“Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir

DSC06126 “Mətanət A”: “Bizdə depozit praktikası tətbiq olunmur”

Son zamanlar Qafqaz Xəbər Agentliyinə əmək hüquqlarını müdafiə etmək xahişi ilə müraciət edənlərin sayı artmaqdadır. Biz onlardan niyə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmədiklərini soruşduqda belə deyirlər: “Onların hamısı satılıb və sahiblərinin maraqlarını müdafiə edirlər”.

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Bakı sakini Fəxri İsmayılov müraciət edib. F.İsmayılovun sözlərinə görə, 2008-2011-ci illərdə “Mətanət A” şirkətində satış üzrə menecer işləyib. “Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi maaşdan əlavə, bizə satış menecerlərinə satılan malın məbləğindən 3 faiz düşürdü”, -deyə F.İsmayılov Kavkaznews.az saytına bildirdi.

Onun sözlərinə görə, şirkət rəhbərliyi işçilərin adına qeyri-rəsmi olaraq depozit açır. “Bu depozitə bizim maaşımızın 10 faizi keçirilir. Bu, kəsir ehtimalları üçün edilirdi. Depozitdə toplanılan pullar hər hansı kəsir və çatışmazlığı ödəməyə yönəldiləcəkdi”, – deyə F.İsmayılov qeyd etdi. O, 2011-ci ildə “Mətanət A” şirkətindən işdən çıxarıldığını bildirdi: “İşdən çıxan zaman heç bir çatışmazlığım, kəsirim yox idi. Depozitimdə 15 min manatdan çox pul yığılmışdı. Mən rəhbərlikdən bu pulu tələb etdim. Amma “Mətanət A” rəhbərliyi depozitdəki pulumu qaytarmaqdan imtina etdi. Mənə dedilər ki, kimə şikayət edirsənsə et, hər yerə əlimiz çatır”.

“Bəli, Fəxri İsmayılov həqiqətən də bizim şirkətdə işləyib”, – deyə “Mətanət A” şirkətinin satış şöbəsinin rəhbəri Fuad Qafarlı bildirdi. “Fəxri İsmayılov sizdə depozitə qoyulan pullarını qaytarmağı tələb edir”, – deyə qeyd etdik. “Depozit haqda heç nə bilmirəm. “Mətanət A” şirkəti heç kimə borclu deyil. Heç kimin puluna ehtiyacımız çoxdur. Fəxri İsmayılov özü şirkətə borclu qalıb”, – deyə Fuad Qafarlı Kavkaznews.az saytına bildirdi. “Deməli, Fəxri İsmayılov yalan deyir və depoziti qaytarılıb?”, – deyə F.Qafarlıdan soruşduq.

“Belə çıxır ki, düz demir. Biz heç vaxt heç kimə borclu qalmamışıq. Bizdə depozit praktikası tətbiq olunmur”, – deyə şöbə müdiri əlavə etdi. “Siz dediniz axı, düz demir və borcu qaytarılıb”, -deyə xatırlatdıq. “Mən dedim ki, şirkətimiz ona borclu deyil”, – deyə Fuad Qafarlı cavab verdi. Daha sonra biz “Mətanət A”nın insan resursları departamentinin rəhbəri Sevinc xanıma (təəssüf ki, soyadını bizə bildirmədi – red.) müraciət etdik.

“Fəxri İsmayılov şikayətində bildirir ki, “Mətanət A” şirkəti onun depozitindəki pulları mənimsəyib”, – deyə qeyd etdik. “Mən sizə şirkətimizdə depozit olub-olmadığı barədə məlumat verə bilmərəm. Xüsusilə də, telefonda sizə məlumat verməyim mümkün deyil. Bu məlumat konfidensial xarakter daşıyır”, – deyə departament rəhbəri qeyd etdi.

 Sözardı: Material çapa hazırlanarkən, bizim redaksiyamıza “Mətanət A”nın ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin müdiri Şahanə Sarı zəng etdi. O bildirdi ki, şirkətdə depozit praktikası yoxdur və əlavə etdi ki, Fəxri İsmayılovun şirkətə borcu var. “Fəxri İsmayılov 2011-ci ildə işdən çıxarılıb. Şirkət niyə borcu ondan almaq üçün tədbir görməyib?” – deyə soruşduq. “Şirkət lazımi tədbirlər görüb. Bu proses hələ də davam edir. Fəxri İsmayılov bizim şirkətə borclu qalıb”, – deyə Şahanə Sarı Cavab verdi. Fəxri İsmayılov isə bu sözləri belə şərh etdi: “Hətta ən xırda səhvlərə görə, şirkət rəhbərliyi hüquq mühafizə orqanlarına müraciət edirdi. Əgər mən onlara həqiqətən də borclu qalsaydım, onlar çoxdan polisə müraciət edərdilər”.

M.Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR