Eyfel qülləsinin sirləri – FOTO

1889-cu ildə Ümumdünya sərgisi üçün müvəqqəti tikili kimi nəzərdə tutulan Eyfel qülləsi tezliklə Fransanın əsas rəmzinə çevrilib. İldə təqribən 7 milyon adam Parisin (vaxtilə planetimizin) ən hündür tikilisinə tamaşa etməyə gəlir. Eyfel qülləsi ən çox seyrçi qəbul edən pullu monumentdir. Mövcud olduğu müddət ərzində burada dünyanın hər yerindən təqribən 250 milyon adam olub.

Qafqaznews.az xəbər verir ki, AZƏRTAC-ın Parisə yollanan əməkdaşı qüllə barəsində çoxlu maraqlı faktlar öyrənib.

Birinci mərtəbə: şəffaf döşəmə və dolama pilləkən

Hazırda qonaqlar qüllənin üç səviyyəsinə çıxa bilərlər: yuxarı çıxdıqca, görünüş də genişlənir. Birinci mərtəbəyə həm pilləkənlə, həm də liftlə (cəmi beş lift var) qalxmaq olar. Press-attaşe Helen Hayqın sözlərinə görə, hələ Qüstav Eyfel tərəfindən layihələndirilən bu liftlərdən bəziləri tikilinin yaşıdıdır. Əlbəttə, liftlər bərpa edilib və kompyuterləşdirilib, amma onların indiyədək işləməsi faktının özü heyrət və heyranlıq hissi doğurur. Bu liftlərin unikallığı bundadır ki, onların kabinəsi qüllənin dirəkləri boyunca dəyişən əyrilik radiusu ilə əyrixətli trayektoriya üzrə hərəkət edir.

Ümumiyyətlə, Q.Eyfelin XIX əsrin sonunda ucaltdığı qüllə Fransanın texniki tərəqqisini bütün dünyaya nümayiş etdirmək məqsədi daşıyırdı. Eyfelin layihəsi Ümumdünya sərgisini qəbul etməyə hazırlaşan şəhər administrasiyasına təqdim edilən 107 layihə içindən seçilib. Rekord müddətdə – 2 il, 2 ay və 5 gün ərzində ucaldılan, hündürlüyü 300.65 metr, çəkisi 10 100 ton olan polad monument öz dövrü üçün inqilabi tikili idi. Buna baxmayaraq, tikinti başa çatandan 20 il sonra onu sökmək istəyiblər. Bəlkə Q.Eyfelin təşviq etdiyi elmi eksperimentlər, məsələn, ilk radioyayım təcrübələri olmasaydı, belə də edərdilər. Beləliklə, qüllədən səmərəli istifadə yolu tapılıb: 1898-ci ildə qülləyə radiovericilər bərkidilib; 1903-cü ildə qüllədən hərbi radiopost kimi istifadə edilib; 1925-ci ildə qüllədən ictimai radionun birinci proqramı yayımlanıb, sonralar isə teleqülləyə çevrilib. Hazırda qüllədə 120 antena quraşdırılıb. Yeri gəlmişkən, təpəsinə quraşdırılan yeni antena sayəsində qüllənin hündürlüyü artaraq 324 metrə çatıb.

Qüllənin 57 metr yüksəkdə yerləşən birinci səviyyəsinə daxil olanda sanki boşluğa düşürsən. Belə bir effekt yeni şəffaf döşəmə və arakəsmələr sayəsində yaranır. Onlardan baxanda aşağıda yoldan ötənləri və qüllənin altındakı asfaltda qraffitini (küçə rəsmləri) görmək olar. Yuxarı qalxdıqca daralan qüllənin ən geniş baxış meydançası birinci səviyyədə yerləşir. Hazırda burada Eyfel qülləsinin tikintisi ilə bağlı çoxlu maraqlı faktlardan söz açan yenilənmiş ekspozisiya – informativ displeylər, rəqəmsal albomlar, reproduksiyalar və s. yerləşir. Qülləyə gələnlər ətrafa gözəl mənzərə açılan “58 Tour Eiffel” restoranında dincələ, butiklərdən suvenirlər ala bilərlər. “Gustave Eiffel Room” adlı yeni məkan təqdimatlar üçün nəzərdə tutulub. Birinci mərtəbə o qədər genişdir ki, yayda kiçik bağa çevrilir, qışda isə burada buz meydançası açılır. Bu mövsümdə – 2017-ci ilin mayında Parisdə keçiriləcək xokkey üzrə dünya çempionatı ərəfəsində buz meydançasında nəinki sürüşmək, həm də xokkey oynamaq olar.

Diqqətimizi dolama pilləkənin sanki təsadüfən bura qoyulmuş fraqmenti cəlb etdi. Bələdçimiz bizə izah etdi ki, əvvəlcə bu pilləkən ikinci mərtəbəni qüllənin ən yuxarı qatı ilə birləşdirib. Orada Q.Eyfelin ofisi yerləşib. Amma gərəksiz olduğuna görə pilləkən 1983-cü ildə sökülərək, hissə-hissə hərracda yaxşı qiymətə satılıb. Pilləkənin hündürlüyü 4,30 metr olan parçası tarixi eksponat kimi birinci mərtəbəyə qoyulub.

İkinci mərtəbə: gözəl mənzərə, orijinal rəng və “brilyant kimi bərq vuran” işıqlandırma

Qüllənin ikinci mərtəbəsinə də lift və pilləkənlə qalxmaq olar. İkinci mərtəbəyə çatmaq üçün 704 pillə çıxmaq lazımdır. Qüllə pilləkəninin isə cəmi 1792 pilləsi var.

İkinci mərtəbəyə qalxan turistləri suvenir mağazası, bufet və “Jül Vern” restoranı qarşılayır. Tanınmış yazıçının bu restoranın daimi müştərisi olub-olmadığını deyə bilmərik, amma məşhurluğuna görə ondan heç də geri qalmayan həmkarı Gi de Mopassan buranın daimi müştərisi olub. Maraqlıdır ki, o dövrün yaradıcı ziyalılarının bir çoxu kimi, Gi de Mopassan da yeni qülləni bəyənməyib. Hesab edib ki, o, ə paytaxt arxitekturasının ümumi görünüşünü pozur. Ondan adıçəkilən restorana nə üçün tez-tez getdiyini soruşanda düşünmədən cavab verib: “Bura Parisdə yeganə yerdir ki, oradan Eyfel qülləsi görünmür!”.

Qüllənin 115 metr yüksəklikdə yerləşən ikinci səviyyəsinin əsas üstünlüyü isə şübhəsiz ki, Parisə açılan mənzərədir. Fransa paytaxtının əsas görməli yerləri – Zəfər tağı, Luvr muzeyi, Notr-Dam kilsəsi, Qarnye Operası, Yelisey xiyabanı, Monparnas qülləsi və bir çox digər dəyərli turizm obyektləri buradan rahat görünür. Çoxsaylı göydələnlərinə görə Parisin Manhetteni adlandırılan müasir “La Defense” (Lya Defans) rayonu da ovuc içi kimi görünür.

Daha yaxından görmək üçün cüzi haqq müqabilində qonaqlara bir neçə teleskop təklif edilir. Bu mərtəbədən çəkilən şəkillər çox effektli alınır. Məsələ bundadır ki, qonaqların təhlükəsizliyini qorumaq məqsədi ilə birinci və üçüncü səviyyələrdə baxış meydançaları məhəccərlərlə dövrələnib. Şəkil çəkən zaman onların kadra düşməməsi üçün əziyyət çəkirsən. Yalnız ikinci mərtəbədəki xüsusi eyvanda mənzərəni heç bir maneə pozmur.

Məhəccərlərdən söz düşmüşkən, qeyd edək ki, onların bəzi fraqmentlərinin axıradək boyanmaması sayəsində qüllənin rənginin müxtəlif illərdə necə dəyişdiyini izləmək olar. Məsələ bundadır ki, abidə 1980-ci ildən etibarən müntəzəm olaraq təmir və bərpa edilir. Hər yeddi ildən bir qülləni patentlənmiş xüsusi rənglə boyayırlar. Tunc rənginin çalarını xatırladan bu rəng elə belə də adlanır: “Eyfel qülləsi rəngi”. Onu 20 il əvvəl təsdiq ediblər. Daha əvvəl qüllə qırmızımtıl-qəhvəyidən tutmuş oxrayadək müxtəlif rənglərə boyanıb? Mövcud olduğu müddət ərzində isə təqribən 20 dəfə rənglənib. Bu, qüllənin konstruksiyasını korroziyadan qorumaq üçün vacib prosedurdur. Rəngləmə prosesinə təqribən 25 rəngsaz cəlb edilir və qülləyə təqribən 60 ton rəng çəkilir.

Axşam saatlarında qüllə qızılı rənglə işıqlandırılır. 2000-ci ildə milleniumun bayram edilməsi şərəfinə Eyfel qülləsi ilk dəfə “brilyant işıqlar” deyilən işıqlandırma sistemi ilə heyrətamiz şəkildə bərq vurmağa başlayıb. 2003-cü ildən etibarən qaranlıq düşəndən saat 01:00-dək hər saatın ilk beş dəqiqəsində 20 min lampanın işığı sayrışır. Maraqlıdır ki, lap bu yaxınlara qədər qülləyə taxılan 300 lampa hazırda Eyfel qülləsinin rəsmi saytında satışa çıxarılıb. 450 avro ödəyən hər kəs Eyfel qülləsindən orijinal lampanın sahibi ola bilər. Lampa onun həqiqiliyini təsdiq edən sertifikatla birlikdə planetimizin istilən nöqtəsinə pulsuz çatdırılır. Doğrudur, o, birbaşa təyinatı üzrə – yəni işıq mənbəyi kimi istifadə üçün deyil, yalnız xatirə suveniri kimi nəzərdə tutulub.

Üçüncü mərtəbə: Eyfelin ofisi, qüllədə fil və günəş panelləri

Qüllənin 274 metr yüksəklikdə yerləşən ən yuxarı baxış meydançasına yalnız ikinci mərtəbədən start götürən liftlə qalxmaq olar. Lift şəffafdır və onun hərəkət etdiyi yerdən ətrafa gözəl mənzərə açılır. Amma qonaqları ən inanılmaz mənzərə üst qatda gözləyir. Burada iki meydança yerləşir: qapalı (əlverişsiz havada aktualdır) və açıq (buradan maraqlı şəkillər alınır).

Qüstav Eyfelin ofisi burada yerləşib. Ofisin əvvəlki görkəmi bərpa edilib. Ofisdə Q.Eyfelin, onun qızı Klerin və tanınmış ixtiraçı Tomas Edisonun mum heykəlləri qoyulub. T.Edisonun Q.Eyfelə hədiyyə etdiyi qrammofon da buradadır.

Üst meydançanın müxtəlif yerlərində asılmış böyük xəritələr hündürlüyünə görə rekord vuran tikililəri – qüllə və göydələnləri olan iri şəhərlərin istiqamətləri və onlara qədər məsafə barədə təsəvvür yaradır. Müqayisənin rahatlığı üçün Eyfel qülləsinin və onun “rəqiblərinin” hündürlüyü vizual göstərilib.

Eyfel qülləsi ilə çox hadisə bağlıdır: onun pilləkənlərindən motosikletlə eniblər, təyyarə ilə altından keçiblər, təpəsindən paraşütlə tullanıblar, banca-campinq deyilən tullanma tryuku ediblər. Hətta bir dəfə Hindistanın baş naziri öz ölkəsinin ilinin bayram edilməsi münasibətilə Fransanın o vaxtkı birinci xanımı madam Mitterana canlı fil də bağışlayıb və bu hadisə də qüllədə baş verib! Bu qüllə daha nə qədər maraqlı hadisənin şahidi olub? Özü də bu hadisələrin bəziləri qabaqcadan planlaşdırılmayıb.

Eyfel qülləsi intihara meylli insanları cəlb edir. Sonuncu intihar hadisəsi 2012-ci ildə qeydə alınıb.

Bu yaxınlarda başa çatan yenidənqurma işlərindən sonra qüllədə təhlükəsizlik tədbirləri gücləndirilib, habelə ekoloji texnologiyalardan istifadə edilib. Bundan əlavə, günəş panelləri, istilik nasosları, elektrik enerjisinə qənaət edən işıq-diod işıqlandırma, habelə yağış suyunun toplanması və təkrar istifadəsi sistemləri quraşdırılıb.

Eyfel qülləsi Qüstav Eyfelin yeganə əsəri deyildir. O, Nyu-Yorkda ucalan Azadlıq heykəlinin dəmir karkasının tikintisində iştirak edib, Nittsa rəsədxanasında çəkisinin 100 ton təşkil etməsinə baxmayaraq, bir nəfər tərəfindən hərəkətə gətirilən fırlanan günbəz ideyasını həyata keçirib, Budapeştdə dəmir yolu xətti və dünyanın müxtəlif ölkələrində çoxsaylı körpülər inşa edib. Amma gələcək nəsillər onu XIX əsrin ən yaxşı texniki tikililəri arasında fəxri yer tutan gözəllər gözəli Eyfel qülləsi sayəsində xatırlayacaqlar.

A.S.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR