Mənim bankir adaşım

 bezy-myanny-j-copyVə yaxud Gənclər və İdman Nazirliyinin “qara siyahı”sındakı Rüfət Əhmədzadə ilə saytlardan yazı çıxartdıran Rüfət Əhmədzadənin fərqi

Üç il əvvəl “Unibank”da kreditim var idi. Daha doğrusu, dostum mənim adıma noutbuk almış, kredit də adıma açılmışdı. Cəmiyyətdə çox adam gileylənir ki, terminallarda keçirilən kreditlər çox vaxt sistemə gec oturdulur. Və üstünə beləcə əlavə faizlər də gəlir. Toy günüm idi, həyat yoldaşımla 2013-cü il aprelin 19-da bəy-gəlin masasında oturduğumuz zaman mənə “Unibank”dan zəng gəldi. Bank işçisinin uca səslə danışmasını qeyd etməyə ehtiyac yoxdur, sadəcə deyim ki, mən toyum olduğunu izah etdikdə sadəcə bir cavab aldım: “Səndə 250 manat borc qalıb, sabah apar keçir”.

Toyun səhəri günü getdim “Unibank”a. Son 2 ay ödənməmişdi (dostumla bu məsələni həll etdik). Amma 160 manatın yerinə 250 manat ödəməyə məcbur edildim – “çünki faiz gəlmişdi”. Bank işçisinin yanında terminalda ödədim və qayıtdım evə. Bir il sonra başqa bir bankdan kredit götürmək istəyəndə məlum oldu ki, mənim adım Mərkəzi Bankın Reyestrinə düşüb və “Unibank”a 475 manat da borcum var. Getdim problemlər şöbəsinə, ordan mənə dedilər ki, “bizlik deyil, Səməd Vurğun filialına get”. Orda vəsiqəmi uzadanda, kompüter arxasındakı bank işçisi adımı-soyadımı görən kimi, gözləri bərəldi. Belə bir dialoq oldu (həm də ona “Siz”lə xitab edən vətəndaşa “sən” xitabı ilə):

– Sən nə işləyirsən?

– Jurnalistəm.

– Müxalifətçisən?

– Yox, bu nə sualdır?

– Sənə görə zibilə düşmüşük ey, xəbərin var?

– Anlamadım, nə zibil?

– Bir təşkilat yaratmaq istəyirdik, gənc maliyyəçilərlə bağlı ictimai birlik. Gənclər və İdman Nazirliyi sənin adına görə bizə tövsiyə vermədi.

– Mənim adım niyə?

– Təsisçilərdən biri Rüfət Əhmədzadədir, başqa bankda işləyir. Ona görə nazirlikdə dedilər ki, bəzi siyasi mövqeyi var.

– Mənim axı nazirliklə münasibətim həmişə yaxşı olub, gənclər təşkilatları ilə işləmişəm…

– Bilmirəm, mənim başqa işim var, sən filan masaya yaxınlaş…

– Siz Allah, bağışlayın.. Lap xəcalət çəkdim, mənə görə sizə problem yaradıblar. Həqiqətən də xəcalət çəkmişdim! Mənim üzümdən, başqa bir Rüfət Əhmədzadə haqqında “mənfi fikir” yaranmışdı… Adını unutduğum həmin gənc məni başqasının üstünə göndərdi, o başqa adam da mənə ərizə yazdırdı ki, borcumu bağlasınlar. Amma cəmi bir ay sonra borcumu reyestrdə bağladılar. O dialoq mənim yaddaşımda iz qoydu. “Siyasi mövqe” nədir? Qeyd edim ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya hörmətim var və daim əməkdaşlıq etmişik. O xaricdə olanda belə elektron poçt vasitəsilə hal-əhval almışam… Kitab təqdimatıma gəlib… nəşr olunan kitabım və üstəgəl təqdimat mərasimiylə bağlı da, “mys.gov.az” saytında iki xəbər dərc olunub. Necə oldu axı, mən birdən-birə qara siyahıya düşdüm?

14522610_307575452949188_310217523_o

Əgər əvvəlki iş yerimdən çıxmışamsa, deməli, “müxalifətçi” olmuşam? Sonra məsələni öyrəndim. Ən çox təbliğ etdiyim və az qala yerinə müsahibə yazdığım “perspektivli gənclər”dən bəziləri mənim haqqımda nazirlik koridorlarında xoşagəlməz şeylər danışıblar. Hansısa korrupsioner məmurla bağlı bir-iki statusumu da “sübut” kimi göstəriblər. Halbuki, mən siyasi cəhətdən bitərəfəm, Azərbaycan dövlətçiliyini dəstəkləyirəm… Cənab Prezidentin də müstəqil mətbuata tapşırdığı kimi, cəmiyyətdəki mənfi halları qabardıram. Üstündən iki il də keçdi. Ötən gün evdə oturub Erix Mariya Remarkın dilimizə tərcümə olunmayan hekayələrini axtarırdım ki, boş vaxtlarımda tərcümə edim (artıq bir neçəsini tərcümə edib təmənnasız saytlara vermişəm).14537070_307575456282521_1013174310_o

Telefonuma zəng gəldi… Legion İnformasiya Agentliyinin direktoru Mikayıl Balayev idi. Soruşurdu ki, mən az əvvəl ona zəng etməmişəm? Dedim yox… və məsələni soruşdum. Məlum oldu ki, “Exspressbank”ın reklam şöbəsinin müdiri, Rüfət Əhmədzadə adlı şəxs ona zəng edərək, saytdan yazı çıxartdırmaq istəyib. Güldüm, dedim ki, mən heç belə şey edərəmmi? Həm də mən hara, bank sistemi hara… Saytlardan yazı çıxartdırmaq hara?

Elə bu söhbətdən sonra “Facebook” hesabımı açanda başqa həmkarlarımdan da mesajlar gəlməyə başladı. Hətta məni bankda şöbə müdiri təyin olunmağım münasibətiylə təbrik edənlər də oldu. Söz yox…

Azərbaycan ədəbiyyat tarixində Rüfət Əhmədzadə adlı bir satirik şair olub. Hətta onun oğlu mətbuata müsahibəsində mənə təxəllüs dəyişməyi də tövsiyə etmişdi. Amma jurnalist həmkarım ona xatırlatma versəydi, yaxşı olardı: Jurnalist Rüfət Seyidəhməd oğlu Əhmədzadə öz şeirlərini Rüfət Səid imzası ilə yazır. Kimsə kiməsə görə adını-soyadını dəyişməli deyil. Körpə uşaqlara belə ad qoyulanda, deyirlər ki, adına layiq böyüsün. Böyüklərə isə belə demək olar: Adına layiq qocalsın!

Rüfət Əhmədzadə

 Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR