Cahangir Hacıyevin zəngin həyatdan dəmir barmaqlıqlar arxasına qədər ömür yolu…

img2180209Cahangir Hacıyev 14 il Azərbaycanın ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik edib. Sabiq bankir hazırda dəmir barmaqlılqar arxasındadır. O, rəhbərlik etdiyi dönəmdə bankda baş verən qanunsuzluqlarda, ayrılan milyonlarla kreditlərin geri qaytarılmamasında günahlandırılır.
Cahangir Hacıyevlə bağlı mətbuatda çox yazılıb, haqqında çox danışılıb. Onun kim olması, bu vəzifəyə necə təyin olunması yəqin ki, çoxları üçün maraqlıdır.
Musavat.com olaraq C.Hacıyevin ölkənin ən böyük banklarından birində rəhbər postuna necə gəlməsi, bu dönəmə qədər hansı vəzifələrdə çalışması və ümumi fəaliyyəti haqda araşdırma apardıq.
İlk olaraq nəzər saldığımız vikipediyada qeyd edilir ki, C.Hacıyev Azərbaycan Dövlət Universitetində təhsil alıb və təhsilini 1986-cı ildə başa vurub.
Onun 1993-cü ildə Austində – Texas Universitetində MBA dərəcəsinə və Rusiya Elmlər Akademiyasının nəzdində İqtisadiyyat İnstitutunda Beynəlxalq İqtisadiyyat üzrə doktorluq pilləsinə yiyələnməsi də vikipediyada yer alan məlumatlar siyahısındadır.
Hacıyev 1993-1995-ci illər arasında Azərbaycanın Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. Onun Beynəlxalq Bankdakı fəaliyyəti isə 1995-ci ilə təsadüf edir. Lakin onun bankda ilk olaraq hansı vəzifəni tutması haqda dəqiq məlumat yoxdur.
Həbsdəki bankirin fəaliyyəti haqda məlumatlı olan iqtisadçı ekspert Əkrəm Həsənov musavat.com-a deyib ki, C.Hacıyev həmin ərəfədə bankda şöbə müdiri vəzifəsində çalışıb: “Dəqiq xatırlamıram, ancaq şöbə müdiri vəzifəsində idi. Heç bankın İdarə Heyətində də təmsil olunmurdu. Sonra birdən-birə rəhbər təyin edildi. O zaman mən də Beynəlxalq Bankda yeni fəaliyyətə başlamışdım”.
Ə.Həsənov həmin ərəfədə yaşanan maraqlı bir olayı da xatırlatdı. Ekspert deyir ki, o zaman bankın sədri olan Fuad Axundov bütün işçilərin vəzifəsindən azad edilməsi haqda qərar veribmiş: “Bütün bank işçiləri tutduğu vəzifədən azad edildi. Onlar vəzifələrinin icraçısı olaraq qalırdılar. Bütün işçilərin dəyişdirilməsi planlaşdırılırdı. Ancaq birdən belə bir qərar verildi. Yeni sədr təyin edildi”.
Cahangir Hacıyev 2011-ci ildə Beynəlxalq Bankın İdarə Heyətinin sədri olub.
Vikipediya məlumatlarında yazılır ki, 18 may 2012-ci ildə “EMEA Finance” jurnalı C.Hacıyevi “İlin lideri” və “2011-ci ilə qədər Mərkəzi və Şərqi Avropada və MDB məkanında ən yaxşı Baş İcraçı Direktor” adlandırıb.
C.Hacıyevin 18 mart 2015-ci ildə vəzifədən çıxarılmasının səbəbi olaraq isə vikipediyada qeyd edilir ki, o, səhhətinə görə bankın Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad edilib.
C.Hacıyev Azərbaycanın bank sektorunda “patron”lardan birinə necə çevrildi?
Cahangir Hacıyev ABB-nin rəhbəri olduğu dönəmdə yuxarı qurumlarla hesablaşmırmış. Bu barədə bank sektorunda çalışan ekspertlər də danışır. Azərbaycan Mərkəzi Bankı (AMB) ilə hesablaşmayan Cahangir Hacıyev ölkədə bank sektorunun “patron”larından biri kimi tanınırdı.
İqtisadı ekspert Əkrəm Həsənov musavat.com-a deyib ki, Azərbaycan Mərkəzi Bankı digər bankların filiallarını bağlayanda, cərimələyəndə, lisenziyalarını geri alanda Beynəlxalq Bankda yoxlama apara, heç bir sanksiya tətbiq edə bilmirdi. Beynəlxalq Bankın filial rəhbərlərini belə illik attestasiyadan keçirə bilmirdilər.
C.Hacıyevin AMB rəhbəri Elman Rüstəmova qarşı saymazyana münasibətinin olması, onunla hesablaşmaması ilə bağlı fikirlər səsləndirilsə də həbsdə olan bankir məhkəmədə verdiyi ifadələrdə baş bankirlə bağlı müsbət fikirdə olduğunu qeyd edib.
İfadələrindən birində Azərbaycanda baş verən devalvasiyada maliyyə naziri Samir Şərifovu suçlayan C.Hacıyev Elman Rüstəmovu günahlandıranları qınamışdı. Həbsinin yeganə səbəbi kimi maliyyə nazirini göstərən Cahangir Hacıyev Samir Şərifovun da onun yanında əyləşdirilməsini istəyir.
Hacıyevin ölkənin maliyyə bazarında əsas fiqurlardan birinə çevrilməsində ləğv edilmiş MTN generalı Eldar Mahmudovla əlaqələri də əsas rol oynayıb. Uzun illər yaxın münasibətdə olan Hacıyev və Mahmudov bu əlaqələrini quda olmaqla daha da möhkəmləndirdilər. 2004-cü ildən MTN rəhbəri olan Eldar Mahmudovla dost olan Cahangirov 2012-ci ildə onunla quda oldu. Bu yaxın qohumluq əlaqəsi onun imkanlarını və bank sektorundakı nüfuzunu daha da möhkəmləndirdi.
Lakin hər iki şəxsin, Mahmudov və Hacıyevin ulduzu eyni vaxtda söndü. Eldar Mahmudovun gedişi ilə Cahangir Hacıyevin də dəmir barmaqlıqlar arxasındakı yolu göründü. İndi o, 7 nəfər yaxın adamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR