Diplomsatan jurnalistlər

Harasa qonaq gedərkən, servantda bol-bol sertifikatlar, diplomlar görürəmsə, bir daha o evə ayaq basmamağa çalışıram. Tanışlardan kimsə inciməsin, çünki o nümayişkəranəlik istər-istəməz insanda bütün həvəsi, enerjini öldürür. Məni yaxşı tanıyan dostlar deyə bilər ki, axı sənin də müxtəlif müsabiqələrdən mükafatların, plaketlərin, hələ üstəlik iki ali məktəb diplomun vardı…

Mən onları yataq otağımda saxlayıram. Evimə gələn qonaqlara nümayiş üçün göz önünə sərmirəm. Çünki belə şeylərlə öyünmək, qürrələnmək mənə gülməli gəlir. Hər insan müxtəlif cürdür. Sertifikat və diplom məsələsi azərbaycanlıların həssas yeridir. Az qala hər 3 azərbaycanlıdan biri çalışır ki, hansısa yolla nəyəsə aid bir mükafat əldə etsin. Dəyərli mükafat olmasa da olar, 5 manatlıq kağız sertifikat belə bəs edər. Yetər ki, təntənəli sözlər yazılsın. Müxtəlif QHT-lər, kurslar, qəzetlər, jurnallar bu arzuları çin etməkdə gecikmirlər. Bu gün bir çox kurslar marketin kursuna qatılmayan şəxslərə 100 manata “marketinq meneceri” sertifikatı verməyə hazırdır.

Adi bir supermarket sahibi hansısa QHT rəhbəri və ya qəzet redaktoruna 500 manat, 1000 manat və ya daha çox verməklə, “sanballı” bir mükafat ala bilər. Bir neçə il əvvəl bir dostum həftəlik qəzet çıxarmaq istəyirdi, mənə dedi ki, sponsorla görüş var, birlikdə gedək, mənə dəstək olarsan. Getdik… Gördüm ki, bir “moyka” sahibidir. Kabinetində saysız-hesabsız diplomlar, mükafatlar var. Özündən də çox bəhəbəhlə danışırdı. Tez-tez deyirdi ki, “mən Heydər Əliyev mükafatı almış adamam” (O adamla dostumun işi tutmadı… Səbəbini bilmirəm).

Şkafda uzun adı olan, amma ilk dəfə “eşitdiyim” bir qəzet tərəfindən verilmiş bəzəkli diplom vardı. Heydər Əliyevin adından istifadə edən bu şəxslər əlamətdar günlərdə imkanlı adamlara diplom satır, güzəranlarını sürürlər. Halbuki, Heydər Əliyev Mükafatı ölkənin ən ali mükafatlarından biridir və bu mükafatı Prezident şəxsən verir. Ona görə də, düşünürəm ki, xüsusi komissiya yaradılmalı və ölkədə tarixi şəxsiyyətlərin adına təsis olunan bütün mükafatlar, müsabiqələr bu komissiyadan icazə ilə keçirilməlidir. Çünki ölkədə diplomların satışı ilə ürəkbulandıran bir mənzərə yaranmaqdadır…

Bu yaxınlarda Qafqaz Xəbər Agentliyində Lənkəran rayonu Göyşaban kənd sakini Rəsmiyyə Rüstəmovanın şikayəti dərc olunmuşdu. R.Rüstəmovanın dediyinə görə, özünü “Presedent” qəzeti və “Xəbərfakt İnformasiya Agentliyi”nin nümayəndələri kimi təqdim edən Fariz Faziloğlu, İpək Kəlbəcərli kimi şəxslər ondan 2 min manat alaraq, əvəzində “Şəfa ocağı” adlı diplom veriblər, sonra isə gəlinini yoldan çıxaraq, külli miqdarda qızıl və brilliantı oğurlayıb onlarla qaçmağa təlqin ediblər. Qeyd edim ki, adıkeçən jurnalistlər 2016-ci ilin avqustunda saxlanılıblar, lakin istintaq gedişi müddətində sərbəst buraxılıblar.

Onlardan müxtəlif rayonlarda yaşayan 42 şəxs şikayət edib. Adıkeçən jurnalistlər bizimlə söhbətində bu məlumatı təkzib etdilər… Lakin bizim suallarımız qarşısında dözümlülük göstərə bilməyib, polislə təhdid etməkdən də çəkinmədilər. Mən sorğulamıram, bu jurnalistlər niyə azadlıqdadır və ya istintaq hansı qərara gələcək… Amma həqiqətən də, bir yolunu tapmaq lazımdır. Yoxsa, jurnalistikamız Həsən bəy Zərdabi dövründən də qədimə, geriyə gedəcək.

Şərəfli həmkarlarımın, sadiq oxucularımın yeni ili uğurla gəlsin!..

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR