Sumqayıt şəhər İcra Hakimiyyəti zibilin daşınmasına pul xərcləmək istəmir?

12345 Bir qrup vətəndaş H.Z.Tağıyev qəsəbəsinin zibil poliqonuna çevrilməsinə diqqəti yönəltmək üçün aksiya keçirmək niyyətindədir. Aksiyanın təşəbbüsçülərindən biri bildirib ki, bir neçə aydır ki, zibilin yandırılması səbəbindən Sumqayıtda ekoloji vəziyyət pisləşib. Poliqondan atmosferə qatı tüstü və zəhərli qazlar daxil olur. Poliqon şəhərin girişində yerləşdiyindən zəhərli hava Sumqayıtı bürüyür. Xüsusilə yay aylarında vətəndaşlar üçün çətindir. Tullantılar Balaxanı zibilçeşidləmə zavoduna göndərilməlidir. Bundan ötrü vəsait lazımdır. Odur ki, tullantıları birbaşa şəhərdə yandırırlar. Vətəndaşlar problemlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Nazirlik Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsini cərimə edib. Ancaq vəziyyət dəyişməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sumqayıt şəhər administrasiyasından şərh almaq mümkün olmayıb (contact.az)

Tullantıların düzgün yandırılmaması zamanı havaya tüstü ilə orqanizmimiz üçün ən zəhərli maddələrdən biri olan dioksin daxil olur. Əlavə problem ondan ibarətdir ki, bir qayda olaraq quru ot və düşmüş yarpaqlarla birgə müxtəlif  tullantılar da yanır və bu atmosferin çirklənməsini əhəmiyyətli dərəcədə gücləndirir. Məsələn bir polietilen paketin yandırılması zamanı, havaya, əksəriyyəti insan üçün zəhərli olan 70-dək müxtəlif kimyəvi birləşmələr daxil olur. Məhz onlar boğazda qıcıqlanmaya, öskürəyə səbəb olur. Plastik tullantıların yanması zamanı əmələ gələn sıx qara tüstünün tərkibində politsiklik kanserogen karbohidrogenlər var. Daim tüstüylə qıcıqlanan tənəffüs yollarının selikli qişasının epiteli mikroblara qarşı durmaq gücündə deyil.

Xüsusilə bronxitdən, bronxial astmadan, rinitdən və ya tonzilitdən əziyyət çəkənlərin halı pisləşir.Çox vaxt quru bitki qalıqlarının yandırılmasına görə irimiqyaslı yanğınlar olur. Yanğının yayılma sürəti çox yüksəkdir, ona görə də belə yanğınları açıq ərazilərdə məhdudlaşdırmaq çox çətindir. Tonqalların tüstüsü dumanlı hava şəraitində smoq yarada bilər və uzun müddət havada qala bilər. Smog ağ ciyərə daxil olaraq, insanın sağlamlığının xeyli pisləşməsinə yol aça bilər(deita.ru). Kavkaznews.az Tağıyev adına qəsəbə ərazisində zibil yandırılması barədə məlumatların həqiqətə uyğunluğunu araşdırmaq qərarına gəlib. Cavab almaq üçün biz Tağıyev adına qəsəbənin bələdiyyəsinə müraciət etdik. Tağıyev adına qəsəbənin bələdiyyəsinin əməkdaşı Türkanın (Təəssüf ki, o bizə soyadını bildirmədi-red.) bildirdiyinə görə zibil yığımı özünüidarəetmə orqanlarının səlahiyyətinə daxil deyil.

“Bu problemlə icra hakimiyyəti orqanları məşğul olur”, – deyə Türkan bildirdi. “Bəs sizi narahat etmir ki, sizin ərazinizdə zibil yandırırlar?”,- jurnalistimiz soruşdu. “Sakinlər  bizə şikayətlə müraciət etməyiblər”, – o Kavkaznews.az-a bildirdi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının Tağıyev adına qəsəbədəki nümayəndəsinin müavini Ramil Quliyev zibil yandırılması barədə məlumatları təkzib edib. “Bu məlumat həqiqətə uyğun deyil. Tağıyev adına qəsəbədə zibil yandırılması üçün poliqon yoxdur. Biz diqqətlə izləyirik ki, sakinlər özləri də zibil yandırmasınlar”, – icra hakimiyyəti başçısının müavini Kavkaznews.az-a bildirib. İcra Hakimiyyətinin başçısının nümayəndəsinin müavininin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də, Tağıyev adına qəsəbə ərazisində zibil yandırılmamasına nəzarət edir.

“Əvvəllər həqiqətən də belə hallar baş verirdi. Amma indi Sumqayıt şəhər icra hakimiyyəti bizə qəsəbə ərazisində zibilin yandırılmasına yol verməməyi qəti şəkildə əmr edib”, – o Kavkaznews.az-a bildirib.

M. Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR