Ömər Çelik: “Türkiyə 2,7 milyon Suriya qaçqınını qəbul edib”

Türkiyə 2,7 milyon suriyalıya sığınacaq verib. Bu, daxili münaqişə səbəbindən evlərini tərk etmiş ölkə vətəndaşlarının yarıdan çoxunu təşkil edir.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirlər Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar olaraq Türkiyənin Avropa Birliyi işləri üzrə əsas elçisi Ömər Çelikin müraciətində yer alıb.

Müraciətdə həmçinin bildirilir ki, milyonlarla suriyalıdan başqa, son illər ərzində münaqişələrə görə milyonlarla İraq, Yəmən və Liviya vətəndaşı öz ölkələrini tərk etməyə məcbur edilib.

“Bu, İkinci Dünya Müharibəsi vaxtlarından əhalinin ən böyük məcburi yerdəyişməsidir”, – deyə sənəddə qeyd edilir. Bununla yanaşı, vurğulanır ki, Türkiyə xalqı qaçqınlara misli görünməmiş qonaqpərvərlik nümayiş etdirib.

“Türkiyə miqrasiya böhranının təsirini azaltmaq üçün mümkün olan hər şey etməyə davam edir və edəcək. Bununla belə, qaçqınlara görə məsuliyyət yükünü əsasən Türkiyə olmaqla, cəmi bir neçə ölkə daşıyır. Dünya ölkələri və beynəlxalq təşkilatlar bu məsələdə birlikdə hərəkət etməlidir” – deyə sənəddə vurğulanır

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR