Evi zəbt olunan xanım Prezidentdən kömək gözləyir – MÜRACİƏT

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən İradə Zeynalova adlı xanım 1993-cü ildən bəri mənzilinin zəbt olunduğunu bildirib. Onun sözlərinə görə, Suraxanı Rayon İcra Şöbəsinin icraçıları 6 ilə yaxındır Suraxanı RM-in qətnaməsinə məhəl qoymurlar. Yanvarın 10-da İ.Zeynalova məsələ ilə bağlı dövlət başçısına müraciət edib.

Müraciətin mətnini oxuculara təqdim edirik:

““Möhtərəm Prezident! Siz hər zaman haqqı tapdanılan vətəndaşların yanında olmuş və vurğulamısınız ki, heç kim öz hüquq və azadlıqlardan sui-istifadə edərək, digərlərinin hüquqlarını pozmamalıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının qorunması yönündə ciddi addımlar atmışsınız. Lakin təəssüflər olsun ki, bəzi şəxslər özünün “məcburi köçkün” statusundan sui-istifadə edərək, başqalarının haqqını tapdalayır, səhlənkar məmurlar isə buna göz yumurlar və öz vəzifə borclarını yerinə yetirmirlər.

Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur.

Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq. Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir. Mənim şəxsi mülkiyyətimdə olan mənzilim bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar. Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar.

Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”. Belə çıxır ki, mənim mənzilimi zəbt etmiş şəxslərin evsiz qalmasında mən, 3 qız övladım, 3 azyaşlı nəvəm günahkarıq?

Onların evini mənfur ermənilər zəbt etdiyinə görə, onların da Bakı şəhərində mənim mənzilimi zəbt edib 7 nəfərlik ailəni küçələrə salmaları qanunauyğundur? Mən müxtəlif qurumlara, o cümlədən Ombudsman Aparatına ərizə ilə müraciət etmişəm. Aparat sədri Aydın Səfixanlı mənim məktubumu Ədliyyə Nazirliyinə yönəltmiş, bundan sonra isə nə kimi addımlar atıldığından xəbərim olmamışdır. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində isə formal xarakterli cavablarla illərdir mənə qarşı törədilən haqsızlığın davam etməsinə səbəb olurlar.

Qanun isə birmənalı deyir: “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunun məqsədi : Bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir.

Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 21.05.1999 il №669-IQ) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

«İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

Nazirlər Kabinetinin 200 saylı 24 dekabr 1999-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin köçürülməsi Qaydaları»nın 4-cü maddəsinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

Hüquqlqrımızı pozanlara qarşı belə etinasız yanaşma nə vaxta kimi davam edəcək? 6 ilə yaxındır ki, “araşdırırıq”, “məşğul oluruq” “davam etdiririk” cavabları ilə məni aldadıb yola verirlər.

 Cənab Prezident! Suraxanı rayon Məhkəməsinin qətnaməsinin icra olunmasına yəni, öz mənzilimin boşaldılıb özümə qaytarılmasına dair tədbir görülməsinə göstəriş vermənizi və bununla da ailəmizin – övlad və nəvələrimin acınacaqlı vəziyyətdə kirayələrdə yaşamaqdan xilas edilməsini Sizdən acizanə xahiş edirik, Sizə inamımız və ümidlərimiz sonsuzdur.

 Hörmətlə, İradə Abuzər qızı Zeynalova“.

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

Ədliyyə Nazirliyinin icraçıları amansızca uşaq sürüyər, amma evi zəbt olunan qadına kömək etməz? – ABSURD(FOTO,VİDEO)

Hüquq müdafiəçisi icraçının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir

Ədliyyə Nazirliyinin icraçısı öz hərəkətsizliyinin günahını “Qaçqınkom”da görür?(FOTOLAR)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR