`Yoxlama` yenə qalmaqala səbəb oldu – Video

ATV-nin məşhur “Yoxlama” verlişi yenidən qalmaqalla gündəmə gəlib.

AzVision.az xəbər verir ki, bu barədə Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin rəhbərliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki. 06 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı 12 (on iki) nəfərdən artıq idmançı görünüşlü şəxslər, o cümlədən “Yoxlama” adlanan verilişin aparıcısı Azər adlı şəxs, onun yanında özünü bütün sahələr üzrə ekspert kimi təqdim edən hündürboylu ağ sifətli 27-28 yaşlı gənc oğlan, ATV gödəkçəsi geymiş 5 “əməkdaş” və təhlükəsizliyə aid uniforma geymiş daha 5 gənc məktəb rəhbərliyinə xəbər vermədən, qapıçını itəliyərək məktəbə daxil olub, təqribən bir saat müddətində məktəbdə böyük ajiotaj yaradıb, məktəbin müxtəlif ərazilərində, həmçinin icazəsiz siniflərə daxil olaraq tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparıblar.

Məktəbdən verilən məlumata görə, onlar məktəb rəhbərliyinin dəfələrlə müraciətinə əhəmiyyət verməyiblər: “Onlar özlərini sözün həqiqi mənasında qoçu kimi aparıblar. Bu qoçu dəstəsinin üzvləri tərəfindən müəllimlərə və məktəbin texniki personalına qarşı kobudluqlar edilib, ələ salma tipli suallar verilib, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunublar. Heç bir xəbərdarlıq etmədən həmin gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq çəkiliş aparıblar. Bütün bunlar ciddi narahatçılıq yaradıb, həmin “çəkiliş qrupu”nun törətdiyi qalmaqal şagirdlər, müəllimlər və valideynlər arasında vahiməyə səbəb olub”.

Məlumatda qeyd edilib ki, ATV kanalının əməkdaşlarından biri məktəbin 6 E sinif şagirdini kobudcasına itələyərək yıxıb və ona xəsarət yetirib.

Qeyd edək ki, hazırda məktəbdə Təhsil Nazirliyi tərəfindən əsaslı tikinti işləri aparıldığından məktəb üç növbəli rejimdə işləyir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR