Azərbaycanda zəhərlənməyə ən çox hansı dərmanlar səbəb olur? – ARAŞDIRMA

403166024Səhiyyə Nazirliyi bu halları əsasən intihar cəhdiylə əlaqələndirir…

Eyyub Hüseynov: “Belə çıxır ki, bu il dərman zəhərlənmələriylə bağlı ən az 800 cinayət işi açılmalı idi”

Yay mövsümündə ilan sancması ilə əlaqədar 82 nəfər, qara qurd sancması ilə əlaqədar isə 10 nəfər Klinik Tibbi Mərkəzə gətirilib. Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, avqust-sentyabr aylarında zəhərli göbələklərdən zəhərlənmə ilə bağlı 5 nəfər mərkəzə müraciət edib. A. Maqsudov qeyd edib ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib və onlardan 1605 nəfər qəbul olunub. Zəhərlənənlərdən 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib. Şöbə müdirinin sözlərinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə bu il azalıb. Belə ki, ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub (APA).

Dərman zəhərlənmələri barədə məlumat bizdə də bəzi suallar yaratdı. Görəsən, dərman zəhərlənmələri barədə müraciətlər sonradan Səhiyyə Nazirliyinin hər hansı qurumunda araşdırılırmı və bu zəhərlənmə hallarının səbəbi, hansı dərmanlar üzündən zəhərlənmə və ya əks-təsir hallarının baş verməsilə bağlı müəyyən statistika aparılırmı? Qafqaznews.az bu və digər suallara cavab almaq üçün, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilova müraciət etdi. “Səhiyyə Nazirliyinin analitik ekspertizasından keçən, müvafiq sertifikat alıb satışa çıxarılan dərman heç vaxt insan həyatı üçün təhlükə daşıya bilməz.

Orda dərman zəhərlənməsindən söz gedirsə… Müxtəlif xarakterli insanlar var. Bəziləri çoxlu dərman içir ki, həyatına son versin. Ya da, dərmandan düzgün istifadə etmirlər. Toksikoloji müəssisəyə o insanlar gətirilir”, – deyə nazirlik nümayəndəsi bildirdi.

“Siz dərmanların keyfiyyəti üzündən belə halların baş verməsini istisna edirsiniz?” – deyə dəqiqləşdirmək istədik. “Əksəriyyətdən gedir söhbət. Amma ətraflı məlumat almaq istəyirsinizsə, sabah Azər Maqsudovun nömrəsini verərəm, onunla danışırsınız”, – deyə C.Xəlilov bildirdi. “Səhiyyə Nazirliyində zəhərlənən şəxslərin hansı dərmanlardan istifadə edilməsi öyrənilib müəyyən siyahı və ya statistika tərtib olunurmu?” – deyə soruşduq.

“Səhiyyə müəssisəsinin vəzifəsi xəstəyə tibbi yardım göstərib onu həyata qaytarmaqdır”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı bildirdi. “Mən Səhiyyə Nazirliyinində bu məqamları hansı idarənin araşdırdığını soruşuram”, – deyə əməkdaşımız qeyd etdi. “Səhiyyə Nazirliyində dərmanlarla Analitik-Ekspertiza Mərkəzi məşğul olur”, – deyə C.Xəlilov cavab verdi. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Qafqaznews.az-a bildirdi ki, istənilən dərmandan zəhərlənmək mümkündür: “Artıq dozada və ya həkim təyinatı olmadan istifadə etdikdə zəhərlənmə halları istisna olunmur. Mən bu mövzuda geniş danışa bilmərəm. Amma qida zəhərlənmələri ilə bağlı sabah sizə bir sıra statistik məlumatlar verə bilərəm”.zeherlenme_2014071713

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, zəhərləmə halları ilə bağlı tibbi yardım göstərilən zaman, mütləq həkimlər tərəfindən qeydlər aparılmalı və dərmanlarla bağlı məlumatlar Səhiyyə Nazirliyinin müvafiq qurumlarında araşdırılmalıdır. “Əgər Səhiyyə Nazirliyinin nümayəndəsi əksər zəhərlənmə hallarının intiharla bağlı olduğunu deyirsə, o zaman, analoji olaraq, Toksiokologiya Şöbəsində qeydə alınan müraciətlərlə bağlı 800-dən çox cinayət işi açılmalıdır. İntihar həddinə çatdırma ilə bağlı cinayət işləri açılmalı idi. Əgər belə statistika varsa, o zaman Səhiyyə Nazirliyinə inanmaq olar. Əks təqdirdə, bu iddia əsassızdır. Digər tərəfdən, biz artıq bu hala öyrəşmişik – adətən, bir dövlət qurumu digər dövlət qurumunun “xətrinə dəymək” istəmir. Hələ bu qurumlar eyni nazirliyin daxilindədirsə, o zaman, “üç muşketyor” prinsipi işə düşür: “Birimiz hamımız üçün, hamımız birimiz üçün”. Yəni, biz birmənalı şəkildə qəbul etməliyik ki, Səhiyyə Nazirliyinin sertifikatı olan, satışa çıxarılan dərmanlarda heç bir problem ola bilməz. Halbuki, heç də belə deyil. Apteklərdə hələ də içliyi Azərbaycan dilində olmayan dərmanlara rast gəlinə bilər.

eyyub_huseynov_00Məsələn, bu yaxınlada istehlakçılar bizə “Nimesil” və “Leklolin” dərmanlarının yad dillərdə olan içliyini gətiriblər. Bu dərmanlar apteklərdə satılır, amma içlikləri Azərbaycan dilində deyil. Deməli, nəsə problem var. Bundan başqa, bəzi iranlı həkimlər və ya başqa vətəndaşlar özləri ilə dərmanlar gətirib ölkədə satırlar. İnternet üzərindən dərmanlar və əlavələr də 70 faiz halda müxtəlif xəstəliklər yaradırlar. Bunu Dünya İstehlakçılar Təşkilatı rəsmən açıqlayıb və bütün dünya dövlətlərini ehtiyatlı olmağa çağırıb”, – deyə E.Hüseynov bildirdi.

1134946 Ekspert istehlakçılardan “Panadol” adlı dərmanla bağlı da müraciət olduğunu, çox zaman qızdırmalı uşaqlara yazılan bu dərmanın toksoallergik vaskulitə gətirib çıxardığını qeyd etdi. “Adətən, savadsız həkimlərin də “at oynatması”na rast gəlirik. Məsələn, bizdə bir elan var. Müxtəlif yerlərdə divarlara yapışdırılır – Cabbar Qurbanov adlı şəxs 10-dan çox xəstəliyi sağaldır, hətta şəkillə də diaqnoz qoyur!

Səhiyyə Nazirliyi və ya digər qurumlar bu şəxsi tapa bilmirlərmi? Nömrəsi də var, ünvanı da. Amma heç bir tədbir görülmür. Dövlət tibb müəssisələrində həkimlərin əksəriyyəti firmalarla əməkdaşlıq edir, faiz almaq xatirinə bahalı və xəstəyə çox zaman uyğun gəlməyən dərmanları yazırlar. Azəbaycanda “Pasientlərin hüquqlarının qorunması haqqında” Qanun yoxdur, bir nəfər də olsun həkim həbsə atılmayıb… Nə qədər ki, belə laqeydlik var, zəhərlənmələr də olacaq, səhv dərmanların yazılmasına da davam ediləcək”, – deyə Azad İstehlakçılar Birliyinin sədri əlavə etdi.

 Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR