Ürək yorulanda,gözdən yaş axar…

file-20160928-0345ly53qc23axpqÜrək yorulanda,gözdən yaş axar…

Ürəyim çox şeyə kövrələ bilər,amma mənim göz yaşlarım nadir hallarda axar. İtirdiyim mənimçün dəyərlidirsə, ağlamamağım imkansızdır. Möhkəm insanların ağlamağı ,qəlbinin yorğunluğu,ruhunun qanaması deməkdir.

Atam öləndən sonra ağlaya bilmirəm…Qəribədir gözümün önündə ən ağır faciyəyə ürəyim yanır,lakin gözüm yaşarmır daşa dönürəm.Deyirlər ürək yanmasa gözdən yaş çıxmaz…Amma mənim ürəyim yansada göz yaşlarım quruyur.Amma insanlardakı saxtalığı,xəyanəti görəndə dözə bilmirəm,göz yaşlarıma hakim kəsilə bilmirəm.. .Son günlər göz yaşlarıma hakim kəsilə bilmirəm…Ən yaxın dostumun sözü sanki, məni yenidən oyatdı,Dedi möhkəm insanların yalnız ürəyi yorulanda ,gözləri yaşarır…Sənin ürəyin yorulub, əzizim.Dərin sözdür çox düşündüm və anladım ki,insanın ürəyinin yorulması faciədir.Ürək ağriya bilər,sixila bilər amma yorğunluq …Düşündüm niyə də yorulmasın bu ürək,cəmiyyətdə saxtakarları,yalançı dostları,vəzifəsindən yapışıb qanımızı soran məmurları,sevgini dəyərdən salanları,anasını döyənləri,atasını qocalar evinə atanları,övladını küçədə azdıranları gördükcə yoruldu…

Səmimiyyətim istismar olunduqca ürəyim yoruldu.Düzünü deyim ki, səmimi olmağa artıq  qorxuram. Çünki səmimiyyətim mənə çox vaxt ziyan gətirir. İnsanlara tez bağlanıram. Sevdiyim adamların təsiri altına asanlıqla düşürəm. Allahdan hər zaman haqqımda xeyirli olanı mənə nəsib etməsini istəmişəm.Amma sonda qəlbim yorulub. insanları bağışladıqca, onların dəyəri düşdü gözümdən.Onlar get-gedə mənimcün yox oldular. Cüzi yalanlara yol vermək olar, amma köklü yalan danışmaq olmaz. Qarşımdakı yalan danışdığımı hiss etməsə də, mənə inansa da, mən vicdanım qarşısında əzab çəkdim. Ona görə də, çalışdım yalan danışmayım. Heç yalan danışmağı bacarmadım da. … Amma mövzu xəyanət olduqda, xəyanət bağışlanmazdır. Bağışlasan təkrarı da olacaq. Mən xəyanət etməyi özümə yaraşdırmadım. Bu zəiflikdir və mən zəif insan deyiləm.Bütün bunlara sinə gəldikcə,qəlbimi yordum…Cəmiyyətimizdə saxtakarlıq baş alıb gedir.Böyük şairimiz Məmməd Arazın bu gözəl misraları yadıma düşdü:

Qorx ki, sabah qəbirlər də çapıla, “İnciləşən” göz yaşları qapıla, Göz yaşları alverçisi tapıla, Ağlayırsan-sağlığımda ağla sən. Ölüm odur- başda oturt, baş olmur, Sağlıq odur- təriflərə aş olmur. Daşa da bük,daşı da bük- daş olmur, Ağlayırsan- sağlığımda ağla sən.

Göz yaşlı alverçilərini gördükçə yoruldum…Sağlığında boynu bükük qalıb,öləndə qiymətli olanları görüb yoruldum..Qəribədir yaxınlarda bir məmurun yaxının yas mərasimində oldum  vəzifəsi olanlara xüsusi qulluq gördüm,kasıb,kreslosuz olanlara çayda vermədilər,molla Quran oxumaqdansa məmura xoş gəlsin deyə, Nazpəri Dostəliyevanın repettuarından yanıqlı mahnı oxumağını görüb yoruldum,dostum. Səhvlər edə-edə doğruları öyrəndim. Amma  heç vaxt peşiman olmadım. Səhv edə bilərəm, lakin bu mənimçün dərs oldu. Heç vaxt böyük səhvlər etmədim.Amma yordum ürəyimi…Vətənimi sevdim,xalqımı sevdim ,haqq səsimi ucaltdım ,səsimi boğmaq istədilər güc gəldim ,qalib olmaq istədim sonda qəlbimi yordum…Sən kimin üçün agladığını de, mən sənin kim olduğunu deyim. İnsan kimin üçün aglayar? Göz yaşınız hədər oldumu?Göz yaşlarım məni məndən aldıqları üçün ,əsir düşən gəlinlərimiz,şəhid olan oğlanlarımız,zəbt olunan torpaqlarımız üçün qəlbim yoruldu və axdı…Dərd içində boğulanları,harınnamış məmurları,millətin puluna oliqarx olanları görüb,kiminin itinə villa tikdirdiyini, şəhid anasının uçuq daxmada yatdığını görüb, yoruldum.Bütün bunları görüb çox yoruldum çox. Yorulub ,yorulub yolun sonunda özümü itirməkdən çox qorxuram…Bax onda nəinki ürəyim yorular,dünya gözümdə yorğun görünər və ağlayar…

ŞƏFƏQ AĞACAN

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR