Məhəbbət Vəliyevanın “hörmət”ə məhəbbəti

koseMikayıl Cabbarovun islahatlarla dolu fiaskosu haqqında bir neçə söz

Artıq bir neçə gündür ölkə mətbuatında 116 saylı məktəbin direktoru Aidə Seyidovadan Təhsil Nazirliyinə şikayət edən valideyn Ramilə Məmmədovanın problemi müzakirə olunur. Məsələ ondadır ki, bu şikayət artıq ay yarımdır Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi tərəfindən “araşdırılır”… Amma bir nəticə yoxdur.

Biz müstəqil mətbuat nümayəndələri BŞTİ-dən məntiqli və tutarlı bir açıqlama gözlərkən… İdarənin müdiri Məhəbbət Vəliyeva mətbuata “analoqu olmayan” bir açıqlama verir. Bakı Şəhər Təhsil İdarəsinin müdiri M.Vəliyeva jurnalistlərə açıqlamasında məktəb direktorlarının valideynlərdən pul yığmasının “yolverilməz”dir-nədir, ondan olduğunu deyib… İdarə müdiri qeyd edib ki, BŞTİ direktorlara bununla bağlı tapşırıqlar verib: “Belə işlərin məktəb rəhbərliyi tərəfindən görülməsinə şübhə ilə yanaşıram, çünki onlar bu məsələnin nə qədər diqqət mərkəzində olduğunu yaxşı bilirlər. Amma qəbul edirəm ki, bəzi hallarda valideyn komitələrinin sədrləri hansısa tədbiri təşkil etmək üçün pul yığmaq təşəbbüsü göstərirlər. Bu da valideynlərdən gələn təşəbbüsdür. Lakin yenə də məsələyə məktəb rəhbərliyi nəzarət etməlidir. Hesab edirəm ki, narazılıqlar da bundan qaynaqlanır” (Trend).

İcazə verin, oxucularımız üçün sadə dildə “təfsir” edim… Məhəbbət Vəliyeva demək istəyir ki, bəs direktorlar pul yığmır, valideynlər özləri atışıb onlara “hörmət” edirlər. Bu onların öz təşəbbüsləridir. Hə, əziz oxucular! Sonra da başa düşməlisiniz ki, bütün şey-zadlara baxmayaraq, belə hallar yolverilməzdir. Xülasə… Ben buraya neden çıktım? Kim çıkardı lan beni buraya?! Belə çıxır ki, Ramilə Məmmədovanın uşaqlarını sıxışdıranlar da elə “Valideyn Komitəsi” deyilən qurumun rəhbərliyidir. Pah atonnan! Sən bir işə bax! Bu valideynlər necə birlik olublar, necə əl-ələ veriblər… Direktor belə onlarla bacarmır.

Deyirlər ki, biz yığışıb pul verməliyik, vəssəlam. İmanlı, gümanlı seyyidə olan məktəb direktoru isə onlara “otkaz” edə bilmir. Mən də seyid nəvəsiyəm. Kimsə çaşıb cibimə pul qoymağa çalışanda qulaqlarıma qədər qızarıram. Təsəvvür elədim Aidə xanımın düşdüyü vəziyyəti… Amma hörmətli nazir Mikayıl Cabbarovun düşdüyü vəziyyəti təsəvvür etmək nədir, heç kənardan seyr eləməyə belə ürəyim gəlmir. Bir gözümü dəhşətdən qıymışam, amma o biri gözüm “merak”ımdan açıq qalıb.

Sadəcə, bu tragikomediyanın sonu mənə maraqlıdır… Şübhəsiz ki, cənab nazir xaricdə təhsil alan, dünyəvi və demokratik ölkələrin mütərəqqi təhsil sistemləri haqqında məlumatlı şəxsdir. Hətta arabir islahatlar etməyə, tənəffüsləri qısaldıb ləhləmələri… üzr istəyirəm, dərsləri uzatmağa çalışır. Bir sözlə, bizim nazir islahatçı nazirdir! Da zdravstvuyet naş ministr! Long live, our minister! Ich liebe dich və s. Ola bilər ki, nəzəri biliklər sarıdan bizim təhsil nazirinə nəinki regionda, heç MDB-də belə çatan nazir olmasın… Di gəl, bu biliklər, təşəbbüslər və arzular özünü praktikada göstərmir. Ya da, göstərməyə gecikir. Bəlkə, ona görə ki, Mikayıl müəllim çox insaflı və mərhəmətli nazirdir… “hörmət”ə məhəbbəti olan müəllimlərin, direktorların və təhsil məmurlarının xətrinə dəyə bilmir.

Türkiyəli kardeşlerimiz demişkən, kıyamıyor. Elə buna görə də, təhsil sistemində islahatlarla dolu bir fiasko müşahidə edirik… Bu fiaskonu müşahidə edərkən, sabiq nazir Misir Mərdanovu da hörmətlə xatırlayan və ona uzun ömür, can sağlığı arzulayan insanlar da az deyil…

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR