Ədliyyə Nazirliyində mülki hüququ bilən nə qədər icraçı var?

Gəncədən Suraxanıya qədər baş alıb gedən hərəkətsizliyə son veriləcəkmi?

“Köhnə” komandanın ağsaqqallarından sayılan Nizami Qocayev hələ də Xanlar Zeynalovla məsləhətləşirmi?

Bu günlərdə ölkə mətbuatında Sevil İsmayıl qızı Allahverdiyevanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciəti yayımlanmışdı. Həmin müraciətdə S.İsmayıl qızı Allahverdiyeva övladının aliment məsələləri ilə bağlı qəbul edilən qətnamələrin 13 il icra olunmamasına görə Gəncə Şəhər İcra İdarəsindən , habelə, uşağın müalicəsi üçün lazım olan 21 min manatın tutulması ləngidildiyinə görə, Kəpəz Rayon Məhkəməsindən şikayət edib.

“08.05.2001-ci il təvəllüdlü övladım anadangəlmə-ortopedik xəstədir, xəstəlikləri məhkəmə tibbi komissiyon ekspertizanın rəyi ilə təsbit olunub, “Hipermobil” sindromundan əziyyət çəkir. 7 ildir müalicə xərcləri, 13 ildir isə alimenti barədə məhkəmələrin icra sənədlərini Gəncə icra orqanı icra etmir. Uşağa kənar xidmət və xüsusi qulluq tələb olunduğu üçün işləyə bilmirəm, xəstə uşağa baxıram.Müalicə ilə bağlı qərarlar icra olunmadığı üçün uşaqda şəkər xəstəliyi yaranmış, əziyyət çəkdiyi digər xroniki xəstəlikləri fəsadlaşmışdır. Bu barədə tibbi sənədləri Ədliyyə Nazirliyinə, Gəncə icra orqanına illərdir təqdim edirəm, yenə icra etmirlər.Bu azmış kimi,üstəlikdə uşağa fiziki təzyiq edirlər. Gəncə icra idarəsinin rəisi Nizami Qocayev 31 oktyabr 2016-cı ildə öz vəzifə otağında uşağın üzünə, başına, üstünə uşağa aid fəxri fərmanları, təltifləri (uşaq 10-cu sinifdə oxuyur,əlacıdır, əqli qüsuru yoxdur,sınaq imtahanlarından 650 bal toplayır, 9 illik təhsil bazasını qırmızı şəhadətnamə ilə bitirib) ataraq uşağın özündən gedib uzun müddət yerdə hərəkətsiz qalmasına səbəb olan insanlıqdan uzaq hərəkət etdi.

N.Qocayevin ən qəddar əməli isə, uşağı və məni otağından israrla qovması oldu: huşunu itirib yerdə uzanan uşağa da su verməyə, ona ilk yardım etməyə belə, imkan vermədi. Bu necə insafsız adamdı, anlaya bilmədim.Uşağı, sürüyə-sürüyə öz işçiləri ilə birgə qonşu otaqda yerləşən Ədliyyə Nazirliyinin Regional Ədliyyə şöbəsinin otağına apardıq. Orada elə öz işçilərinin, regional idarənin işçilərinin köməkliyi ilə Təcili Tibbi Yardım çağırıldı və uşağa o otaqda tibbi yardım göstərilib, uşağın özünə gəlməsinə çalışdıq.Hadisəni Daxili İşlər Nazirliyinin 102 xidməti araşdırdı, N.Qocayevin işini keçirtdilər Gəncə şəhər prokurorluğuna. Prokurorluğun,N.Qocayevin bu hərəkəti barədə qəbul etdiyi qərarında Qocayev öz izahatında yazır ki, “anasının deməsinə görə uşaq xəstədir”.

N.Qocayev bu ifadəsiylə, borclunun təsiri altında olduğunu göstərir və uşağın xəstəliklərini şübhə altına alan fikirlər söyləyir, bir ilə yaxındır ki, o idarədə rəis işləyir, hələ bilmir ki, onun idarəsinin icraatında mənim sağlamlığı məhdud olan (əlil) övladımın xəstəliklərinin xərclərinin ödənilməsini onun idarəsi, özü icra etmir.

Prokurorluğa yazdıqları izahatlarında N.Qocayev, icra məmuru Orxan Hacıyev etiraf edirlər ki, həqiqətən uşağın müalicə xərclərini və alimentini icra etmirlər. Qeyd edim ki, N.Qocayevin avqust 2016-cı ildə ilk dəfə qəbulunda olanda mənə və övladıma dedi ki,yeganə Azərbaycanda hüquqşunasam ki, MTN-də 3 il həbsdə yatıb,bəraət alıb, sonra da vəzifə almışam. Özünün,İsmayıllı hadisələrində orada polis rəisi işləməsindən, oradan çıxarıb gətirib bu idarəyə rəis qoyulmasından ağızdolusu bizə danışırdı. N.Qocayev avqust ayında mənə dedi ki, mən mülki hüququ bilmirəm, mənimki cinayət işidi, onu yaxşı bilirəm. Belə bir adamı necə mülki işlərin icrasının təmini ilə bağlı idarəyə rəis qoyublar, anlamadım”, – deyə müraciətdə bildirilir.

S.Allahverdiyeva Ədliyyə Nazirliyinin Baş İcra İdarəsini məhkəməyə verdiyini də bildirib: “İllərdir, Ədliyyə nazirliyinə qəbullara gedib-gəlirəm, nazir müavini V.Zahirovun 2012-ci ildə qəbulunda olmuşam, hər ay 400 manat və yığılan borclar ödənilməli olduğu halda, şikayətlərdən sonra, ildə 1 və ya 2 dəfə 200,300,500 manat ödəyirdilər. 2012-ci ildə məcbur olub, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsini, Gəncə şəhəri üzrə icra idarəsini İnzibati-İqtisad Məhkəməsinə verdim, xəstəliklərdən əziyyət çəkən balamın müalicələri və alilmenti barədə iqtisad məhkəməsi 15.08.2014-cü il tarxili Qərarla Gəncə icra orqanının üzərinə öhdəlik qoydu ki, 3 qətnaməni icra edin. Amma, Gəncə icra idarəsinin icra məmuru Orxan Hacıyev və onun rəisi N.Qocayev nə iqtisad məhkəməsinin Qərarını, nədə ki,icra etməyib yığılıb üst-üstə qalan borcları mənə ödəmirlər”.

S.Allahverdiyevanın LEGİON-a dediyinə görə, sabiq həyat yoldaşının (adını mətbuata açıqlamaq istəmədiyini bildirdi – red.) xeyli mülkü, avtomobilləri var: “Lakin onun əmlakına həbs məsələsi ilə bağlı hakimlər bir qərara gələ bilmirlər. Müraciətimə münasibət bildirən məhkəmə sədri faktları gizlədir, yalanla ört-basdır etmək istəyir, hüquqi sənədlər isə onun obyektiv olmadığını göstərir. Məhkəmənin sədri V.Abdullayevin adamların gözü önündə baş vermiş hadisələri ört-basdır etməyə çalışdığını sübut edən prokurorluğun sənədləri var. V.Abdullayevin deyəsən xəbəri yoxdur ki, onun özünün, məhkəmə əməkdaşlarının və bir polis nəfərinin kobud, qanunsuz hərəkətlərindən Gəncə şəhər prokurorluğunda,Məhkəmə Hüquq Şurasında,Gəncə şəhər Baş Polis İdarəsində,Ədliyyə nazirliyinin təşkilat-nəzarət baş idarəsində ayrı-ayrılıqda araşdırılan materiallar var. Gəncə şəhər prokurorluğu məhkəmənin sədri və əməkdaşlarının qanunsuz hərəkətləriylə əlaqədar materialı, Məhkəmə Hüquq-Şurasına göndərilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna 27.12.2016-ci il tarixli məktubla göndərib. Vəli Abdullayev mətbuata açıqlamasında deyir:“ O cəhd edirdi ki, mən hakimə onun xeyrinə qərar verməsi üçün tapşırıq verim”.

V.Abdullayevdən xahiş etməmişəm ki, hakimə uşağın xeyrinə qərar verməsini tapşırsın. Sədrin doğru danışmadığını, hadisə olmamışdan qabaq məhkəmənin dəftərxanasına təqdim etdiyim, “daxil olma” möhürü vurulmuş ərizəm təsdiq edir.

Ərizəmdə mənə bildiriş göndərməyən hakim köməkçisi Yeganədən şikayət etmişəm. Bu barədə ərizəmin məndə qalan surətinə də məhkəmənin dəftərxanasının “daxil olma” möhürü vurulub, hadisə olan gününün tarixi qeyd edilib. Ərizəmdə, köməkçinin 15.12.2016-cı ildə, heç bir bildiriş göndərmədən məhkəmə iclasına 2 saat qalmış Bakıdan Gəncəyə məni telefonla çağırmasından yazıb, gələcəkdə mənə bildiriş göndərmələrini, sədrin məni qəbul etməsini xahiş etmişəm”.

Biz məsələ ilə bağlı Gəncə Şəhər İcra İdarəsinə dəfələrlə zəng etsək də, bizim zənglərimizə cavab verən olmadı. Qeyd edək ki, S.Allahverdiyevanın sözlərinə görə, N.Qocayev “mülki hüququ bilmədiyini” deyib. Nizami Qocayev vaxtilə İsmayıllı Polis Şöbəsinin rəisi olub. Çox güman ki, N.Qocayev yuxarıdakı sözləri işlədibsə, məhz polis təcrübəsini nəzərə alıb. Lakin oxuculara da xatırlatmaq istərdik ki, hüquq hər yerdə hüquqdur və icra sistemində çalışan şəxslərin borcu öz vəzifələrinə “uyğunlaşmaq” və məhkəmə qətnamələrini icra etməkdir.

Xatırladaq ki, bu günlərdə LEGİON-a Suraxanı Rayon İcra Şöbəsinin hərəkətsizliyi ilə bağlı silsilə yazılar dərc olunmuşdu. Suraxanı Rayon İcra Şöbəsinin icraçısı Rauf Hüseynovun zəbt olunmuş mənzilə dair məhkəmə qətnaməsini icra etmədiyinndən şikayətlənən vətəndaş İradə Zeynalova məsələ ilə bağlı dövlət başçısına müraciət edib.

Müraciətdə qeyd olunur: “Möhtərəm Prezident! Siz hər zaman haqqı tapdanılan vətəndaşların yanında olmuş və vurğulamısınız ki, heç kim öz hüquq və azadlıqlardan sui-istifadə edərək, digərlərinin hüquqlarını pozmamalıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının qorunması yönündə ciddi addımlar atmışsınız. Lakin təəssüflər olsun ki, bəzi şəxslər özünün “məcburi köçkün” statusundan sui-istifadə edərək, başqalarının haqqını tapdalayır, səhlənkar məmurlar isə buna göz yumurlar və öz vəzifə borclarını yerinə yetirmirlər.

Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq. Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir.

Mənim şəxsi mülkiyyətimdə olan mənzilim bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”. Belə çıxır ki, mənim mənzilimi zəbt etmiş şəxslərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq?…

Hüquqlarımızı pozanlara qarşı belə etinasız yanaşma nə vaxta kimi davam edəcək? 6 ilə yaxındır ki, “araşdırırıq”, “məşğul oluruq” “davam etdiririk” cavabları ilə məni aldadıb yola verirlər”. Qeyd edək ki, Məsələ ilə bağlı araşdırma apararkən, LEGİON sözügedən Suraxanı rayon icra şöbəsinin əməkdaşı Rauf Hüseynovun da fikirlərini öyrənməyə çalışıb, lakin R.Hüseynov bildirib ki, İ.Zeynalovanın özünə məktubla cavab verilib. Bu günlərdə İradə Zeynalovanın nümayəndəsi, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov LEGİON-a bildirib ki, Suraxanı İcra Şöbəsinin müdiri Fəqan Şabanov və icraçı Rauf Hüseynovla görüşüb: “Onlar mənə bildirdilər ki, Suraxanı RM-in 11 mart 2011-ci il tarixli qətnaməsi ancaq mənzili zəbt edənlər ayrı mənzillə təmin olunduqdan sonra icra olunacaq”. Burda sual yaranır ki, bəlkə, mənzili zəbt edənlərin özləri də yeni mənzil almaq üçün elə həvəsli deyillər və onların bu evdən çıxması üçün İradə Zeynalova daha bir neçə il də gözləməli olacaq?

Biz Rauf Hüseynovdan öyrənməyə çalışdıq, görəsən, məhkəmə qətnaməsinin icrası hansı əsaslarla dayandırılır? “Məgər siz bilmirsiniz, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi məcburi köçkünlər üçün evlər tikdirir”, – deyə R.Hüseynov bildirdi.

“Bəs bunun İradə Zeynalovanın mənzilinə nə aidiyyatı var?”, – deyə soruşduq. “Siz bizə yazılı formada müraciət edin”, – deyə R.Hüseynov dəstəyi asdı. Oxucularda suallar çox ola bilər. Amma şübhəsiz ki, bir sual özünü daha çox irəli atır və cavablanmağa ehtiyacı var. Görəsən, Ədliyyə Nazirliyində mülki hüququ bilməyən… Daha doğrusu, mülki hüququ bilən nə qədər icraçı var? Bilənlərin sayını öyrənsək, bəlkə də, bilməyənlərlə bağlı problemin də həllinə tezliklə nail olarıq.

Sözardı: Bu günlərdə ölkə mətbuatında Baş İcra İdarəsinin sabiq rəisi Xanlar Zeynalovun “köhnə” komandasından söz açılmışdı. Bildirilirdi ki, hazırda icrası ləngidilən işlərin əksəriyyəti general Zeynalovdan qalan “miras”lardır və hərəkətsizliyin davam etməsi bir çox suallar doğurur. Maraqlıdır, bu “köhnə” komandanın ağsaqqallarından sayılan Nizami Qocayev hələ də Xanlar Zeynalovla məsləhətləşirmi?

Rüfət Əhmədzadə

LEGİON

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR