Səhiyyədən narazı “xuliqan”lar

12803024_185361501837251_3263001451638137356_nSabah xəstəxanadan birbaşa həbsxanaya getmək riskindən heç birimiz sığortalanmamışıq

Bu günlərdə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyevdən “Qaynar Xətt”ə şikayətə görə “cəzalandırıldığı”nı iddia edən vətəndaşların müraciətlərini araşdırmış, bu mövzuda iki məqalə yazmışdım. Birinci məqaləm noyabrın 23-də Qafqaznews.az-da “Səhiyyə Nazirliyi və Astara RİH şəkər xəstələrini incitməyə haqq qazandırır?” başlığı ilə, ikinci məqaləm isə noyabrın 24-də eyni saytda “Səhiyyə Nazirliyi jurnalistlərə şərt qoyur?” başlığıyla dərc olunmuşdu.

Sözügedən yazılarda bildirilirdi ki, noyabrın 14-də II qrup əlil, 44 yaşlı şəkər xəstəsi Rəzail Orucov Astara RMX-nin aptekində Astaranın Məçidməhəllə kəndində yaşayan 70 yaşlı anası Töyfənisa Orucova üçün pulsuz verilməli olan şəkər dərmanlarını resept əsasında almaq istəyib. Amma R.Orucovun sözlərinə görə, aptek Sənubər Rəcəbova ona qarşı kobud ifadələr işlədib və deyib ki, anan gəlsin, dərmanı özü alsın… Bundan sonra mübahisə yaranıb, Rəzail Orucovun halı pisləşib, təcili yardım gəlib… Nəticədə isə Rəzail Orucovdan polisə şikayət olunub, üzünə “şahid”lər durğuzulub… və nəhayət, noyabrın 24-də Astara Rayon Məhkəməsi vətəndaşı “xuliqanlıq”da təqsirli bilərək, 50 manat cərimə edib.

Bu yazılara görə, əvvəllər şəxsimə qarşı hörmətsizlik görmədiyim, amma son açıqlamasıyla digər vətəndaşlara hörmətsizlik edən Səhiyyə Nazirliyi mətbuat xidmətinin nümayəndəsi Cavid Xəlilov məni “Facebook”da dostluqdan sildi, “gərək dərc edəndə özümdən soruşaydın” dedi… və yəqin ki, bir daha zənglərimə cavab verməyəcək.

Cavid Xəlilovun açıqlamasını bir daha dəyərli oxucularımıza təqdim edirəm: “Orda şəkər xəstələrinə dərman verilməsi ilə bağlı ciddi problem yoxdur. Keçən aylarda bir az çətinlik olmuşdu, amma bu aydan etibarən, hamıya çatdırılır. Yəqin, o adamlar istəyir ki, xəstəxayana girəndə hamı ayağa qalxsın. Mən Əlövsət Əliyevi yaxşı tanıyıram, 20 il ATU-nun dosenti olub. O, insanlara məmur kimi davranan adam deyil. Yüzlərlə adam növbəyə durur, hamı növbə ilə öz dərmanını almalıdır”.

Əla! Nə demək olar… Bu açıqlama ya dərc edildi, ya da dərc edilmədi – Nazirliyin münasibəti belədir. Bundan sonra hansısa vətəndaş özünə qarşı haqsızlıqdan, şər-böhtandan, kobudluqdan şikayət etsə… Eyni cavab alacaq! Bundan sonra, yerlərdəki həkimlər də rahatlıqla, xəstələrə qarşı istədikləri münasibəti sərgiləyə bilərlər. Çünki Səhiyyə Nazirliyi onları qoruyacaq… Amma bu işin fəlsəfəsinə varsaq… Bəli, xəstəxana işçiləri, həkimlər, tibb bacıları xəstələri görəndə ayağa qalxmalıdırlar. Söhbət həkimlərdən və xəstələrdən gedir, kriminal avtoritetlərdən yox!

Bəlkə, hansısa həkim, nazirlik nümayəndəsi özünü kriminal avtoritet hesab edir… Belə bir “bəyanat”ı hansı həkim dilinə gətirsə, qəti təəccüblənmərəm. Ola bilər ki, oxucularımıza 50 manat cərimə məsələsi “hafifden bir şey” kimi görünsün. Hətta bəziləriniz ironiya ilə deyəcək ki, “yaxşı qurtarıb”! Bəli,  o şəkər xəstəsi, II qrup əlil olan Astara sakini Rəzail Orucov bu dəfə “yaxşı qurtarıb”, amma biz bu cür rəzilliklərə mane olmasaq, sabah xəstəxanadan birbaşa həbsxanaya getmək riskindən heç birimiz sığortalanmamışıq.

Bilin ki, Rəzail Orucovun başına gələnlər bundan sonra hər birimizin başına gələ bilər. Çünki Səhiyyə Nazirliyi cəmiyyətdə analoqu olmayan “nümunə”lər yaradır. Oqtay Şirəliyevin bu “mütərəqqi” islahatlarını alqışlamaqdan başqa, deyəcək söz qalmadı… Alqışlar!

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR