“Azərişıq” ictimaiyyətə boş vədlər verir? – PROBLEM

1470748826_26-copyAstaradakı işıq problemi hələ də həllini tapmır, idarə rəisi Alim Qəmbərli isə sakinlərin və mətbuatın zənglərinə cavab vermir

Dekabrın 8-də Qafqaznews-da Astaranın Şiyəkəran kənd sakinlərinin işıq və qaz problem ilə bağlı şikayəti dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, sakinlər Şiyəkəran kəndində qaz və elektrik enerjisinin hər gün saatlarla kəsilməsindən, vətəndaşların sorğusuna konkret cavab verilməməsindən şikayətlənirlər.

“Astara sakinləri işıq və qaz yoxluğundan şikayətçidir: “Soyuqdan qırılırıq”” başlıqlı yazıda qeyd olunurdu ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev mütləq məsələni nəzarətdə saxlayacağına və tezliklə Şiyəkərandakı problemin aydınlaşdırılıb həll ediləcəyinə söz verdi. Astara İşıq İdarəsinin rəisi Alim Qəmbərli isə həmin kənddə ümumiyyətlə hər hansı şikayət olmadığını bildirdi.

“Siz bir gəlin, özünüz baxın. Burda nə problem ola bilər? Hər gün işıq fasiləsiz verilir. Əgər işıq verilməsi kəsilibsə, deməli, təmir gedir. Bu gün güclü külək olmuşdu, bəzi problemlər yaranmışdı. Onu da həll etdik. Başqa problem yoxdur. Son bir ayda bir saat belə işıq verilməsini dayandırmamışıq”.img2104936-300x225

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də bizim informasiyaya həssas yanaşaraq, dərhal digər dəstəyi qaldırdı və aiddiyyatı üzrə şəxslərə məlumat verdi. “Bölgələrdə əhalinin elektrik enerjisiylə təminatını tam həyata keçiririk.

Vətəndaşlar yerlərdə hər hansı laqeydlik gördükdə “Qaynar xətt”ə müraciət etsinlər”, – deyə Tanrıverdi Mustafayev Qafqaznews-a bildirdi. Dekabrın 9-da Qafqaznews əməkdaşı ilə əlaqə saxlayan Astara rayon Şiyəkəran kənd sakini Həbib Həbibov bildirdi ki, qaz verilməsində nisbətən “irəliləyiş” olsa da, yenə də təzyiq aşağıdır və elə də ciddi dəyişiklik hiss olunmur.

“Lakin işıqlar yenə də sönməyə başlayıb. Sizin yazıdan sonra, cəmi bir gün işıq qaydasında yandı. Bu gün səhər saatlarından bəri, dəfələrlə işıq söndürülüb. İdarə rəisi Alim Qəmbərli telefonlarımıza cavab vermir, idarədən isə deyirlər ki, guya kənddə təmir gedir. Araşdırırıq, heç bir təmir yoxdur. Sonra deyirlər ki, Şahağac kəndində qəza var, təmir gedir. Onu da araşdırırıq, orda da iş getmir. Az əvvəl toy var idi, onda da birdən işıq söndü. Hazırda kənd qaranlığa qərq olub. Hər gün 5-6 dəfə işığı söndürürlər, hər dəfəsində də ən az 2 saat işığa həsrət qalırıq. Əgər bir problem varsa, birdəfəlik həll etsinlər. Vətəndaşları bu qədər incitmək olarmı? Xahiş edirik, bu məsələni işıqlandırın, qoy “Azərişıq” rəhbərliyi yerlərdəki məmurların səhlənkarlığı barəsində tədbir görsün”, -deyə H.Həbibov qeyd edib.

Biz də Astara İşıq İdarəsinin rəisi Alim Qəmbərliyə zəng etdik, lakin A.Qəmbərli zənglərimizə cavab vermədi. Ümid edirik ki, “Azərişıq” ASC rəhbərliyi sözügedən problemi birbaşa nəzarətdə saxlayacaq və ictimaiyyət boş yerə ümidlənməyəcək.

 Rüfət Əhmədzadə

Qafqaznews

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR