Bizim mübarizəmiz

Bir ilin hesabatı

Bu günlərdə Qafqaz Xəbər Agentliyi ilə əməkdaşlığımın bir ili tamam oldu. Nağıl diliylə desək, yüyrək keçdi bu bir il vaxt.

Amma “heç bilmədim, necə keçdi” demək də olmaz. Keşməkeşli, həm əsəb, həm sevinc, həm uğur, həm pərişanlıqla dolu bir il oldu. İş olan yerdə əsəb də olur. Sən öz peşənə layiq olmaq, hansısa məsələni obyektiv araşdırmaq istəyirsən. Lakin bu “obyektivlik” ucuz başa gəlmir. Kimlərsə səni tərəfkeşlikdə, qərəzdə ittiham edir…

Xoşluqla müsahibə verənlər növbəti gün öz dediklərini danır… Bəzən, elə də olur ki, hansısa şikayətçi jurnalistdən asılı olmayan səbəblərə görə, hətta öz səhvlərinə görə problemini həll edə bilmir… Və zəng edir jurnalistə: “Qardaş noldu, bəs bizim problemi həll etmədin”. Yenə də, çalışırıq hər kəsə anlayışla, sayğıyla yanaşaq. Çünki bizim peşəmizin nüvəsində insanlarla ünsiyyət durur. Əlbəttə, biz sehrbaz yox, jurnalistlərik. Problemə tərəflərin yanaşması isə nisbi məsələdir. Jurnalistikanın qızıl qaydası nisbiliyə hörmət etməkdir. Biz o qızıl qayda ilə keçdik bu yolu…

Arılar min çiçəkdən şirə toplayan kimi, 10 il sərasər, hər addımımızı ölçüb-biçib qazandıq bu reputasiyanı. 10 illik jurnalistika həyatımın son bir ilində çox şey öyrəndim. Sosial problemlərin araşdırması zamanı, hörmətli şəxslərin adlarından istifadə edən çox adamla üz-üzə gəldim. Çox hədə-qorxular eşitdik. İzimizə idmançılar qoşan deputatlar, məmurlar da oldu…

Bizi “xoşluqla” susdura bilməyəndə məhkəməylə, hüquq mühafizə orqanlarıyla qorxudanlar da oldu. Məhkəmədə istədiyinə çatmayanda isə təhdidlərə əl atanlar da. Bəzən də, telefonda bircə suala cavab vermək əvəzinə qonaqlığa çağıran, kabinetində “çay içməyə” dəvət edən məmurlar oldu.

Hətta birinin bu sözləri yadımdan çıxmaz: “O gün də bir dəstə jurnalist gəlmişdi, istədiklərini verdim, getdilər”. Həmin adama dedim ki, sizə yazığım gəlir: “Siz hələ əsl jurnalist görməmisiniz. Sizin kimi adamın ayağına əsl jurnalist gəlməz”.

Uzun sözün qısası… Pərişanlıqlar əsasən maddi problemlər oldu. Lakin biz bundan güc tapdıq. Usanmadan, yorulmadan işlədik, agentliyin varlığını qoruduq. Kollektiv olaraq, əl-ələ verdik, bütün çətinliklərdən birlikdə keçdik. Xalqımızı sevdik, dövlətimizi dəstəklədik… Bizə şər yaxmağa, badalaq gəlməyə çalışanlara ağır cavab vermədik.

“Zaman ən böyük hakimdir” dedik, elə də oldu. Biz öz yolumuza davam edirik… Çünki özümüzü, yolumuzu yaxşı bilirik!

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətiylə, özünü azərbaycanlı sayan, bu Vətəni varlığıyla sevən hər kəsi sidq ürəkdən təbrik edirəm.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR