Bakı Apellyasiya Məhkəməsində haqsızlıqla üzləşən jurnalist Prezidentdən kömək istədi – MÜRACİƏT

Rüfət Əhmədzadə: “İnanıram ki, Sizin müvafiq tapşırıq və göstərişləriniz əsasında bu ədalətsizlik və “qisas” kampaniyasına qısa bir zamanda son veriləcək”

 Müraciətin surəti Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə də ünvanlanıb

Tanınmış jurnalist, Qafqaz Təhsil Mərkəzinin baş direktoru Rüfət Əhmədzadə yazılarına görə təzyiq və “qisas” kampaniyasına məruz qalması ilə bağlı, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Bu barədə Qafqaznews.az -a məlumat verən R.Əhmədzadə bildirib: “Abşeronun baş memarı Akif Əliyevdən aldığım müsahibəni “şəxsi həyata müdaxilə” kimi qiymətləndirən Bakı Apellyasiya Məhkəməsi hakimi Fuad Talışinskidən Azərbaycan Prezidenti İlham Əliyevə “president.az” vasitəsilə şikayət etdim. Hakim açıq-aşkar “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlıya tərəfkeşlik edir, nə öz müsahibəsini danan Akif Əliyevi məhkəməyə çağırmır, nə də təqdim etdiyimiz faktları nəzərdən keçirmək istəmir.  Eyni zamanda, Akif Əliyevin də mənə qarşı qurulan qisas planında iştirakçı olduğunu hesab edirəm. “President.az” saytına yazdığım şikayətdən savayı, geniş məzmunda da müraciət hazırlamışam və bu gün cənab Prezidentə göndərdim”.

O, qeyd edib ki, müraciətin surəti Prezident yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə də ünvanlanıb.

Müraciətin mətnini oxuculara təqdim edirik:

“Cənab Prezident!

Siz daim məhkəmə orqanlarının və icra hakimiyyəti strukturlarının mətbuata qarşı qərəzsiz, ədalətli olmasını tələb etmiş, jurnalistlərlə bağlı vicdanlı qərarlar qəbul edilməsinin tərəfində olmuşsunuz.

Lakin təəssüflər olsun ki, bəzi məmurlar, işbazlar və hakimlər həm mənə, həm də ümumilikdə müstəqil mətbuata qarşı qurulan qisas planının iştirakçısına çevriliblər. Düşünürəm ki, bu mənfur plan həyata keçərsə,  sadə vətəndaşların ümid yerinə çevrilmiş müstəqil mətbuata zərbə endirilməsi asanlaşacaq və öz sözünün arxasında dura bilməyən məmurlar mətbuata verdikləri açıqlamanı danmaqla, jurnalistləri zərbə altında qoymağa başlayacaqlar. Çünki mənim üzləşdiyim bu problemin qarşısı alınmazsa, cəmiyyətdə çox təhlükəli bir presedent yarana bilər.

Mənə qarşı başlanmış qisas kampaniyasında təkcə hər hansı şirkətin maraqlarından yox, eləcə də, vaxtaşırı Abşeron rayonunda vətəndaşların sosial problemlərini işıqlandırdığıma görə, məmurların məni susdurmaq cəhdlərindən söz getdiyi qənaətindəyəm.

Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” yaşayış kompleksinə nəzarəti həyata keçirən “İlin Dərd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı Abşeronun baş memarı Akif Əliyevlə razılaşaraq, mənə və  “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı 243 min 367 manat cərimələmək barədə məhkəmə iddiası qaldırıb.

“Yeni Bakı”dakı binaların bəzilərinin çat verməsi barədə sakinlərin müraciəti əsasında mən araşdırma apararaq, “İlin Dörd Fəsli” MMC- nümayəndəsi Zamiq adlı əməkdaşdan 11.07.2016 tarixdə, iyulun 15-də isə Abşeron Rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevdən telefon vasitəsi ilə müsahibə almışdım.

Akif Əliyev mənə o binalarda çat və çökmə əlaməti olduğunu desə də, sonradan “İlin Dörd Fəsli” MMC-yə yazılı arayış verərək, öz müsahibəsini danmışdır.

Şirkət isə bu arayış əsasında Nərimanov Rayon Məhkəməsində mənə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı (halbuki, bu MMC yazının dərcindən 10 gün sonra yaranıb və legion.az domenini 28 iyul 2016-cı il tarixində “İname” şirkətindən əldə edib) 243.367 manatlıq iddia qaldırıb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev tam ədalətli yanaşaraq, təqdim etdiyimiz faktları araşdırıb, Akif Əliyevin həqiqətən müsahibəsində “Yeni Bakı” yaşayış binalarında çat və çökmə olması haqda danışdığını, mənimsə heç bir qanunu pozmadığımı təsdiqləmişdi.

Həmçinin, qeyd etmək istərdim ki, 2016-cı ilin oktyabrında Nərimanov Rayon Məhkəməsində “İlin Dörd Fəsli” MMC-nin Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı 243.367 manatlıq təzminat iddiasına baxılarkən, “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı mənə sosial şəbəkədə yazılar yazaraq təhqir və təhdid etmiş, “sənin işinə mən çıxacam, görəcəksən..”deyərək, nalayiq ifadələr işlətmişdi.

Bu barədə 2016-cı il 27 oktyabr tarixində DİN başçısı Ramil Usubova müraciət etmişdim, məsələ DİN Baş MCMİ-də araşdırılmışdı. Təəssüf ki, bu işə baxan əməliyyat müvəkkili şifahi olaraq şikayətimin mülki xarakterli olduğunu bildirmiş, sözügedən məsələ ilə bağlı “göndərildiyi” deyilən məktub isə 2016-cı ilin noyabrından bəri hələ də mənə çatdırılmamışdır.

Hazırda isə Mehman Muradlının “qisas” xarakterli addımlarından, habelə, Bakı Apellyasiya Məhkəməsində 7 fevral 2017-ci il tarixli iclasda nümayəndəm İlqar Şiraslan oğlu Abbasov çıxış etdiyi zaman onun fikir və təkliflərini heç dinləməyən, əhəmiyyət verməyən hakim Fuad Talışinskinin Mehman Muradlı ilə danışmasından, işin mahiyyətiylə dərindən məlumatlı olmamasından narahatlıq hissi ilə, Sizə müraciət etməyi lazım bildim. Hesab edirəm ki, Mehman Muradlı indi Bakı Apellyasiya Məhkəməsi vasitəsilə məndən qisas almağa çalışır. Fikrimcə, hakim Fuad Talışinski açıq-aşkar 07.02.2017 tarixli iclasda M.Muradlıya tərəfkeşlik edib. O, Abşeron RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevi məhkəməyə çağırmır, müsahibmizin səs yazısını şəxsi həyata müdaxilə hesab edir.

Nümayəndəm İlqar Abbasov bildirib ki, Rüfət Əhmədzadə Abşeronun baş memarı Akif Əliyevin, habelə onun şöbəsində çalışan Abdun Dadaşovun “Yeni Bakı”dakı binalara baxış keçirdiyi barədə məlumat alıb, telefon zəngini də məhz bu mövzu ilə bağlı edib. Yəni, Rüfət Əhmədzadə özünü jurnalist kimi təqdim edərək, Abşeronun memarlıq və tikinti şöbəsinin müdirindən rayon ərazisindəki binaların vəziyyəti ilə bağlı müsahibə alıb.

Lakin hakim Fuad Talışinski nümayəndəm İlqar Abbasovun sözlərinə əhəmiyyət verməyib. İlqar Abbasov danışdığı vaxtda, hakim Fuad Talışinskinin də başı Mehman Muradlıyla danışmağa qarışıb. Hakim Fuad Talışinski öz müsahibəsini danan Akif Əliyevin məhkəməyə çağırılması, zərurət yarandlığı halda müsahibənin audioyazısının ekspertizaya göndərilməsi barədə xahişimizə rədd cavabı vermiş, bunu “Akif Əliyevin şəxsi həyatına müdaxilə” kimi qiymətləndirmişdir.

Sual yaranır ki, hakim işgüzar məsələ ilə şəxsi həyatı ayıra bilmir? Axı mən Akif Əliyevə şəxsi suallar yox, həmin tarixdə özünün və tabeliyində olan Abşeron RİH əməkdaşlarının “Yeni Bakı”da nəzərdən keçirdiyi binalar barədə soruşmuşam. Hakimin buna “şəxsi həyata müdaxilə” qiyməti verməsini isə analoqu görünməyən ədalətsizlik və mətbuat azadlığına sui-qəsd kimi başa düşürəm.

Burdan bir sual da yaranır: Əgər məlum olsa ki, “İlin Dörd Fəsli” MMC-yə 243 min 367 manat ziyanı vuran jurnalist Rüfət Əhmədzadə yox, Abşeronun baş memarı Akif Əliyevdir. Ona qarşı məhkəmə iddiası qaldırılacaqmı? Axı, məsələnin əslinə baxanda, “Yeni Bakı”da binalar haqqında danışan, fikir bildirən məhz Akif Əliyev olub, Rüfət Əhmədzadə yox!

“İlin Dörd Fəsli” MMC-nin Akif Əliyevə qarşı məhkəmə ididası qaldıracağına inanmıram, çünki kasıb və məmur qohumları olmayan bir jurnalisti qurban vermək daha asan başa gələr. Bu məhkəmə prosesinin də, məhz “İlin Dörd Fəsli” MMC ilə Akif Əliyevin razılaşması əsasında qurulmuş plan olduğu şübhə doğurmur.

Qeyd edim ki, Mehman Muradlı bu və digər yerlərdə Sizə yaxın olan, özümün də ağsaqqal kimi qəbul etdiyim bir şəxsin adını çəkir, o hörmətli şəxsin adından istifadə edərək, məhkəməyə təzyiq göstərməyə çalışır.

Möhtərəm Prezident!

Xahiş edirəm, bu məsələni nəzarətə götürərək, ailəsini cüzi qonorarla dolandıran bir jurnalistin fantastik rəqəmlərdə cərimə iddiaları ilə təzyiqlərə məruz qalmasına imkan verməyəsiniz.

İnanıram ki, Sizin müvafiq tapşırıq və göstərişləriniz əsasında bu ədalətsizlik və “qisas” kampaniyasına qısa bir zamanda son veriləcək.

Hörmətlə, Rüfət Seyidəhməd oğlu Əhmədzadə”.

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

Araz Məmmədov və Rüfət Əhmədzadə Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsiylə müraciət etdilər – MƏTN

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi məhkəmədə mötəbər şəxsin adından istifadə edir?

Hakim Fuad Talışinski “şəxsi həyat” deyəndə nə başa düşür?(AUDİO)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR