MEK-də “Canlı ünsiyyət – qarşılıqlı anlaşma və anlaşılmazlıqlar” adlı interaktiv seminar keçirildi

Mərkəzi Elmi Kitabxanada (MEK) “Canlı ünsiyyət – qarşılıqlı anlaşma və anlaşılmazlıqlar” adlı interaktiv seminar keçirildi. Beynəlxalq İnsan Həmrəyliyi Gününə həsr olunmuş tədbirin əsas məqsədi kollektivdə əməkdaşların qarşılıqlı münasibətlərinin etik-psixoloji xüsusiyyətlərini araşdırmaq, işgüzar ünsiyyətlə bağlı maarifləndirmək olub.

MEK-in İctimai səhiyyə bölməsinin rəhbəri Gülruba Aslanova işgüzar ünsiyyətin psixologiyası ilə bağlı maarifləndirilmənin əhəmiyyətindən danışdı. Ünsiyyət bacarığının insana hər hansı şəraitə uyğunlaşmağa imkan verdiyini, lazımi əhəmiyyət vermədikdə isə gərginlik və konfiliktlərə səbəb olacağını qeyd etdi. Əməkdaşlar kollektiv arasında öz hərəkətinə nəzarət etməli, davranış taktikası barədə düşünməli, son nəticəni proqnozlaşdırmalı və işgüzar ünsiyyət etikasına riayət etməli olduqlarını vurğuladı.

Psixologiya üzrə fələsəfə doktoru, BDU-nun psixologiya kafedrasının müəllimi Müşviq Mustafayev səmərəli ünsiyyət texnikaları, uğurlu ünsiyyətin sirləri barədə məlumat verdi. Praktik nümunələr göstərərək, işgüzar ünsiyyət etikası pozulduqda kollektivdə insanların əksəriyyətinın özlərini narahat, mənəvi cəhətdən müdafiəsiz hesab etdiklərini bildirdi. Bir çox insanların işgüzar münasibətlər yaratmağa çalışdığı zaman səhvlərə yol verdiklərini, bu əlaqələrin bəzən birbaşa, kobud şəkildə alındığını qeyd etdi. İlk öncə, dostluq və yoldaşlığın təməli qoyulmalı, daha sonra isə onu partnyorluq münasibətlərinə və ya düşünülmüş layihənin gerçəkləşməsinin digər formasına çevirmək lazım olduğunu dedi.

BDU-nun Sosial elmlər və Psixologiya fakültəsinin metodisti, psixologiya üzrə fələsəfə doktoru Validə Vəliyeva ünsiyyət haqqında ümumi anlayış verdi. Ünsiyyət prosesində mimik vasitələrin – təbəssüm, tərs baxış, əl və bədənin ifadəli hərəkətlərinin, vokal mimikanın mühüm yer tutduğunu qeyd etdi. Ünsiyyət zamanı insan nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və ənənələrə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə və şəxsiyyətin formalaşmasına xüsusi istiqamət verdiyini vurğuladı.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı, əməkdaşlar arasında maraqlı psixoloji test və oyunlar keçirildi.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR