Arzuman Məmmədov: “Mən terroru dəstəkləmirəm, sadəcə, o an əsəbi olmuşam”

O, “Azərsun”dan öz ərizəsiylə çıxdığını deyir…

Yanvarın 5-də Qafqaznews.az-da “Terroru dəstəkləyən azərbaycanlı biznesmen kimdir?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda sosial şəbəkələrdə yazdığı sözlərlə istifadəçilərin qınağına çevrilən iş adamı Arzuman Məmmədovdan söz açılmışdı.

Yazıda bildirilirdi: “Bu günlərdə sosial şəbəkədə Arzuman Məmmədov adlı iş adamının Bahar Ramazanova adlı bir xanımla mübahisəsinin “skrinşot”u yayıldı. Açıq şəkildə terrora haqq qazandırdığını ifadə edən qalstuklu-kostyumlu iş adamının profilindəki informasiya isə bir çox sosial şəbəkə istifadəçisinin təəccübünə səbəb oldu. Belə ki, özünü “Ukr Group Company” LLC –də baş direktor kimi təqdim edən və Ukraynanın Kiyev şəhərində yaşadığını yazan bu şəxsin anketində “Azərsun” Holdinq prezidentinin baş müşavirinin müavini olduğu da qeyd olunub. Həmçinin, bu şəxs “Caspian Development & Management Group” adlı şirkətdə baş direktor işlədiyini də qeyd edib.

Arzuman Məmmədovun özünə bu məsələ ilə bağlı sualları mızı yazsaq da, hələ cavab ala bilməmişik. Habelə, “Caspian Development & Management Group” şirkətinin səhifəsinə də yazmışıq, ordan da cavab verilməyib. Lakin məsələ ilə bağlı Qafqaznews.az-ın sorğusuna “Azərsun”un
mətbuat katibi Afiq Səfərov həssas yanaşdı. A.Səfərov qısa müddətdə araşdırma apardıqdan sonra, əməkdaşımıza bildirdi ki, əvvəla, “prezidentin baş müşaviri” ştatı holdinqdə yoxdur.

“Bizdə müqavilə əsasında işləyən, ayrı-ayrı sahələr üzrə müşavirlər olur. Arzuman Məmmədov da, vaxtilə bizdə müşavir işləyən şəxsin ştatdankənar köməkçisi olub, 3 il əvvəl işdən çıxarılıb. Yazdığı fikirlərə baxıram, özüm təəccüb edirəm, Allah qorusun. Bu cür fikirləri cəmiyyətdə təbliğ etmək çox təhlükəlidir. Ümumiyyətlə, bizim holdinqdə 12 mindən çox insan işləyir. Hər kəsin ideoloji mənsubiyyətinə nəzarət etmək çətindir. Lakin biz hər kəsə bildiririk ki, işə gələrkən, hər hansı partiya və ya ideologiyaya aid “şinel”iniz hasarın o tayında qalmalıdır. “Azərsun”da hər hansı qrupların ideoloji təbliğat aparmasına imkan verilmir. Hər halda, bu cür düşünən şəxslərə başa salmaq, maarifləndirmək lazımdır”, – deyə Afiq Səfərov bildirdi.

Yanvarın 6-da Qafqaznews.az əməkdaşı ilə əlaqə saxlayan Arzuman Məmmədov bildirdi ki, bu səviyyədə ictimai qınaq hədəfinə çevrilməsi ona pis təsir edib.

“Mən terrora qarşıyam, heç bir şəkildə dəstəkləmirəm və dəstəkləyə bilmərəm. Sadəcə, o an əsəbi olmuşam, bir azərbaycanlı gənc kimi fikrimi bildirməyə çalışmışam, başqa mənada anlaşılıb. Günahsız insanların öldürülməsinə, əlbəttə ki, haqq qazandırmıram. Adımın cəmiyyətdə belə şəkildə hallandırılmasını istəmirəm”, – deyə A.Məmmədov vurğuladı

O, “Azərsun” nümayəndəsi Afiq Səfərovun sözlərinə münasibət bildirdi: “Afir Səfərov son illər Azərbaycanda yetişən savadlı insanlardandır. Amma o, bir məsələdə səhv edir. Mən holdinqdən çıxarılmamışam, öz xahişimlə, öz ərizəmlə işdən çıxaraq, ayrıca şirkət yaratmışam. Sonralar bu şirkəti xaricə köçürdüm və hazırda Ukraynada fəaliyyət göstərirəm”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR