“Dərd”imizin bitməsinə cəmi iki ay qalıb?

ekspert OPEC üzvlərinin Əlcəzairdə hasilatın azaldılması ilə bağlı qəbul etdiyi qeyri-formal qərar neftin qiymətinə müsbət təsir edəcək, lakin kotirovkaların qəfil sıçrayışına səbəb olmayacaq. Fins.az xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir. Agentliyin analitikləri hesab edir ki, qəbul olunan qərar kartelə üzv olan ölkələrin koordinasiyalı şəkildə işləmək bacarığını nümayiş etdirir, lakin qərar ümumilikdə simvolik xarakter daşıyır: “Bizim gözləntilərimizə görə, gələn il bazarda tələb və təklif arasında balans yaranacaq. OPEC-in qərarı bazarda defisitin yaranması şanslarını artırır. Lakin mövcud ehtiyatların normallaşdırılması üçün azalma kifayət etməyə bilər”.

Qeyd edək ki, OPEC üzvləri Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının 32,5 – 33 mln. barrel səviyyəsinədək azaldılması ilə bağlı qərar qəbul edib (fins.az).

Ekspert, Neft Araşdırmaları Mərkəzinin prezidenti İlham Şaban Qafqaznews.az-a bildirdi ki, Əlcəzairdəki razılaşma şifahi xarakter daşıyır və bu barədə rəsmi qərar noyabrın 30-da Vyana konfransında verilməlidir. “Ekspertlər nəzərlərini bu konfransa yönəldiblər. Bəzi narazılıqlar var, lakin əsas gəliri neft satışından gələn ölkələr üçün bu razılaşma xüsusi əhəmiyyət daşıyır. İran öz kvotasını gündə 4,2 miylon arasında müəyyən etmək istəyirdi, lakin məlumata görə, bu rəqəmin 3,7 milyon barel həddində müəyyən olunacağı barədə razılıq əldə olunub. Hələ dəqiq açıqlamalar yoxdur. Əgər bu şifahi razılaşma rəsmiləşsə və kvotalarda yekun razılıq əldə olunsa, yeni ildən neftin qiyməti yüksələcək və bir barelin qiyməti 50 dolları keçəcək. Bu, bizim üçün də önəm daşıyır”, – deyə İ.Şaban qeyd edib.

Onun sözlərinə görə, iqtisadiyyatı əsasən neftdən asılı olan Körfəz ölkələri “acınacaqlı” vəziyyətdədir: “Azərbaycanın öz hasilatını artırıb-artırmaması bazara ciddi təsir etmir. Hazırda bizim üçün hər bir dolların əhəmiyyəti var. Lakin bazara o ölkələr təsir edə bilər ki, onlar bazarın böyük hissəsini neftlə təmin edirlər. Rusiya, İran, Səudiyyə Ərəbistanı və İraq öz hasilatlarını bir qədər azaltsalar, dünya bazarında qiymətlər stabilləşə bilər. Azərbaycanın neft gəlirlərinin artması OPEC-in qərarından asılı olacaq. Daha iki ay gözləməli olacağıq”.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR