Gürcüstanın yanacaqdoldurma məntəqələrində satılan benzinin və qazın qiyməti bahalaşıb

Bu il yanvarın 1-dən Gürcüstanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 – 60 tetri artıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-dək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb.

Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.

Bu gün qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılıb. Belə ki, “Vissol” yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), “Qamma”, “Formula” məntəqələrində 1,46 lari, “Heoraz” məntəqələrində isə 1,45 lariyə satılıb.

Ən ucuz qiymət SOCAR-ın qazdoldurma məntəqələrində qeydə alınıb – 1,44 lari.
Gürcüstanın Neft Məhsulları İdxalatçıları Şurasının sədri Vano Mtvralaşvili bildirib ki, 2017-ci il yanvarın 1-də ölkəyə gətirilən bəzi məhsullara tətbiq olunan aksiz vergilərinin dərəcəsi artırılıb. Yanacaqdoldurma məntəqələrində təbii qazın qiymətinin artması yeni ildə aksiz vergisinin artması ilə əlaqədardır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR