Bakı Apellayasiya Məhkəməsinin hakimi baxdığı işin mahiyyətindən xəbərsizdir?

Nərimanov Rayon Məhkəməsinin proses protokolu “İlin Dörd Fəsli” MMC nümayəndəsinin sözləriylə düz gəlmir

“Fuad Talışinski Avropa İnsan Haqları Konvensiyasının tələblərini pozur”

2017-ci il fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılıb. Məhkəmədə jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını tanınmış hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təmsil edib.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi isə məhkəmədə Mehman Muradlı çıxış edib. Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Kavkaznews.az-a bildirib ki, “İlin Dörd Fəsli” MMC-nin iddiasına görə, 15 iyul 2016-cı il tarixdə legion.az-da dərc olunan məqalədə Abşeronun baş memarı Akif Əliyevin “Yeni Bakı”dakı bəzi binaların divarlarında çatlarla bağlı səsləndirdiyi fikirlər təhrif olunub. Bu günlərdə Kavkaznews.az-la əlaqə saxlayan İ.Abbasov qeyd edib: “İşə Nərimanov Rayon Məhkəməsində baxılan zaman, “İlin Dörd Fəsli” MMC 15 iyul 2016-cı il tarixində dərc olunan məqaləyə görə, “Legion İnformasiya Agentliyi” MMC və jurnalist Rüfət Əhmədzadədən  243 min 367 manat məbləğində guya dəyimiş ziyanı ödəməyi tələb edir.

Hüquqi nöqteyi-nəzərdən, məqalənin dərcindən 10 gün sonra qeydiyyatdan keçmiş, domeni 2016-cı ilin 28 iyulunda 40 manata əldə edən “Legion İnformasiya Agentliyi” MMC bu məqaləyə görə məsuliyyət daşıya bilməz. Nərimanov RM bu iddianı rədd edib. Bakı Apellyasiya Məhkəməsində isə Mehman Muradlı legion.az saytının nə vaxt kimə məxsus olmasını müəyyən etmək üçün vəsatətlə çıxış edib.

İclas zamanı iddiaçı tərəf bəyan etdi ki, guya 1-ci instansiyada bu cür vəsatətlə çıxış edib, amma məhkəmə onu vəsatətini təmin etməyib. Hakim Fuad Talışinski ondan Nərimanov RM-in vəsatəti hansı əsasla təmin etmədiyini soruşanda Mehman Muradlı belə cavab verdi: “Bilmirəm”. Lakin qətnaməyə görə, hakim Mülki-Prosesual Məcəllə əsasında iddiaçı tərəfə cavabdehi əsl cavabdehlə əvəzləməyi təklif edib, amma iddiaçı ilkin tələbində qalıb”.

İlqar Abbasov buna sübut olaraq, Nərimanov Rayon Məhkəməsinin 8 noyabr 2016-cı il tarixli qətnaməsinin surətini təqdim etdi. İ.Abbasovun sözlərinə görə, Mülki-Prosesual Məcəllənin 54.1-ci maddəsində görə, iddia aid olmayan tərəfə qarşı qaldırılıbsa , hakim iddiaçı tərəfə ilkin cavabdehi  əsl cavabdehlə dəyişməyi təklif edir və onun razılığına əsasən  dəyişə bilər.

“Mülki-Prosesual Məcəllənin 371-ci maddəsinə görə isə işdə iştirak edən tərəflə apellyasiya məhkəməsinə yeni sübutlar təqdim edə bilərlər. Amma qarşı tərəf  apellyasiya məhkəməsinə heç bir yeni sübut təqdim etməyib”, – deyə İlqar Abbasov vurğuladı.

Onun sözlərinə görə, Fuad Talışinskinin hərəkətləri barədə artıq Məhkəmə-Hüquq Şurasına müraciət edib. Biz “İlin Dörd Fəsli” MMC-nin münasibətini öyrənməyə çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. Hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, “Legion İnformasiya Agentliyi” MMC yaranmasından əvvəlki məqaləyə görə cavabdehlik daşıya bilməz. Başqa bir hüquqşünas Bəxtiyar Muradovun sözlərinə görə, cavabdehi iddiaçı seçir: “O hüquqlarının kimin tərəfindən pozulduğunu ehtimal edərək, məhkəməyə müraciət edir. Məhkəmə isə cavabdehi iddiaçının razılığı olmadan dəyişə bilməz. Əgər iddiaçı cavabdehi dəyişmək təklifini rədd edirsə, o zaman proses davam edir və məhkəmə iddianı rədd edir”.

Onun sözlərinə görə, cavabdeh birinci instansiyada dəyişdirilə bilər: “Apellyasiya məhkəməsində isə ancaq üçüncü tərəf cəln oluna bilər. Hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiyanın qətnaməsini qüvvədə saxlayacaq”.

Vəkil İradə Cavadova isə bildirib ki, “İlin Dörd Fəsli” MMC-ni 1-ci instansiyada əvvəl o təmsil edib: “Mən “İlin Dörd Fəsli” MMC-nin maraqlarını təmsil edirdim. O zaman cavabdehi dəyişmək barədə vəsatət qaldırmamışdım. Sonra iddiaçı tərəfin nümayəndəsi dəyişdirildi və prosesin sonrakı gedişatı haqda məlumatlı deyiləm. Amma Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyevi yaxşı tanıyıram, düşünmürəm ki, o, qətnamədə bu cür kobud səhv buraxar. İddiaçının belə bir vəsatətlə çıxış edib-etmədiyini bilmək üçün, sadəcə protokolla tanış olmaq lazımdır” (kavkaznews.az).

LEGION əməkdaşı məsələylə bağlı jurnalist Rüfət Əhmədzadənin də fikrini öyrəndi. “Mən bu günlərdə Prezidentə geniş müaciət ünvanlamışdım. Ötən gün Məhkəmə-Hüquq Şurasının məsləhətçisi Xoca Hüseynovla danışdıqdan sonra, yenidən Prezidentə şikayət etdim. Xoca Hüseynov bu gün telefon söhbətimizdə “müxtəlif orqanlara müraciət edib, məhkəməyə təsir göstərməyin” dedi.

O, həmçinin bildirdi ki, Məhkəmə-Hüquq Şurası hakimin işinə qarışa bilməz və mən onun qərarını gözləməliyəm. Belə çıxır ki, hakim iddiaçı tərəfin maraqlarından çıxış edərək, ədalətsiz qərar verəcək, mən də artıq maddi və mənəvi zərərə düşməli, daha çox stres yaşamalıyam”, – deyə R.Əhmədzadə qeyd etdi.

Vəkil Ələsgər Məmmədli də hesab edir ki, əgər 1-ci instansiya məhkəməsi vəsatəti rədd edibsə, yaxud hansısa məqamı buraxıbsa, iddiaçı tərəf apellyasiya məhkəməsində yeni vəsatət qaldıra bilər. “Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinski mübahisə mövzusu olan müsahibəni vermiş Abşeronun baş memarı Akif Əliyevi məhkəməyə çağırmaq baədə cavabdehin vəsatətini rədd edib”, – deyə qeyd etdik.

“Bu isə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozulmasıdır. Jurnalist öz hüquqlarınan istifadə edərək, müsahibə alıb. Özünün haqlı olduğunu sübut etmək üçün, cavabdehin belə bir vəsatətlə çıxış etməyə haqqı var. Hakim Konvensiyanın tələblərini pozub”, – deyə Ə.Məmmədli LEGİON-a bildirdi.

Hüquqşünas Aqil Qəhrəmanovun da fikrincə, Bakı Apellyasiya Məhkəməsinin hakimi mübahisə mövzusu olan müsahibənin həqiqətən Akif Əliyev tərəfindən verilib-verilmədiyini ancaq Akif Əliyevin özünün iştirakıyla müəyyən edə bilər. “Akif Əliyev məhkəmə iclasında öz müsahibəsini danarsa, səs yazısı ekspertizaya göndərilməlidir. Burda işgüzar məsələdən söz gedir. Həmçinin, jurnalistin də işgüzar nüfuzu təhdid altındadır. Hakim məsələyə birtərəfli yanaşmamamalıdır”, – deyə A.Qəhrəmanov əlavə etdi.

Tamerlan Zeynallı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR