Lakin indi elə bir vəziyyət yaranıb ki, Azərbaycan repi internetdən, maksimum klub səviyyəsindən kənara çıxa bilmir. Yəqin ki, bu da repimizin taleyidir, belə də olmayıb. Bəlkə də, hansısa səhvlərimiz olub, rep bizdən üz döndərib. Amma mən şəxsən inanıram ki, rep ölkəmizdə yenidən yüksələcək. Reperlərimizin içində vətənini, millətini sevən kifayət qədər igid oğlanlar var. Ölkəmizdə vətənpərvərlik mövzusuna ən çox müraciət edilən janr repdir. Neçə ildir vətənpərvər ruhlu treklər arasında “Dəyirman” qrupunun “Ya Qarabağ, Ya ölüm” parçasının ön sırada olduğunu da yada salaq. Yaxşı söz, yaxşı iş heç vaxt unudulmur. Çalışmaq lazımdır ki, dinləyicilərin qarşısına yaxşı iş çıxarasan””, – Ramaş bildirdi.

14284930_292950881078312_2096402137_o“Bəlkə, Azərbaycan repi şou-biznes qaydalarına uyğunlaşa bilmir? Dünya şou-biznesində ilk yerləri Hip-hop təmsilçiləri, rep ifaçıları tutur, amma bizdə bu yerlərdə estrada nümayəndələri, toy müğənniləri qərarlaşıb… Bunu necə izah etmək olar?”, – deyə soruşduq.

“Toy da bizim adətlərimizdən biridir. Bizdə təbii haldır. Xalqımıza doğma olan janr daha çox muğamdır. Bununla yanaşı, meyxana və popa da üstünlük verilir. Amma bu, repin aşağıda olması mənasına gəlmir. Toylarda diskoteka hissələri də olur, orda replər də səsləndirilir. Mən heç istəməzdim ki, rep diskoteka formatında inkişaf eləsin. Sadəcə, Azərbaycanda son zamanlar reperlərin bir araya gəlməsi, əlaqəli şəkildə hansısa kosnertlər təşkil etməsi, festivalların keçirilməsi müşahidə olunmur. Bu da, pərakəndə vəziyyət yaradır. Reper çoxdur, kifayət qədər yaxşı nümunələrə də rast gəlmək olar… amma ümumi mənzərə acınacaqlıdır . Bu gün gənc repçilərimizin pərakəndəliyi,hətta bəzən bir-birilə ədavət aparması heç də yaxşı nəticələr vəd eləmir”, – deyə Ramaş Qafqaznews.az-a cavab verdi.

“Anar Nağılbaz haqqında müxtəlif şayiələr yayılmışdı, guya onun ölkədən qaçdığını deyirdilər”, – deyə xatırlatdıq.14247868_292950874411646_616042163_o

“Xeyr, o, xaricə müalicə üçün getmişdi. Şükürlər olsun ki, indi Anarın səhhəti nisbətən yaxşıdır və birlikdə yolumuza davam edirik. Başqa reperlərlə birlikdə bir sıra maraqlı ideyalarımızı reallaşdırmağa çalışırıq. Azərbaycan reperləri birləşərək, böyük layihələr təşkil edə bilər. Biz Azərbaycan repini  yenidən yüksəldəcəyimizə inanııq”.

Qeyd edək ki, sentyabrın 24-də Bakıda Yaşıl Teatr Konsert Mərkəzində, “Azərbaycan repinə dəstək” adı altında böyük rep konserti keçiriləcək. Konsert Anar Nağılbaz, Ramaş, Ramil Nabran, Dado, “Savaş” qrupu və gürcü reperləri Bedina və Don Baconun iştirakı ilə baş tutacaq.

Konsertdə həmçinin Azərbaycanın xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova, əməkdar artistlər Elza Seyidcahan və Almaz Ələsgərli də iştirak edəcək. Konsertin aparıcıları parodist Elcan Rəsulov və meyxanaçı Fariz Bərdəli olacaq.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR