Azərbaycan regionda İŞİD-in “baza”sına çevrilərsə…

taqiyevBu çətin günlər də bizim üçün yeni fürsətdir – Ulu Öndərin qurduğu Yeni Azərbaycanı qoruyaq!

Azərbaycanda siyasi hakimiyyət dəyişərsə, dövlətçilik sütunlarında azacıq laxlama baş verərsə, əhalisinin çoxu müsəlman olan bu ölkədə növbəti bir İŞİD bazası yaratmaq xarici güclər üçün elə də çətin olmayacaq

Dövlət başçısının son çıxışı sosial şəbəkələrdə və ölkə mətbuatında qızğın müzakirələrə səbəb oldu. Cənab İlham Əliyevin konkret mesajlardan ibarət olan bu çıxışına münasibət birmənalı ola bilməzdi. Çünki bir əli hələ də Qərb təşkilatlarının cibində olan, altdan-altdan qrant almağa ümidlərini üzməyən bəzi qüvvələr pusquda durur, vaxtaşırı üzə çıxıb kiçik həmlələrlə “mən də varam” deyir, sonra yenidən öz “bunkerlərinə” çəkilirlər. Lakin Prezidentin son çıxışı “nöqtəvi zərbə” effekti daşıdı.

Qarşı cəbhənin mövqeləri darmadağın oldu. Prezident çıxışında qeyd etdi ki, alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər: “Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “Hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz”.

Bəli! Bu gün Qərbin “demokratiya ilə” (əslində silahla) soxulduğu ölkələrdə nələrin baş verdiyini dünya mətbuatından, elə Qərbin öz KİV-lərindən izləmək mümkündür. Əfqanıstan 15 ildir ayağa qalxa bilmir. NATO qüvvələrinin “məhv etdiyi” taliban hələ də gücünü qoruyub saxlayıb. BMT-nin hesabatlarında Əfqanıstan ərazisində narkotik trafikinin daha da artdığı qeyd olunur. Digər tərəfdən, İraq… Kövrək hökumət, ekstremist qruplaşmalar… və hardan, necə alındığı bilinməyən silahlar. İraqda yeni-yeni partiyalar yaransa da, onlar siyasilikdən çox, məzhəblərə və qəbililərə bölünən qruplara aiddirlər. Sünni partiyaları, şiə partiyaları… Azərbaycan oxucusu üçün qəribə gələ bilər, əlbəttə! Siyasət hara, sünnilik hara, şiəlik hara…

Azərbaycan xalqı hər zaman tolerantlığı ilə fərqlənib. Müxtəlif qüvvələrin təsiriylə Azərbaycan xalqını dünyaya “vəhşi” kimi tanıdan erməni şovinistləri öz məqsədlərinə çatmadılar… İndi isə Azərbaycan cəmiyyətində gah məzhəb qarşıdurmaları, gah gender ayrı-seçkiliyi, gah da “cinsi azlıqlara zorakı münasibət” ab-havası yaratmağa çalışırlar. Əlbəttə ki, hansısa fərdlər arasında, ayrı-ayrı ailələrdə hər hansı zorakılıq, xoşagəlməz hal olduqda dövlət və cəmiyyət öz münasibətini bildirir, o problemin həllinə çalışır. Lakin məsələnin mahiyyətinə baxdıqda, cəmiyyətdə gərginliyi yaradanların elə idxal ünsürlər olduğunu görmək elə də çətin olmaz. Bir sıra QHT-çilər var ki, onlar müxtəlif xarici təşkilatlardan “cinsi azlıqları müdafiə üçün”, “milli azlıqları müdafiə üçün” və “dini tolerantlığın təbliği üçün” qrantlar alırlar, eyni zamanda vaxtaşırı hesabat verirlər. Əgər onlar öz hesabatlarında real vəziyyəti yazsalar, qrantlarının həcmi də azalar….

Eləcə də, digər “profilli” QHT-lər barədə bunu demək olar. Məsələn, vətəndaşların böyük əksəriyyətlə hakimiyyəti dəstəkləməsini etiraf edən müxalifət liderinə hansı xarici qüvvə dəstək olacaq? Ona görə də, bəzi siyasi qüvvələr öz zəifliklərini etiraf etmək əvəzinə, mümkün qədər çox su bulandırmağa çalışırlar. Bəs Qərbdəki siyasi dairələr cənab İlham Əliyevin sosial bazasından xəbərsizdir? Əlbəttə ki, yox… Qərbə də elə “su bulandırmaq” lazımdır ki, Azərbaycan hakimiyyətini vaxtaşırı “şantaj”larla, təhdidlərlə öz dediklərinə razı sala bilsin. Azərbaycan hakimiyyəti isə oyuna getmir. Öz duruşunu saxlayır. Əlbəttə, biz Qərbə qapılarımızı bağlamırıq. İslahatlardan da imtina etmirik… Lakin qarşımızda ehtiyatlı islahatlar xətti yürüdən bir dövlət başçısı var. Cənab İlham Əliyev çox düzgün olaraq, davamlı tədbirlər görür.

Vətəndaşların sosial təminatının yaxşılaşması üçün, cəmiyyətdə kiçik sahibkarlıq və ailə bizneslərinin formalaşması üçün müxtəlif sərəncamlar imzalayır. Bir həftə ərzində “President.az” saytını izləmək kifayət edir… Dövlət başçısı tərəfindən az qala hər gün vətəndaşların rifahına, iqtisadiyyatın inkişafına, cəmiyyətdə tolerantlıq və asayişin möhkəmlənməsinə xidmət edən sərəncamlar və fərmanlar imzalanır. Dövlət başçısı heç kimdən onu və ya hökuməti tərfiləməyi tələb etmir. Əksinə, hər müşavirədə, hər görüşdə ictimaiyyətə səslənərək deyir ki, problemləri qabardın, ictimailəşdirin, biz də məlumat alıb vaxtında tədbir görək. Ayrı-ayrı məmurlar onlara göstərilən etimaddan sui-istifadə edirsə… Müxtəlif deputatlar öz mandatlarını qohumları və ailə biznesi uğrunda “fəda” edirsə… Bu başqa məsələdir. Lakin dövləti saxlamaq çətindir.

“Radikal demokratik islahatlar aparıram” deyərək, ölkəni müharibə ocağına çevirmək də ağlabatan deyil. Azərbaycanın Qarabağı qaytarmaq üçün ümidi var, gücü var, danışıqlar gedir… Amma Gürcüstan faktiki olaraq, Abxaziya və Cənubi Osetiyadan əlini üzdü… Daha doğrusu, əlini üzməyə məcbur oldu. Azərbaycanda siyasi hakimiyyət dəyişərsə, dövlətçilik sütunlarında azacıq laxlama baş verərsə, əhalisinin çoxu müsəlman olan bu ölkədə növbəti bir İŞİD bazası yaratmaq xarici güclər üçün elə də çətin olmayacaq.

Əgər biz Prezidentimizin ətrafında sıx birləşməsək, bu gün Youtube-da dəhşətlə izlədiyimiz başkəsmə-güllələnmə səhnələri bir gün ölkəmizdə də yaşana bilər. Allah bizi o günlərdən qorusun! Belə bir həssas regionda, müxtəlif maraqların qaynaşdığı bir ölkədə prezident olmaq, 13 il ölkəni ayaqda saxlamaq asandırmı? Əminəm ki, Azərbaycanı vətəndaş müharibəsindən, etnik və dini qarşıdurmadan qoruyan da ehtiyatlı islahatlar və balanslı siyasətdir. Çətin günlər başlayıb, Azərbaycan iqtisadiyyatı devalvasiyadan sonra “yaralı” vəziyyətə düşüb. Lakin “yaralı”nı ayağa qaldıran həyat eşqidir. Bu həyat eşqini milli birlik, vətəndaş həmrəyliyi təmin edəcək.

Hər şeyi dövlətdən “padnosda” gözləmək olmaz. Vətəndaşlar özləri də gələcəyə baxmalı, çalışmalı, yeni-yeni layihələr, təşəbbüslərlə önə çıxmalıdırlar. İnkişaf ehtiyacdan, çətinlikdən yaranır. Bu çətin günlər də bizim üçün yeni fürsətdir – Ulu Öndərin qurduğu Yeni Azərbaycanı qoruyaq!

“Qafqaz Xəbər Agentliyi” MMC-nin təsisçisi Mahmud Rasimoğlu Tağıyev

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR