Qırğızıstanda “Boeing”in qəzaya uğradığı bölgədə axtarış işləri bərpa edilib

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi “Boeing” yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatlarını bərpa edib.

“Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildiriblər.

Axtarış-xilasetmə işlərinə təxminən 50 nəfər, eləcə də xüsusi texnika cəlb olunub.

Günün ikinci yarısında Dövlətlərarası Aviasiya Komitəsinin ekspertlərinin Qırğızıstana gələcəyi gözlənilir. Qəza yerində tapılmış qara qutular oxunması üçün onlara veriləcək.

Xatırladaq ki, Honkonq – Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin “ACT Airlines” aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbilə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində azı 37 nəfər həlak olub.

İndiyə qədər 32 nəfərin, o cümlədən qəzaya uğramış layenrin dörd pilotunun cəsədi tanınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR