Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq

Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən   “Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə APA “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Konstitusiya Məhkəməsinin qərarında mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu vurğulanıb.

“Bu qanun tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir”, – deyə Konstitusiya Məhkəməsinin qərarında bildirilir.

Qeyd edək ki, qanunun ötən ilin oktyabrında  Fransa parlamentində qəbul olunması Türkiyə və Fransadakı türk cəmiyyətinin sərt reaksiyasına səbəb olub.

Türk dərnəklərinin müvafiq müraciəti əsasında qanun yekun qərarın qəbul olunması üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, adıçəkilən qanunda uydurma “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR