Terror qurbanlarının əxlaqını təhlil edənlər

 Milli qeyrətdən anlayan az tapılar, amma millətin qeyrətini güdənlər itətökdür

İstanbulda baş verən terrora Qafqaz Xəbər Agentliyinin kollektivi olaraq üzülür, türkiyəli qardaşlarımıza başsağlığı bildiririk. Parisdə baş verən terror hadisəsinə də üzülmüşdük. Bu günə qədər dünyanın bir çox yerində terror olayı olub. Kafedə, kinoteatrda, meydanda, müxtəlif ictimai yerlərdə… Terror harda olmasından asılı olmayaraq terrordur və lənətlənməlidir. Təsəvvür edin ki, bir kafedə və ya çay evində oturub dostlarınızla söhbət edirsiniz, o zaman hansısa başıuçmuş bir fanatik, yaxud sadəcə cinayətkar əlində silahla içəri girib rastına çıxanı güllələməyə başlayır…

ADNA terrorunu da unutmadıq, deyilmi? Bütün bunları niyə danışıram? Təəssüf ki, “Reina” qurbanlarından olan Nuranə adlı azərbaycanlı qızla bağlı məlumatlar cəmiyyətimizdə birmənalı qarşılanmadı. Bəzi “Facebook” istifadəçiləri sırf şərh yazmaq xatirinə, səhifələrdə ürəkbulandıran sözlər, təhqirlər yazdılar. Və başladılar ölən insanların əxlaq təhlilini aparmağa….

Daha sonra “Space TV”-nin Türkiyə təmsilçiliyi sosial şəbəkədə bildirdi ki, orda yalnız iki azərbaycanlı olub, onlar da yaralanıblar… Fərq etməz, kim olub. Nuranə olub, Dürdanə olub, Əli olub, Vəli olub… Heç kimə güllə atmadan, cinayət işləmədən sadəcə yeni il gecəsində şənlənmək istəyən insanlar qətliama uğrayıb. Milli qeyrətdən anlayan az tapılar, amma millətin qeyrətini güdənlər itətökdür.

Bu gün həmvətənlərimiz arasında da təxribat aparmaq, ölüm şəklinə görə təhlil aparmaq sabah Azərbaycanda da bu cür terror olaylarına zəmin yarada bilər. Baxırsan ki, hər biri bir evin kişisi, necə deyərlər, yıxılan evin dirəyidir. Amma nəsə demək xatirinə, gözlərini yumub ağızlarını açırlar. “Savadı yox, fikri var” məsələsi. Çox uzatmayacam. Sadəcə təəssüf edirəm ki, yalnız silahlı terror yox, həm də beyinlərin yuyulmasıyla törədilən bir terrorla üz-üzəyik. Əsl terror elə öz həyatını yaşaya bilmədən, başqalarının həyatını çək-çevir etməkdir.

Ümumiyyətlə, adətən, milli-mənəvi dəyərlərdən ağızdolusu danışanların çoxu bu dəyərlərə uzaq adamlar olur. Bir az da millətçiliyimizi özümüzdə yaşayaq. Elə öz evimizin içində. Yaxşı yaşaya bilsək, cəmiyyət içinə də yaxşı nümunə kimi çıxa bilərik. Terror hər şəkliylə terrordur və lənətlənməlidir!

Sözardı: Bəzi həmvətənlərimizin də əlinə bəhanə düşdü, “Xalqımdan iyrənirəm” deyərək sağa-sola söyüş sovurmağa başladılar. Onlar o birilərdən elə də fərqlənmədi…

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR