XXI Əsrin yeni pirat siyasəti…

Ötən 2016-cı ildə Astanada keçirilməsi nəzərdə tutulan Xəzər dənizinin statusuna həsr olunacaq 5-ci sammit baş tutmadı.  Beşinci sammit bu ilə -2017-ci ilə keçirilib, dəqiq tarixi məlum deyil. 2016-cı ildə Xəzəryanı ölkələrdən  Rusiyanın da, İranın da siyasətində Xəzər prioritet deyildi, ötən il  bu dövlətlərin  diqqət mərkəzində Suriyada Əsəd rejiminin müdafiəsi, ABŞ-da prezident seçkiləri oldu. Bu günə kimi Xəzərin statusu müəyyən olunmayıb, irəli sürülən variantlar yekdilliklə qəbul olunmadığından problem SSRİ dağılandan sonra hələ də həll olunmamş qalır. Xəzər sahilyanı 5 ölkənin hər biri üçün önəm daşıyır, bizim üçün isə xüsusi əhəmiyyətlidir. Qalan dörd ölkədən fərqli olaraq biz Xəzərdən çox asılıyıq – çörəyimiz,suyumuz, firavanlığımız , əhəmiyyətimiz bu nadir su hövzəsinin sərvətlərindən çox  asılıdır desək, məsələni şişirtmiş olmarıq. Təbii bizə aid olan hissəyə görə. Elə bütün bu status söhbətləri, sammitlər də hər kəsin payına düşəcək  hissənin üstündədir. Hələ ki, müstəqillik əldə edəndən  Xəzərdə mövqelərimizi itirməmişik. Qazaxıstan istisna olmaqla qalan üç dövlət Xəzərin bölünməsində bizim şərtləri qəbul etməsələr də , prinsipial mövqeyimiz dəyişməz qalır.
Mütəxəssislərin rəyinə görə Xəzərdə 178 milyard barrel neft, bir neçə yüz trilyon kubmetr qaz ehtiyatı var. Kürü, nərə balığı da öz yerində. Bu sərvətdən Azərbaycanın da payı yetərlidir.
Rusiya Xarici İşlər Naziri S. Lavrov Xəzərin statusu ilə verdiyi proqnozlara görə bu il sənəd imzalanacaq və Azərbaycan mövqeyindən geri çəkiləcək, xüsusilə Rusiyanın mövqeyi nəzərə alınacaq. Oxucuların bir daha nəzərinə çatdıraq ki, Azərbaycan Xəzər akvatoriyasını beş ölkə arasında milli sektorlara görə bölünməsi variantını irəli sürüb. Rusiya mətbuatında “Bakı son vaxtlara qədər israr edirdi ki…” ifadəsi və Rusiya diplomatiyasının başçısının perspektivdə sənəd imzalanacaq bəyanatı bizi narahat etməyə bilməz. Əslində bu yazının yazılmasına səbəb də Xəzərin statusu məsələsində tarixi bir mərhələ ərəfəsində olmağımızdır.
Rusiyada iqtisadi böhran dərinləşdikcə Putin komandasının büdcə doldurma planlarına Xəzərin də nefti, qazı, kürüsü, balığı daxil olacaq. Xəzər Rusiyaya görə yalnız qapalı akvatoriyada hərbi üstünlüyünü qorumaq üçün deyil. 60 döyüş gəmisinin və 20 min şəxsi heyətin olduğu Rusiya Xəzər donanması heç bir sahil ölkəsinin arsenalında yoxdur.7 oktyabr 2015-ci il tarixdə Xəzərin Lənkərana yaxın hissəsindən Suriyanı raket atəşinə tutması da əzələ nümayişi idi. Amma, Xəzər Rusiya üçün həm də, daxili problemlərini qonşuların hesabına həll etməyə imkan verən nadir bir sərvət mənbəyidir.
Rusiya yaxşı bilir ki, iqtisadi böhran Azərbaycanı da ağır duruma salıb və bu durumun daxili etirazlara, narazılığa səbəb ola bilmək ehtimalı var və bəzi dairələri, xüsusilə 5-ci kalonu ayaqlandıra bilər, hətta şimal qonşumuz süni gərginliklər də yaratmaqda əvəzsizdir. 2013-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyanın təzyiqi yaddan çıxmayıb. Rusiyanın təzyiqİ nəticəsində Azərbaycanı Xəzərin statusu məsələsində maraqlarımıza uyğun olmayan sənədin imzalanmasına məcbur etməsi bizim fəlakətimiz ola bilər.
Rusiya KİV-ləri ilin əvvəlindən Xəzər mövzusunu tam imperiya ambisiyaları baxımından tez-tez gündəmə gətirirlər. Vaxtilə Stepan Razinin quldur dəstəsinin  qənimət (zipun) ardınca Xəzərə girməsini, indiki Rusiyanın “həm qənimət, həm də neft” ardınca Xəzəri yenidən fəth etməsini vacib bilən rus siyasi yazarların bu qənaətə gəlməsini əks etdirən yazılar sıradan deyil.
Heç biz də sıradan bir məlumat kimi bu mövzuya müraciət etmədik.
Moderator.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR