Hüquq müdafiəçisi icraçının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir

Bu günlərdə Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytında “Ədliyyə Nazirliyi öz əməkdaşını ört-basdır etməyə çalışır” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə Sabunçu rayonu ərazisində yaşayan İradə Zeynalovanın Qafqaz xəbər agentliyinə müraciəti barədə məlumat verilirdi. İradə Zeynalova müraciətində ona məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsi, ev 2, mənzil – 1 ünvanında yerləşən mənzilin ələ keçirilməsi haqqında bildirirdi.
“Bir qrup vətəndaş məcburi köçkün statusundan istifadə edərək, mənim şəxsi mülkiyyətim olan mənzili ələ keçirib. Suraxanı rayon məhkəməsinin 4 mart 2011-ci il tarixli qərarına əsasən mənim mənzilimi ələ keçirən Məmməd Rüstəmov, Şövkət Rüstəmov və Ərşad Rüstəmov mənim mənzilimdən çıxarılmalıdırlar. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsi ev 2, mənzil – 1 ünvanında yerləşən mənzil isə, mənim mülkiyyətimə qaytarılmalıdır. Məhkəmənin qərarının icrası Suraxanı rayon icra şöbəsinin icraçı məmuru Rauf Hüseynova tapşırılıb. Amma təəssüf ki, məhkəmənin qərarı hələ də icra olunmayıb.

Mən məhkəmənin qərarının icra olunmamasının səbəblərini Suraxanı rayon icra şöbəsində aydınlaşdırmağa çalışdım. Ancaq, mənim dəfələrlə olunan müraciətlərimə Suraxanı rayon icra şöbəsi həmişə adi formal cavablarla cavab verirdi. 2016-cı il sentyabrın 2-də Suraxanı rayon icra şöbəsindən mənim son müraciətimə Rauf Huseynovun imzası ilə növbəti formal cavab daxil oldu: “Məhkəmənin qərarının icrası istiqamətində ölçülər qəbul edilməyə davam edilir”.

Aydın deyil ki, bu nə ölçülərdir və onlar nə vaxt qəbul olunacaqlar. Mən Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və Ombudsman Aparatına şikayət ərizəsi ilə müraciət etdim. Ombudsman Aparatından aparatın rəhbəri Aydın Səfixanlının İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevə mənim şikayətimi yoxlamadan keçirməsi və müvafiq tədbirlər görməsi üçün müraciət etdiyi barədə məktub gəldi. Lakin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev mənə hətta cavab belə vermədi”, – İradə Zeynalova məktubunda bildirir.

İradə Zeynalova bizə 2016-cı il sentyabrın 2-də Suraxanı rayon icra şöbəsinin icraçısı Rauf Huseynovun “məhkəmənin qərarının icrası istiqamətində ölçülər qəbul edilməyə davam edilir” yazdığı cavabı təqdim etdi. Kavkaznews.az Suraxanı rayon icra şöbəsinin icraçısı Rauf Huseynovun məhkəmə qərarını niyə icra etmədiyini araşdırmağı qərara aldı. “Biz İradə Zeynalovaya məhkəmənin qərarının icra olunmamasının səbəbləri barədə məlumat vermişik”, – deyə Rauf Hüseynov Kavkaznews.az-a bildirib.

“Siz İradə Zeynalovaya məktubunuzda yazmısınız ki, məhkəmənin qərarının icrası istiqamətində ölçülər qəbul edilməyə davam edilir. Bu hansı ölçülərdir?”,- jurnalistimiz soruşdu. Təəssüf ki, Rauf Hüseynov bu suala cavab vermədi və dəstəyi asdı. Biz də Ədliyyə Nazirliyinin Suraxanı rayonunun kuratoru Rəsul Ağayevin fikirlərini öyrənmək qərarına gəldik. “Siz Zeynalovanı Suraxanı rayon icra şöbəsinin rəisinin yanına göndərin. Ona mütləq kömək edəcəklər. Şöbə rəisi icraçını çağıracaq və hansı səbəbdən məhkəmənin qərarının icra olunmadığını öyrənəcək”, – deyə Rəsul Ağayev təklif edib. (Kavkaznews.az).
2017-ci il yanvarın 6-da bizimlə İradə Zeynalovanın nümayəndəsi Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov əlaqə saxladı. “Mən bu gün Suraxanı rayon icra şöbəsinin rəhbəri Fəqan Şabanov və icraçı Rauf Hüseynov ilə görüşdüm. Fəqan Şabanov və Rauf Hüseynov bildirdilər ki, onlar Suraxanı rayon məhkəməsinin 4 mart 2011-ci il tarixli qərarını İradə Zeynalovanın mənzilini ələ keçirənlər mənzillə təmin olunmayadək icra etməyəcəklər.

Ədliyyə Nazirliyinin nümayəndəsi Dəyanət Mustafayev LEGION agentliyinə bildirib ki, icraçının məhkəmənin qərarını yerinə yetirib-yetirməməyi həll etmək hüququ yoxdur. Doğrudanmı Suraxanı rayon icra şöbəsinin icraçısı Rauf Hüseynov məhkəmənin qərarını yerinə yetirməkdən imtina edir? Biz bu sualı Rauf Hüseynovun özünə ünvanladıq, amma təəssüf ki, o, suallarımıza cavab verməkdən imtina etdi.

“Məhkəmənin qərarının icrası mütləqdir. Məhkəmənin qərarını yerinə yetirmək istəməyən icraçı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Mən zərərçəkmişə icraçının cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə məhkəməyə müraciət etməyi məsləhət görərdim”, – hüquq müdafiəçisi Əli Məmməd Nuriyev LEGION-a bildirib.
Digər hüquq müdafiəçisi Zəlihə Tahirova da Əliməmməd  Nuriyev ilə razıdır. “Məhkəmənin qərarını yerinə yetirmək istəməyən icraçı məhkəmə məsuliyyətinə cəlb olunmalıdır”, – Zəlihə Tahirova LEGION agentliyinə bildirib. Lakin, Nuriyevdən fərqli olaraq, o hesab edir ki, Rauf Hüseynov cinayət məsuliyyətinə yox, inzibati məsuliyyətə cəlb olunmalıdır.

Rəşad Rüstəmov

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR