“Palmali” şefinin qeyri-adi hobbisi haqqında – REPLİKA

 Mübariz Mənsimov Trampla şəklini niyə montaj etdirsin ki?

Bu günlərdə sosial şəbəkələr və ölkə mətbuatında Mübariz Mənsimovun ABŞ Prezidenti Donald Trampla şəkilləri yayıldı. Bu şəkillər qızğın müzakirələrə səbəb oldu. Kimlərsə bu görüşü “ABŞ-Rusiya münasibətlərində yeni mərhələ başlayır və bu yeni mərhələdə “Palmali”nin də rolu olacaq” kimi şərh etdi. Kimlərsə vurğuladı ki, “Aralıq Dənizində qabaqcıl “armatör”lərdən sayılan Mübariz Mənsimov ABŞ rəhbərliyindəki nüfuzlu dairələrlə işbirliyinə başlayıb və yaxınlarda nağaranın səsi eşidiləcək”.

Hər kəs bu məsələni bir cür yoza bilər. Amma hər halda, ümumilikdə bir azərbaycanlı iş adamının ABŞ Prezidentinin inauqurasiya mərasiminə qatılması, Donald Trampla dilucu belə salamlaşması mənfi hadisə deyil… Di gəl ki, bu fotoların yayılmasından kimlərsə narahat oldu. Kimlər daha çox narahat oldu deyə bilmərəm, amma görünən odur ki, ən çox narahat olan elə Mübariz Mənsimov və ətrafı imiş… Yanvarın 30-da yayılan məlumatı oxucuların diqqətinə çatdırıram:

“Baş verən anlaşılmazlıqla bağlı bildirim ki, Palmali Şirkətlər Qrupunun prezidenti ABŞ yeni prezidenti Donald Trampın inauqurasiya mərasimində həqiqətən iştirak edib. Bununla bağlı görüşü əks etdirən fotolar sayta ötürülərkən elektron ünvana səhvən iki montaj fotosu da yüklənib. Baş verən anlaşılmazlıq sırf texniki səhv olub və ümid edirik hər kəs bunu bu formada qəbul edər”. Bu barədə “Palmali” şirkətinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib” (missiya.az).

Bəh-bəh! Mətbuat xidmətində şirkət şefinin ölkə şefləriylə montaj olunan şəkilləri nə gəzir axı? Mübariz Mənsimov Trampla şəklini niyə montaj etdirsin ki? Olmaya, işçilər özfəaliyyət göstərib, arada məzə üçün müxtəlif montajlar və kollajlara əl atırlar? Görəsən, Hüseyn Cəbrayıloğlunun kompüterində Mübariz Mənsimovun Roma papası ilə, II Elizabetlə, Nelson Mandela ilə, Hillari Klintonla… Ən azından, Britni Spirslə montaj olunan fotolarına da rast gəlmək olarmı? Hər nədirsə, çox maraqlı bir hobbidir… Eşq olsun.

Milyarder olmaq asan məsələ deyil, iş gərginliyi, müxtəlif görüşlər, layihələr, konfranslar insanda daha maraqlı məşğuliyyətlərə mənəvi tələbat oyadır. Hə, arada bu cür maraqlı mövzularda köşə yazıları yazmaq da mənim hobbimdir. Kimsə qınamasın…

Rüfət Əhmədzadə

Qafqaznews.az


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR