Bank hesablarına qarşı fırıldaqlar artıb

img2197001“The Guardian” yazır ki, Britaniyanın bank ödənişləri sənayesində fırıldaqların sayı bir il ərzində 53 faiz artıb.
Bu isə o deməkdir ki, indi daha çox sayda insan dələduzların getdikcə təkmilləşən texnikasının toruna düşərək şəxsi bank rekvizitlərini könüllü şəkildə açır və oğurluq qurbanına çevrilir.
Son məlumatlara görə Britaniyada bu il yanvarın 1-dən iyunun 30-dək internet, telefon bank xidməti, kredit və debit kartlarla bağlı 1 milyondan çox maliyyə dələduzluğu hadisəsi qeydə alınıb.
2015-ci ilin müvafiq dövründə bu rəqəm 660 min idi.
Bu isə o deməkdir ki, indi hər 15 dəqiqə ərzində kimsə dələduzların toruna düşür.
İş o yerə çatıb ki, Britaniyanın maliyyə təsisatları və böyük bankları özlərini və müştərilərini fırıldaqdan qorumaq məqsədilə Take Five adlı kampaniyaya başlayıblar.
Bu kampaniyanın əsas məqsədi müştəriləri, özlərini bank işçiləri və ya başqa məsul şəxlər kimi qələmə verənlərin elektron məktublarından qorumaqdır.
Fırıldaqçıların yazdıqları elektron məktublar bank müştərilərini aldadaraq onların öz bank məlumatlarını açmağa sövq edir.
Dələduzlar bir çox hallarda vergi oqranlarının adından göndərdikləri e-maillərdə müştərilərdən onların bank məlumatlarını istəyirlər.
Bu məqsədlə fırıldaqçılar müştərilərin elektron poçtlarına haker müdaxiləsi edirlər.
“The Guardian” yazır ki, bu yaxınlarda ər-arvad Sarah və David Fisher onlara evlərini təmir edən şirkətin adından göndərilmiş e-mail-ə uyğun olaraq fırıldaqçılara öz əlləri ilə 25 min funt sterlinq keçiriblər.
Məqalədə deyilir ki, fırıldaqçılar hətta müəyəyn bankların adından Twitter hesabları açmaqdan da çəkinmirlər.
Bu hesablardan göndərilən postlarda bank müştərilərindən hesab məlumatlarının verilməsi rica edilir.
Dələduzlar bir çox hallarda vergi oqranlarının adından göndərdikləri e-maillərdə müştərilərdən onların bank məlumatlarını istəyirlər.
“The Guardian” yazır ki, Britaniyada banklar müştərilərini belə fırıldaqlardan qorumaq üçün ən mükəmməl vasitələri tətbiq edirlər.
Təkcə ötən il banklar müştərilərdən oğurlanan hər 10 funt sterlinqin 7 funtunu qoruya biliblər.
Bununla belə, bankların təhlükəsizliyi təkmilləşdikcə fırıldaqçıların nəzərləri zəif həlqəyə – yəni müştərilərə yönəlir.
Britaniya və bir çox Avropa bankları müştərilərin hesablarından onların xəbəri olmadan oğurlanmış pulları ödələsələr də, müştərilərin aldanaraq öz əlləri ilə fırıldaqçılara köçürdükləri vəsaitləri ödəməkdən imtina edirlər.
Yeni kampaniya müştərilərə tövsiyə edir ki, aldıqları email və ya telefon zənglərinə uyğun olaraq pullarını köçürməzdən əvvəl “dayansınlar və düşünsünlər”.
Burası da var ki, bir çox hallarda müştərilərin hesablarındakı pullar onların xəbəri olmadan hakerçiliklə oğurlanır.
Britaniyada təkcə ötən il hər 10 bank müştərisindən 1-i belə oğurluğun qurbanı olub.
Maliyyə təsisatlarının məlumatına görə bu üsulla həyata keçirilən oğurluqların 62 faizi uğurlu olur.
Bu kimi halların ucbatından son 12 ayda Britaniyada 4, 5 milyon kredit kartı ləğv olunub.
Onlardan üst-üstə 2. 1 milyard funt sterlinq oğurlanıb.
“The Guardian” Take Five kampaniyasının əsas tövsiyələrini bir daha xatırladıb:
1. Bank məlumatlarınızı email və telefon vasitəsilə heç kimə açmayın
2. Email, text və ya telefon zənginin qondarma olmadığına dərhal inanmayın.
3. Pul köçürməyə tələsməyin
4. İnstinktlərinzə qulaq asın
5. Bank hesablarınıza müntəzəm nəzarət edin. (BBC).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR