Rusiya hərbiyyəsi Suriyada azı 75 il qalmaq fikrindədir

“The İndependent” yazır ki, Rusiya Suriyadakı hərbi qüdrətini əhəmiyyətli dərəcədə artıracaq saziş imzalayıb.
Halbuki Moskva bundan əvvəl verdiyi bəyanatda bildirmişdi ki, Suriyadakı Rusiya hərbçilərinin və texnikasının sayı azaldılacaq.
Hazırda Rusiyanın Suriya hökumətinin nəzarətində olan ərazisində iki ordu bazası var.
“The İndependent” yazır ki, Moskva və Dəməşq arasında ötən cümə günü imzalanmış yeni sazişə əsasən, Tartus limanında Rusiya gəmiləri üçün ayrılan ərazi iki dəfə genişləndiriləcək və beləliklə, gəmi dayanacağı körpülərinin sayı 11-ə çatdırılacaq.
Rusiya hərbi-hava qüvvələrinin yerləşdiyi hərbi bazada isə ikinci uçuş-eniş xəttinin tikintisi planlaşdırılır.
Rusiyanın rəsmi TASS xəbər agentliyi bildirir ki, sözü gedən torpaq ərazilərinin icarə müddəti 49 il olaraq nəzərdə tutulub və bu müddətdən sonra icarə daha 25 il uzadıla bilər.
Maraqlıdır ki, bundan əvvəl Rusiya prezidenti Validmir Putin 30 dekabr atəşkəs sazişinə uyğun olaraq Suriyadakı Rusiya qüvvələrinin azaldılmasına razılaşmışdı. Ötən ay bildirilimişdi ki, təyyarədaşıyan Kuznetsov gəmisi və bir neçə başqa döyüş gəmiləri Murmanskdakı daimi bazalarına qaytarılır.
Beləliklə, prezident Əsəd gücləndikcə Suriyadakı Rusiya hərbi mövcudiyyətinin azalacağı barədə proqnozlar özünü doğrultmur.
“The İndependent” yazır ki, bu xəbərlər Astanada Rusiyanın təşəbbüsü ilə keçirilən sülh danışıqları ilə eyni vaxta təsadüf edir.
Məqalədə deyilir ki, ABŞ bu danışıqlara rəsmi nümayəndə heyəti göndərməyəcəyini bildirib.
Qəzet yazır ki, cənab Trump-ın Suriya siyasəti hələlik naməlum qalır. Bundan əvvəl ABŞ Suriyada Əsədi devirməyə çalışan müxalifəti dəstəkləyirdi.
Seçki kampaniyası zamanı Trump “Əsədi heç sevmədiyini, lakin onun rejiminin dəstəklənməsinin ekstremist qrupların qarşısının alınmasında ən yaxşı yol ola biləcəyini” söyləmişdi (BBC).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR