Obama “qırmızı telefon”la Putini hədələyib

ABŞ prezidenti Barak Obama prezident seçkiləri ərəfəsində rusiyalı həmkarı Vladimir Putinə “qırmızı telefon”la zəng edib.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu haqda NBC kanalı bildirib.

Telekanalın məlumatına görə, xüsusi kanal üzrə Putinlə əlaqə saxlamağı Obamaya baş məsləhətçilərdən biri məsləhət görüb. Kanalın iddiasına görə, Obama Putinə bildirib ki, Rusiya hakerlərinin köməyi ilə prezident seçkisi kampaniyasına qarışmağa cürət etməsin.

Məlumata görə, ABŞ prezidenti seçki prosesinə müdaxilənin nəticələri haqqında Rusiya prezidentini xəbərdar edib.

NBC qeyd edir ki, Obama telefon söhbətində “silahlı konflikt” ifadəsindən istifadə edib. “Kiberməkanda beynəlxalq hüquq, həmçinin silahlı konfliktlərə aid olan qanunlar tətbiq edilir”, – Obamanın müraciətində deyilirdi.

Ağ Evdə hesab edirlər ki, Amerika prezidentinin tonu inandırıcı olub.

Qeyd edək ki, “qırmızı telefon” hərfi mənada telefon deyil. Bu, xüsusi fövqəladə hallarda elektron müraciətlərin göndərilməsi üçün nəzərdə tutulmuş Moskva və Vaşinqton arasında əlaqə kanalıdır. Məlumata görə, Obama bu kanaldan dövlət başçısı postunda ilk dəfə istifadə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR