Bir sıra ölkələrin dövlət başçıları Prezident İlham Əliyevi təbrik edirlər

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.

Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı arzulayıram”.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.

Hörmətli cənab Prezident, bir daha Sizə olan dərin ehtiramımı çatdırmaq istərdim”.

Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycanın hərtərəfli nailiyyətlərinə – cəmiyyətin rifahının yüksəlməsinə və iqtisadiyyatın dinamik inkişafına, dövlətçiliyinin və dünyada nüfuzunun möhkəmlənməsinə görə ürəkdən sevinirəm.

Bizim aramızda etimada əsaslanan, bu yaxınlarda Sizin gözəl ölkənizə səmərəli səfərimin gedişində daha da möhkəmlənmiş dostluq münasibətlərini yüksək qiymətləndirir və əziz tuturam. Əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə Belarus-Azərbaycan əməkdaşlığını keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün qarşılıqlı səylərimiz artıq yaxın gələcəkdə hiss olunan nəticələr verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə, doğmalarınıza və yaxınlarınıza səmimi qəlbdən yeni quruculuq uğurları, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.

Sizin yürütdüyünüz müdrik və dərindən düşünülmüş daxili və xarici siyasət sayəsində qardaş Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi inkişafın bütün sahələrində sanballı uğurlar qazanılır, xalqın rifahının yüksəldilməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş uğurlu dəyişikliklər və islahatlar dinamik şəkildə həyata keçirilir.

Özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sınağından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx bağlayır.

Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və etimad prinsiplərinə, ölkələrimizin və xalqlarımızın mənafeyi, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və möhkəm zəmin yaradır.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və hərtərəfli uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləmək istəyirəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR