“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?

Şirkətin mətbuat katibi Şahanə Sarı agentliyin əməkdaşını təkidlə “məxfi” görüşə dəvət edir

Bu yaxınlarda Qafqaz Xəbər Agentliyinin Kavkaznews.azQafqaznews.az saytlarında “Mətanət A” şirkətinin sabiq əməkdaşı Fəxri İsmayılovun bu şirkətdən şikayətləri ilə bağlı bir neçə yazı dərc olunmuşdu. Əməkdaşlarımız araşdırma aparmış, qanunvericiliyə uyğun olaraq, şirkət rəhbərliyinin də münasibətini işıqlandırmışdı. Lakin nədənsə, “Mətanət A” şirkəti agentliyimizin bu addımını “qərəzli” olaraq qəbul etmiş, hətta bir ara bu yazılardan sonra “bəzi KİV-lərdə “qeyri-ciddi mətbuat “Mətanət A” şirkətinə qarşı qərəzli təxribat aparır” tipli açıqlamalar dərc olunmağa başlamışdı.

Biz hələ bir neçə ay əvvəl də bildirmişdik ki, əgər biz meydandayıqsa, dayanmadan yazıb-pozuruqsa… əlbəttə, bizi qərəzdə ittiham edən də olacaq. Həmçinin, “Mətanət A” bazardadırsa, ondan da şikayətlənənlər olacaq. Yox, əgər hər tənqid və şikayətə qarşı aqressiya göstərilsə, gərək gedib elə bir işlə məşğul olaq ki, bizim fəaliyyətimizdən ancaq ən yaxın dostlarımız xəbərdar olsun.

Təəssüflər olsun ki, F.İsmayılov barəsində hüquqi tədbirlər görüləcəyini deyən Şahanə Sarı və onun rəhbərliyi bu “ədavət”də Qafqaz Xəbər Agentliyini də tərəf olaraq gördü. Şirkət öz problemini vətəndaşla hüquqi müstəvidə həll etmək əvəzinə, Qafqaz Xəbər Agentliyinə və onun kollektivinə müxtəlif vasitələrlə təsir göstərməyə çalışdı. Hətta bu yaxınlarda “analoqu olmayan” bir hadisə də baş verib. Belə ki, “Mətanət A”nın mətbuat katibi Şahanə Sarı əməkdaşımız Rüfət Əhmədzadəyə zənglər edərək, onu təkidlə “məxfi” görüşə dəvət edib. R.Əhmədzadə isə agentlikdə hər hansı yazının taleyi ilə bağlı söz sahibi olmadığını, eləcə də vətəndaşın ərizəsi əsasında araşdırma aparıldığını bildirib.

Amma maraqlıdır ki, şirkət nümayəndəsi “Rəhbərliyinizin xəbəri olmasın, lap sizin dalınızca maşın göndərim” deyərək, inadla jurnalistimizdən “Mətanət A”nın ofisinə getməyi xahiş edib. Əlbəttə, əməkdaşımız bu ərəfədə Şahanə Sarı ilə normal münasibətləri qorumağa çalışıb və münasibətlərdə peşəkar etikanı pozmayıb.

“Əgər hər hansı tədbiriniz olsa, dəvət edərsiniz, gəlib işıqlandırarıq. Amma başqa məsələdə, xüsusən də Fəxri İsmayılov məsələsində mən sizinlə görüşə bilmərəm. Yox, mənimlə şəxsi görüş fikriniz varsa, başqa vaxt, başqa yerdə görüşə bilərik, ofisinizdə yox”, – deyə əməkdaşımız qeyd edib. Amma nədənsə, Ş.Sarı agentliyimizin fəal araşdırmaçılarından biri olan jurnalisti təkidlə “məxfi” görüşə şirnikləndirməyə çalışıb. Əlbəttə, bazar iqtisadiyyatının və qanunların tələblərinə müvafiq olaraq, biz müxtəlif şirkətlərlə əməkdaşlıq edirik, amma bunu “məxfi” görüşlərlə, paketlərlə, şantajlarla, təhdidlərlə etmirik.

Xatırladaq ki, “Qafqaz Xəbər Agentliyi” MMC də bir şirkətdir və qanunlara sayğı duyan digər hüquqi şəxslər kimi, biz də Azərbaycan dövlətinə vergi ödəyirik. Hətta “Mətanət A” şirkətindən əməkdaşlıq təklifi səsləndirildikdə, bunun Fəxri İsmayılovun probleminə aid olmadığını da dəfələrlə bildirmişik və Ş.Sarıya bu məsələni vətəndaşla müzakirə etməsini tövsiyə etmişik. Bu tövsiyələrimizə rəğmən, sözügedən şirkət rəhbərliyinin bizə qarşı addımları və jurnalistlərimizi “məxfi” görüşlərə çəkmək cəhdləri bizdə sual doğurur.

Qafqaz Xəbər Agentliyini bu gün ayaqda saxlayan kollektivin mübarizliyi, birliyi və sədaqətidir. Bu üç məfhumu biz bir-birindən ayırmırıq və Azərbaycan dövlətinə daim sadiq qalan jurnalistlər komandası olaraq, istər Fəxri İsmayılovun, istərsə də digər vətəndaşların şikayətləri üzərindən hər hansı “oyun”lara getməyəcəyimizi bəyan edirik.

Xatırlatma üçün qeyd edək ki, F.İsmayılov öz müraciətində bildirib: “2008-2011-ci illərdə “Mətanət A” şirkətində satış üzrə menecer işləmişəm. “Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi maaşdan əlavə, bizə satış menecerlərinə satılan malın məbləğindən 3 faiz düşürdü. Mağazalara mal paylayıb həftəiçi müəyyən qrafiklə onlardan pul toplayırdım. Kimsə pulu verməyəndə və ya əksik pul ödəyəndə, şirkət o pulu bizim maaşdan tuturdu. Hər gün “Mətanət A” şirkətinin Kamil adlı kassirinə pul ödəyirdik. Şirkət rəhbərliyi işçilərin adına qeyri-rəsmi olaraq depozit açır. Hətta sürücülər belə işə qəbul olunanda “girov” pul və ya maaşdan tutulan pullarla onların adına şirkətdə depozit açılır. Bu depozitə bizim maaşımızın 10 faizi keçirilirdi. Bu, kəsir ehtimalları üçün edilirdi. Depozitdə toplanılan pullar hər hansı kəsir və çatışmazlığı ödəməyə yönəldiləcəkdi. Həmçinin, mənə daha çox mal verilməsi üçün, “Mətanət A” nın vitse-prezidenti Fuad Bəşirov məndən hər-hansı bir mülkiyyətə sahib olub-olmadığımı soruşdu. “Bəli, mənim evim və maşınım var”, – dedim. Dedi ki, “sizin mülkiyyətiniz bankda girov qoyulacaq”. “Hansı əsasla?”, – deyə soruşdum. “Sizə satış üçün dəyəri 35 min AZN -dən çox olan mal veriləcək və bu zaman satılan malın məbləğindən 3 faiz sizin gəlirinizi təşkil edəcək”.

Onun sözlərinə görə, F.Bəşirov böyük miqdarda mal vermək üçün, girov tələb edib. “Maşınımı girov qoymağı təklif etsəm də, məndən evimi girov qoymaq tələb olundu. Fuad Bəşirov mənə dedi: “Hansısa əskiyiniz aşkar edildiyi halda, sizin bankda girov qoyulan mülkiyyətiniz satılacaq və beləliklə şirkət öz xərclərinin əvəzini alacaq”.

Mənim başqa variantım olmadığına görə, razılaşmışdım. Çünki əziyyət çəkib, iş qurmuşdum və yeni mağazalar da cəlb edərək, müştəri sayını artırmışdım. Mənim mənzilim “DəmirBank” ASC də girov qoyulmuşdu. Girovun məbləği 20 000 manat idi. Bir müddət sonra bank krediti mənim maaşımdan tutulan pullar hesabına bağlandı. Lakin o da sual doğurur ki, şirkət niyə mənim adıma bankdan 20 min manat götürməliydi? Fuad Bəşirov məni arxayın etmişdi ki, kəsirin olmasa, depozitində yığılan pullar işdən çıxanda özünə qaytarılacaq”.

Sözardı: Yanvarın 18-də biz F.İsmayılovla əlaqə saxladıq və ona qarşı oktyabr ayından bəri hər hansı məhkəmə iddiasının açılıb-açılmadığını, habelə, hüquq mühafizə orqanlarına şikayət olunub-olunmadığını soruşduq. O bizə bildirdi ki, hələ bir yenilik yoxdur: “Məni məhkəməyə də verə bilərlər, hüquq mühafizə orqanlarına şikayət də edə bilərlər. Şirkətin haqsız olduğunu sübut etməyə hazıram. Məsələ ilə bağlı Cənab Prezidentə də müraciət etmək niyyətindəyəm. Qafqaz Xəbər Agentliyinə də təşəkkür edirəm ki, qərəzsiz və tərəfsiz olaraq mənim şikayətimi araşdırmısınız, yazılarınızda hər iki tərəfin mövqeyinə obyektiv yer vermisiniz”.

Tamerlan Zeynallı

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?

Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir

“Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD

““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”

““Mətanət A” mənim mənzilimi banka girov qoydu”

 

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR