DİN polkovnikinin bacısıoğlu “Bandotdel”in qarşısında avtoxuliqanlıq edib? – NÜANSLAR(VİDEO,FOTO)

Keçmiş sevgilisiylə qalmaqal yaşayan Anar Qafarov barəsində yeni məlumatlar yayıldı

Bu günlərdə ölkə mətbuatında polis mayoru Anar Qafarovla keçmiş sevgilisi Aynurə Yusifova arasında yaşanan qalmaqal müzakirələrə səbəb oldu. Belə ki, yayılan məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Anar Qafarovun dayısı Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayevdir.

Xatırladaq ki, Aynurə Yusifova adlı vətəndaş mətbuata müraciətində Anar Qafarovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun həyatına müdaxilə etdiyini, hədə-qorxu gəldiyini deyib: “A.Yusifova bildirib ki, mayor A.Qafarovla təxminən 5 il qeyri-rəsmi münasibətdə olub və birlikdə yaşayıb.
“2014-cü ildə Anarla münasibətlərimiz soyudu və ayrılmaq istədim. O isə bunu qəbul etmədi və uşaqlarımı oğurlatdıracağını, məni öldürtdürəcəyini, üzümə kislota atıb yandıracağını dedi. Mən fikrimdə qərarlı idim, buna görə də ayrıldım. Bundan sonra Anar öz vəzifə səlahiyyətlərindən istifadə edərək şəhərin təhlükəsizlik kameraları vasitəsilə avtomobilimin yerini müəyyən edib mütəmadi olaraq məni izləməyə başladı.

Özünə məxsus “Range Rover” markalı dövlət nömrə nişanlı avtomobillə yolumu kəsir, hərəkətdə olarkən maneə törədir, həyatıma təhlükə yaradırdı. Anar Qafarov uşaqlarımı məktəbə aparan sürücünü də təqib etdirir, buna görə 10 yaşlı oğlum neçə vaxtdır qorxusundan məktəbə getmir.

Gecə saat 4-5 radələrinə evimizə zəng edərək bizi narahat edir, qorxudur. Bir neçə dəfə cibindən bıçaq çıxararaq bizi hədələyib. Saxta etibarnamə ilə bizim telefon nömrələrimizdən edilən zəngləri və mesajlaşmaları əldə edir. Onunla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırmalar aparılsa da, heç bir nəticəsi olmadı. Anar Qafarov kimlərinsə onu himayə etdiyini deyirdi”.
Polis mayoru Anar Qafarov məsələ ilə bağlı açıqlamasında A.Yusifovanın iddialarına münasibət bildirib. A.Qafarov adıçəkilən qadınla 5 il yox, 4 il birlikdə olduğunu təsdiqləsə də, iddiaları qəbul etməyib: “Onu tanımışam, münasibətim olub, çörək kəsmişik, ehtiyacı olanda yardım etmişəm. Mən adam yeyənəm? Mən ona heç bir halda hədə-qorxu gəlməmişəm. Bu saat ifadə verib çıxmışam. O özü məndən əl çəkmək istəmir. Binəqədi rayon sakini olduğu üçün 5-ci bölməyə şikayət edib.

Bir neçə dəfə də gecə saat 3-də mənim Nəsimi rayonunda yerləşən evimin qabağına gələrək mənə deyirdi ki, gecənin bu vaxtı haradan gəlirsən, qız yanına getmişdin? Hay-küy salırdı, sonra da 102-ə zəng edib şikayət edirdi. O işlə bağlı da ifadə verdim, dekabrın 1-də Nəsimi rayon prokurorluğu cinayət işinin başlanmasını rədd etdi. O, iyun ayında məndən şikayət edib, mən isə may ayında cəzalandırılmışam, bu isə öz işimdəki xətama görə olub. Bu məsələdən cənab nazirin də xəbəri var” (oxu.az).

LEGİON bu məsələ ilə bağlı araşdırma apararkən, dekabrın 21-də Anar Qafarovla bağlı bir sıra məlumatlar əldə etdi. Belə ki, LEGİON-a verilən məlumata görə, təxminən 14 il bundan əvvəl hələ Anar Qafarov Polis Akademiyasının kursantı olan vaxt dostlarıyla “avantürist” bir mərcə girir. Mənbələrin bildirdiyinə görə, A.Qafarov dostlarıyla mərcləşərək, el arasında “Bandotdel” kimi tanınan DİN Baş MCMİ-nin qarşısında “avtoş”luq edəcəyini deyib.

“Mərcin nəticəsi olaraq, Anar Qafarov DİN Baş MCMİ-nin qarşısına gələrək, öz avtomobiliylə ziq-zaq manevrlər edərək “ruçnoy” çəkib. O, hadisə yerindən uzaqlaşmağa cəhd etsə də, DİN Baş MCMİ əməkdaşları çevik əməliyyatla onu saxlayıb və idarənin zirzəmisinə atıblar. Ancaq sonradan necə olubsa, Anar Qafarov “sudan quru çıxıb” və Polis Akademiyasında öz təhsilini davam etdirərək, polis mayoru rütbəsinə qədər yüksəlməyə nail olub”, – deyə məlumatda qeyd olunur.
Anar Qafarovun mobil nömrəsi bizdə olmadığından, özüylə əlaqə saxlamaq üçün Xəzər RPİ-yə zəng etdik. Lakin bizim bütün cəhdlərimiz nəticəsiz qaldı. Tezliklə, A.Qafarovun da məsələ ilə bağlı münasibətini dərc etmək istərdik.

Tamerlan Zeynallı
LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR