Vüqar Bayramov: Bankların qərarları “qara bazar”ı canlandırır

Bəzi banklar dolları alarkən elə prosedur tətbiq edirlər ki, bu da nəticədə əlində olan dolları satmaq istəyən sadə vətəndaşları “qara bazar”a yönəldir.

Dolları bankda dəyişmək istəyənlər hesab açmalı, bunun üçün yarım saat gözləməli, əlavə hesabın açılması üçün vəsait ödəməlidirlər.

Ekspertlər bildirir ki, bəzi bankların bu cür addımı yolverilməzdir və bu “qara bazar”ın canlanmasına təkan verməkdən başqa bir şey deyil.

Son günlər bir çox vətəndaşlar banklara gedib dolları manata çevirmək istəyərkən maraqlı bir mənzərə ilə qarşılaşırlar. Bankdan deyilir ki, siz bunun üçün şəxsiyyət vəsiqəsi təqdim edərək bankda hesab açdırmalısınız.

Belə olan təqdirdə vətəndaş müəyyən qədər vaxt itirdikdən sonra dolları manata çevirə bilir. Bankların dollar alışına qoyduğu qadağalar müəyyən mənada başadüşülən olsa da, vətəndaşın dolları banka satarkən hansısa məhdudiyyətlə qarşılaşması anlaşılan deyil.

Çünki bu halla qarşılaşan istənilən vətəndaş dollarını bankda deyil “qara bazar”da satmağa meylli olur. İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, bankların bu cür addım atması hətta Azərbaycan Mərkəzi Bankının (AMB) qoyduğu qaydalara da ziddir.

Ekspert bildirir ki, bəzi bankların dolları vətəndaşlardan alarkən yaratdığı maneələr ancaq “qara bazar”ın fəaliyyətinin artmasına və turistləri Azərbaycandan uzaqlaşdırmağa xidmət edir.

V.Bayramov bəzi banklar dollar alışı zamanı tətbiq etdiyi qanunsuz tələblərin qarşısını almaq üçün aidiyyatı qurumlarının ciddi nəzarətinin vacibliyinə diqqət çəkir.

Ekspertin fikrincə, vətəndaşlardan dollar alışının asanlaşdırması bankların da xeyrinədir:

“Çünki, bankların dollar əldə etməsi onların xarici valyuta ilə olan öhdəliklərini yerinə yetirməsi üçün vacibdir. Bundan başqa banklar dollar satışını çətinləşdirəndə panika yaranır və dollara tәlәbat artır. Belə süni qeyri-sabit maliyyə şəraiti isə nə bankların, nə də vətəndaşların xeyrinədir”.

Mənbə: baku.ws

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR