Bizi “durbin”lə izləyən həmkarlar

Azərbaycan mətbuatı bir daha sübut etdi ki, azad sözə heç bir müştəbeh işbaz, heç bir oyunbaz məmur tələ qura bilməz!

Onlar yanımızda görünməsələr də, varlıqlarını hiss edirik.

Birbaşa bizi dəstəklədiklərini deməsələr də, mübarizəyə verdikləri töhfələrdən, nə demək istədikləri açıq-aydın sezilir.

Ola bilər ki, hansısa qəzet və ya sayt rəhbərləri, baş redaktorlar sırf öz biznes maraqları, maliyyə resurslarını qorumaq baxımından, bizi tanımadığını, hətta oxumadığını da desin…

Lakin son zamanlar üzləşdiyimiz məhkəmə prosesləriylə paralel olaraq, bizdən qisas almağa çalışanların barəsində mətbuatda bir çox yazılar dərc olundu.

Məsələn, mən və “Legion İnformasiya Agentliyi” ötən ilin avqust ayından bəri, “İllin Dörd Fəsli” MMC-nin qisas kampaniyasına məruz qalmışıq.

Sanki kənardan bizi “durbin”lə izləyən həmkarlarımız birbaşa məhkəmə iddiası ilə bağlı yazılarımızı paylaşmasa da, bu mövzuya toxunmasa da, “Yeni Bakı”nın problemləriylə bağlı silsilə yazılar yazmağa başladılar.

Onlar həm vətəndaşların problemini işıqlandırdılar, həm də göstərdilər ki, bir jurnalistin və ya bir agentliyin yaxasından yapışmaqla deyil… Həqiqəti boğmaq, öz müsahibəsini danan Akif Əliyev kimi bir məmurun yazılı arayışıyla söz azadlığını məhdudlaşdırmaq mümkün deyil.

Absurda bax ki, “Yeni Bakı”da çatlar barədə hələ 2013-cü ildə Olaylar.az saytında dərc olunmuş yazı “İlin Dörd Fəsli” MMC-ni  narahat etmədi, amma 15 iyul 2016-cı ildə Legion.az-da dərc edilən məqaləyə görə, məhkəmə iddiası qaldırdı.

Həm də, bu iddiada yazıdan 3 gün əvvəl, 12 iyul 2016-cı ildə xitam verilmiş mənzil müqavilələrinə görə kompensasiya tələb edilir (!)…

“Meydan TV”nin “Yeni Bakı”dan canlı yayıma çıxması, “Sputnik”in silsilə yazılarla sakinlərin problemlərinə toxunması, “Hürriyyət”qəzetinin Tahir və Cabir İmanovların reklam videoçarxı haqqında yazması… Bu, təqdirəlayiqdir.

Azərbaycan mətbuatı bir daha sübut etdi ki, azad sözə heç bir müştəbeh işbaz, heç bir oyunbaz məmur tələ qura bilməz! Vaxtıilə , bir sıra müstəqil qəzet və saytlar, habelə onların əməkdaşları müxtəlif məmurlar və işbazlar tərəfindən  təqiblərə məruz qalırdı,bu təzyiqlər özünü bolsıfırlı məhkəmə iddialarında da göstərir ,son zaman isə hakimlər öz tərəfkeşliyi və mətbuata qərəzli yanaşması ilə yadda qalırdı.Yəqin ki,bir çox oxucumuz”ayı qalmaqalı”nı xatırlayar. O zaman özünü toxunulmaz hesab edən, mətbuata nəyi yazıb nəyi yazmamağı öyrətməyə çalışan şəxslər məhkəmədə qalib gəlsələr də cəmiyyət qarşısında fiaskoya uğradılar.Çünki müstəqil mətbuat öz birliyini göstərdi.İnanırıq ki,bugün və sabah bizim də üzləşəcəyimiz təzyiqlər cəmiyyətin iradəsi qarşısında öz gücünü itirəcək . Və heç bir oliqarx, heç bir işbaz özünü dövlətçilik dəyərlərindən üstün tutaraq mətbuata diqtə etməyə qalxmayacaq.

Eləcə də, “Mətanət A” şirkətinin məhkəməyə verdiyi “Qafqaz Xəbər Agentliyi” və Araz Məmmədovun məsələsi də maraqlıdır. “Mətanət A”nın məhkəmə xəbəri yayıldıqdan sonra, bu şirkət barəsində silsilə yazılar dərc olunmağa başladı. Müxtəlif saytlarda, müxtəlif jurnalistlər tərəfindən….

Məndən “İlin Dörd Fəsli” MMC 243 min tələb edir, həmkarım Araz Məmmədovdan isə “Mətanət A”nın tələbi 2 milyondur.

Elə bil ki, jurnalist deyilik, oliqarxlarıq…

Qeyd edim ki, Abşeronun baş memarı Akif Əliyevdən Cənab Prezidentə rəsmi sayt vasitəsilə şikayət etmişəm. Həmin məktubu 2 həftə bundan əvvəl Abşeron RİH-in rəsmi elektron poçtuna da göndərmişəm. RİH başçısı İradə Gülməmmədovadan məktubu oxumağı və Akif Əliyev barəsində tədbir görməyi xahiş etməyimlə yanaşı, bu sözlərinə qeyd etmişdim: “İnanıram ki, böyük bir rayonun rəhbəri olaraq, Siz bu cıllız qisas kampaniyalarından kənardasınız”.

Amma iki həftə keçib… Hələ bir reaksiya yoxdur. O sözlərimi geri götürürəm. Güman ki, İradə Gülməmmədova bu qisas kampaniyasının tam mərkəzindəymiş… Öz sükutuyla bunu təsdiq etdi.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR