38 saylı Uşaq Bağçasının direktoru mətbuatdan nə istəyir?

 Rüfət Əhmədzadə: “Sizə təklif edirəm, bu dəfə siz özünüz mənə zəng edin, əməkdaşlıq etdiyim Qafqaznews.az saytına və mənə şər-böhtan yaxdığınıza görə üzr istəyin”

Əcəb yerdə axşamlamışıq. Zorla təmiz adıma “reket” damğası yapışdırmağa çalışırlar. Yenə hansısa nazir və ya nazir müavini bunu eləsə, o qədər yandırmaz… İşim-gücüm qurtarıb, hansısa bağça direktorunu təhdid edirəmmiş… Öz oğluma bağça tapmaq üçün heç kimə ağız açmıram (Allah düşmənləri də Abşeron RİH-in ümidinə buraxmasın), amma….

Keçən ilin martında işindən qovulan və məhkəmədə qalib gələn tərbiyəçi Aynur Mahmudova ilə bağlı 1 dəfə 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribovaya zəng eləmiş və ittihamlara münasibətini soruşmuşdum (hörmətlə və nəzakətlə danışmışdım, elə o da mənə eyni hörməti göstərmişdi). Neçə ayın söhbətidir.

Bu gün öyrəndim ki, həmin S. Qəribova məndən və bir neçə jurnalistdən 27-ci polis bölməsinə şikayət edib. Başqaları nə deyib, bilmirəm. Amma guya, mən ona demişəm ki, “həmin tərbiyəçini işə bərpa elə, yoxsa səni qəzətəmdə rüsvay edəcəm”.

Dəhşətdir, vallah, deməyə söz tapmıram… Həmin şikayətdə hazırda həbsdə olan bəzi redaktorların da adı yer alır. Həmin şəxslər imkanlı şəxsləri şantaj etməkdə təqsirləndirilirlər. Bu məsələyə münasibət bildirməyəcəm. Di gəl ki, Sədaqət Qəribovaya bir neçə ürək sözüm var.

Ay Sədaqət xanım, tutaq ki, mən Aynur Mahmudovanın işə bərpa olunmasını istəmişəm. Əlbəttə, o xanım barəsində valideynlərdən elə xoş sözlər eşitdim ki, həqiqətən də, onun öz işinə qayıtmasını istədim. Buna görə, sizin yanınıza xahişə də gələ bilərdim… Gəldimmi? Gəlmədim, çünki sonradan şərlənəcəyimi təxmin eləmişdim.

Bəlkə, mənim sizi hədələməyim, qorxutmağımı əsaslı şəkildə sübut edəsiniz? Yoxsa, işimi-gücümü atıb, mənim adımı polis bölmələrinə “reket” kimi yazdırmağınıza görə, sizi məhkəməyə verməyimi gözləyirsiniz? Mətbuata savaş açacaq qədər arxalı, dayaqlı ola bilərsiniz…

Amma şükürlər olsun, gözümüz kimsənin yanında kölgəli deyil. Odur ki, sizə təklif edirəm, bu dəfə siz özünüz mənə zəng edin, əməkdaşlıq etdiyim Qafqaznews.az saytına və mənə şər-böhtan yaxdığınıza görə üzr istəyin… Belə gözəl təklifi qardaş qardaşa (bacıya) verməz.

Hörmətlə, Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR