Mənzillərimizi oğrulardan necə qoruyaq?

img2269536Ölkədə iqtisadi durum çətinləşdikcə, evlərin yağmalanması halları artır

Öncə statistikaya nəzər salaq: Daxili İşlər Nazirliyi(DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2016-cı ilin 1-ci yarımilliyinə uyğun açıqlamasına görə, cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlilinə görə, hesabat dövründə mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 1140, dələduzluq cinayətləri 710, soyğunçuluq 24, quldurluqla bağlı cinayətlər 12 fakt artıb.
Ölkədə iqtisadi durum ağırlaşdıqca oğruların da sayı artmaqdadır. Ekspertlər hesab edirlər ki, işsizlərin sayı artdıqca, cinayətlər də çoxalır. Bunun üçün insanlar tədbirlərini artırmalıdırlar…
Bəs evlərimizi oğrulardan necə qoruyaq? Bunun üçün hansı tədbirləri görmək lazımdır?
Qərb araşdırmalarına görə, dünyada əsasən oğrular yay aylarında aktivləşirlər.
Bunun da səbəbi odur ki, bu aylarda insanlar tətilə çıxıb, mənzillərini müəyyən bir zaman kəsiyində tərk edirlər. Həmin zaman isə oğrulara fəaliyyətə keçmələri üçün əlverişli məqama çevrilir.
Azərbaycanda da statistikalara nəzər saldıqda, oğurluq hallarının daha çox yay aylarında olduğunu görmək olar. Lakin biz ilin istənilən zamanında oğrulardan hansı yöntəmlərlə qorunmaq yollarını qeyd edəcəyik.
Araşdırmalarda qeyd olunur ki, ilk olaraq evi tərk etdiyiniz zaman kənardan öz mənzilinizə baxmalısınız. Diqqət etmək lazımdır ki, pəncərədən hər hansı bir elektron əşya, bahalı bəzək-düzəklər görünməsin.  Lakin bütün pərdələri də qapatmaq olmaz. Bunun özü də evdə heç kimin olmadığına bir işarədir. Bu ən sadə və ilkin tədbirlərdir. Həmçinin evdən çıxan zaman mənzildəki hər otağın qapısını tək-tək kilidləmək lazımdır. Araşdırmalar göstərir ki, oğruların 80 faizi mənzilə girdikləri zaman öncə yataq otağını axtarırlar. Ona görə də dəyərli əşyaları bu otaqda gizlətmək məsləhət görülmür.
Bildirilir ki, oğrular binanın bir blokuna daxil olub, bütün mənzillərə reklam bukleti qoyurlar. Hansısa qapıda bir neçə gün buklet götürülməmiş qalsa, bu, onlara işarə verir ki, evdə kimsə yoxdur. Nəticə isə bəlli olur.


Evin işıqlandırılması 

Müasir dövrdə evin işıqlandırılması üçün xüsusi qurğular var. Belə ki, quraşdırılmış xüsusi cihaz, hava işıqlandığı zaman mənzildəki lampanı söndürür, qaranlıq düşən zaman isə yandırır. Bu isə evdə kiminsə olduğu təəssüratını yaradır. Məsləhət görülür ki, evdə olmadığınız zaman bu qurğudan mütləq istifadə edin. Bəzi siqnalizasiya sistemi var ki, onlara həm də xüsusi mesaj qoymaq olur. Belə ki, zəng basıldığı zaman avtomatik olaraq, qurğudan mənzil sahibinin evdə olmadığı bildirilir. Ekspertlər məsləhət bilirlər ki, bu funksiyadan  istifadə etmək doğru deyil. Çünki bunun özü oğrulara bir işarədir.
Image result for oğru
Araşdırmalara görə, evə girən nabələd oğru, çox zaman itirməyə risk etmir. Çalışır ki, qısa vaxt ərzində bəzi dəyərli əşyaları götürüb, mənzili tərk etsin. Ona görə də bir daha qeyd edirik ki, qapı və pəncərələrin möhkəm bağlanmasına önəm vermək lazımdır.
Araşdırmalara görə, oğrular əsasən internetdə özlərini müxtəlif sahə üzrə usta kimi təqdim edirlər. Daha doğrusu, onlar öz elanlarını müxtəlif xidmət saytlarında yerləşdirirlər. Ona görə də evə usta çağıran zaman da bunu internet üzərindən etmək məsləhət görülmür. Xüsusilə də qapı ustaları çağıran zaman diqqətli olmaq lazımdır. Bundan əlavə, səyyar satıcılar, dilənçiləri də indiki zamanda mənzilə buraxmaq məsləhət bilinmir.

Dərhal polisə xəbər verilməlidir…

Aldığınız bütün qabaqlayıcı tədbirlər oğrular tərəfindən dəf edilibsə, o zaman evə oğrunun girdiyini anlayan kimi polisə (“102″ xidmətinə) zəng etmək lazımdır. Bu zaman əsla evdəki əşyalara toxunmaq olmaz. Çünki polis oğrunu ilk olaraq buraxdığı izlər əsasında müəyyənləşdirir. Qeyd edək ki, DİN-in Baş Mühafizə İdarəsinin respublikanın bütün şəhər və rayonlarında bölmələri fəaliyyət göstərir. Bu qurumla müvafiq müqavilə bağlandıqdan sonra mənzil və obyektlərdə xüsusi təhlükəsizlik sistemləri quraşdırılır. Belə müasir texniki vasitələrin ”hissiyyatı” o dərəcədə yüksəkdir ki, mənzildə, hər hansı obyektdə baş verən ən cüzi dəyişiklikləri belə qeydə ala bilir.
Image result for oğru
Verilən məlumata görə, mühafizə olunan obyektə kənar şəxslərin müdaxiləsi zamanı siqnalizasiya sistemlərindən mərkəzləşdirilmiş mühafizə mərkəzinə həyəcan siqnalı daxil olur. Məlumat dərhal ərazidə xidmət aparan polis naryadlarına ötürülür. “Həyəcan siqnalı”nın daxil olmasından polis əməkdaşlarının hadisə yerinə gəlmələrinə qədər olan vaxt adətən beş dəqiqədən artıq çəkmir. Nəticədə isə oğru hadisə yerindəcə tutulur.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR