FHN nümayəndəsi: ““İlin Dörd Fəsli” şirkəti yaşayış massivi ətrafında torpağı kipləşdirməyib”

“Çatlar “İlin Dörd Fəsli” tərəfindən kipləşdirmə işlərinin aparılmadığına görə baş verib”

 Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyilə, jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılıb.

Məhkəmədə jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını tanınmış hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təmsil edib. “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi isə məhkəmədə Mehman Muradlı çıxış edib. Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Kavkaznews.az-a qarşı tərəfin iddiasına görə, məqalənin dərci zamanı Abşeronun baş memarı Akif Əliyevin fikirləri təhrif olunub.

O qeyd edib ki, məhkəmə iclası zamanı Rüfət Əhmədzadənin Abşeron RİH-in baş memarı Akif Əliyevlə müsahibəsini dinləmək barədə vəsatət qaldırıb.

“Lakin hakim Fuad Talışinski bu vəsatətə əhəmiyyət vermədi və bunun şəxsi həyata müdaxilə olduğunu bildirdi”, – deyə İlqar Abbasov qeyd etdi (Kavkaznews.az).

Tanınmış vəkil Osman Kazımov LEGİON-a bildirdi: “Hüquqi şəxs olan şirkət işgüzar nüfuzuna dəyən zərərlə bağlı iddia qaldıra bilər. Bu və ya digər şirkətin satdığı məhsulların keyfiyyətsiz olması barədə məlumatlar şirkətin nüfuzuna zərər vura bilər. Şirkət təbii olaraq, öz işgüzar nüfuzunu müdafiə etməlidir”.

Lakin onun fikrincə, “İlin Dörd Fəsli” MMC tərəfindən jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı qaldırılan iddia əsaslandırılmış deyil. “Niyə” sualına vəkil belə cavab verdi: “Ona görə ki, bu halda şirkətin üzərinə götürdüyü öhdəliklərdən söz gedir.

Axı “İlin Dörd Fəsli” ilə vətəndaşlar arasında öhdəliklərlə bağlı müqavilə bağlanıb. Binalarda çat olan zaman, yaxud da şirkət qaz xəttini çəkməyəndə sakinlər şirkətə iddia qaldıra bilər”, – deyə vəkil vurğulayıb.

“Əgər siz yazmısınızsa ki, şirkətin tökdüyü beton standartlara cavab vermir, daha doğrusu, konkret fakt göstərmədən neqativ informasiya yayırsınızsa, o zaman işgüzar nüfuza ziyan vurmuş olursunuz. Lakin siz binalardakı çatlar haqqında məlumat yayırsınızsa, “İlin Dörd Fəsli” ilə müqavilə bağlayan vətəndaşlar müqavilədən çıxış edərək, bu şirkəti məhkəməyə verə bilərlər”, – deyə O.Kazımov qeyd etdi.

“Lakin Abşeronun baş memarı Akif Əliyev öz açıqlamalarından imtina edir, hakim Fuad Talışinski isə müsahibənin səs yazısını ekspertizaya göndərməkdən boyun qaçırır”, – deyə jurnalistimiz qeyd etdi. «Bu, o deməkdir ki, hakim Fuad Talışinskinin sözügedən işdə hansısa maraqları var”, – deyə vəkil vurğuladı. “Yeni Bakı”yaşayış massivinin sakini İlahə Tahirova LEGİON-a bildirdi ki, “İlin Dörd Fəsli” tərəfindən inşa olunan “Yeni Bakı”dakı binalar qəza vəziyyətindədir. “Biz dəfələrlə bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Hətta damda belə çatlar var. Mən sonuncu, yeddinci mərtəbədə yaşayıram. Yağışlar zamanı, damdan mənzilimizə su sızır”, – deyə İ.Tahirova vurğuladı.

Onun sözlərinə görə, o və digər sakinlər FHN və Abşeron RİH-ə çatlar barədə məlumat veriblər. “FHN işçiləri və Abşeronun baş memarının nümayəndələri binamıza baxıblar. Baxışın nəticələri mənə məlum deyil”, – deyə İ.Tahirova LEGİON-a bildirdi. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin əməkdaşı Novruz müəllim (soyadını bizə bildirmədi – red.) LEGİON-a dedi ki, “Yeni Bakı”dakı binalara baxışı o həyata keçirib. “Binaların özündə bilavasitə çatlar yox idi. Çatlar pilləkənlər və pilləkən meydançalarında müşahidə olunub. “Pilləkən meydançasında çatın olması ümumi normalara uyğun gəlirmi?”, – deyə soruşduq. “Yox, pilləkən meydançasında çatlar olmamalıdır”, – deyə FHN nümayəndəsi bildirdi. “Bəs bu çatlara səbəb nə olub?”, – deyə LEGİON əməkdaşı soruşdu.

“Binanı tikməzdən əvvəl, kotlovan qazırlar, özül qoyurlar. Binanın özü kotlovanda inşa olunur. Binanı tikəndən sonra isə ətraf torpaq sahəsi kipləşdirilməlidir. Çatlar “İlin Dörd Fəsli” tərəfindən kipləşdirmə işlərinin aparılmadığına görə baş verib”, – deyə Novruz müəllim qeyd etdi. Onun sözlərinə görə, “İlin Dörd Fəsli” rəhbərliyi bu faktı etiraf edib və sözügedən problemi aradan qaldırmağa söz verib: “Həqiqətən də problemlərin aradan qaldırılması ilə bağlı işlər artıq aparılır”.

İlahə Tahirovanın sözlərinə görə, “Yeni Bakı”dakı binalara baxış keçirənlər arasında Abşeronun baş memarı Akif Əliyevin də nümayəndələri olub. Biz Abşeronun baş memarı Akif Əliyevin də nümayəndələri tərəfindən hansı qənaətə gəlindiyini Akif Əliyevdən soruşduq.

 “Bizim mütəxəssislərin çatlarla bağlı fikir bildirmək hüququ yoxdur. Tikintidə Təhlükəsizlik Agentliyinin Dadaşov adına elmi-tədqiqat institutu var. Ancaq bu institut çatların təhlükəlilik dərəcəsi barədə fikir bildirə bilər. Mənim mütəxəssislərim, yaxud da hansısa ədəbiyyat müəllimi öz fikrini deyə bilməz”, – deyə Akif Əliyev cavab verdi. “Axı sizin mütəxəssislər ədəbiyyat müəllimi deyil”, – deyə xatırlatdıq. “Bu sahədə onlar ədəbiyyat müəllimindən çox bilmirlər”, – deyə baş memar cavab verdi.

“Yeri gəlmişkən, mən Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin mütəxəssisləriylə danışdım. Onların sözlərinə görə, çatların səbəbi odur ki, “İlin Dörd Fəsli” torpağın kipləşdirilməsi ilə bağlı işləri aparmayıb”, – deyə jurnalist qeyd etdi. “Bizim mütəxəssislər binalar arasında, habelə elektrik xətləri və binalar arasında olan məsafə barədə fikir bildirə bilər. Lakin inşaat materialları, konstruksiyalar, yaxud onların istifadə müddəti barədə fikir bildirə bilməz”, – deyə A.Əliyev bildirdi. “Sizin mütəxəssislər çatlar barədə nə deyiblər?” – deyə soruşduq. “Onlar bildirib ki, biz bu sahədə mütəxəssis deyilik və müvafiq orqanlara müraciət olunmalıdır”, – deyə baş memar cavab verdi. Biz “İlin Dörd Fəsli” MMC nümayəndələrinin fikrini də öyrənməyə çalışdıq.

Şirkətin nümayəndəsi Ülviyyə Əliyeva bildirdi ki, “çatlar barədə informasiyanın həqiqətə uyğun olmadığı sənədlər əsasında sübut olunub”.

 Rəşad Rüstəmov

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR