Hakim Fuad Talışinski “şəxsi həyat” deyəndə nə başa düşür?(AUDİO)

Jurnalist Abşeronun baş memarı Akif Əliyevdən uşaqlıq xatirələri haqda soruşmayıb ki…

Fevralın 7-də rəhbərlik etdiyim “Legion İnformasiya Agentliyi” MMC-yə və jurnalist dostumuz Rüfət Əhmədzadəyə qarşı Bakı Apellyasiya Məhkəməsində “İlin Dörd Fəsli” MMC-nin Nərimanov RM-in 8 noyabr 2016-cı il tarixli qətnaməsindən şikayəti üzrə iclas keçirildi. Məhkəmə iclasında bizi Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov, “İlin Dörd Fəsli” MMC-ni isə hüquqşünas Mehman Muradlı təmsil edib.

Qarşı tərəf iddia edir ki, iyulun 15-də Legion.az-da çıxan məqalədə “Yeni Bakı”dakı bəzi binaların çat və çökmə əlamətləri haqda danışan Abşeronun baş memarı Akif Əliyevin sözlərinə görə, jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC məsuliyyət daşıyır. Mehman Muradlının iddiasına görə, bu məqalənin cəmiyyətdə yayılması nəticəsində “İlin Dörd Fəsli” MMC-yə 243 min manat zərər dəyib, onu da biz qarşılamalıyıq…

Əvvəla, oxuculara da xatırladım ki, Mehman Muradlı həmin Mehman Muradlıdır ki, 2016-cı ilin oktyabrında jurnalist Rüfət Əhmədzadənin gözünü qorxutmaq üçün sosial şəbəkədə ona təhqir və təhdidlər yağdırmışdı. O, eyni zamanda həmin şəxsdir ki, hakimlərə rüşvət verib qərardad alması haqqında yazışmaları yayılıb. Güman ki, belə bir adamın tərəf kimi çıxış etdiyi məhkəmənin obyektiv keçiriləcəyi oxucularda da şübhə yarada bilər. Növbəti iclas martın 7-nə qalıb. Və nümayəndəmiz İlqar Abbasov hakim Fuad Talışinskidən, məhkəmə prosesində üzləşdiyi qanunsuz hallardan Məhkəmə-Hüquq Şurasına müraciət etməyə hazırlaşır. Özü bu barədə mətbuata geniş açıqlama da verəcək. Lakin məhkəmədən sonra, İlqar Abbasovdan eşitdiyimiz bəzi məqamlar bizim hədsiz marağımıza səbəb oldu.

İlqar Abbasov hakim Fuad Talışinskiyə təklif edib ki, “Yeni Bakı”dakı binaların çat verməsi və çökmə əlamətləri barədə danışan Akif Əliyev də məhkəməyə çağırılsın, zərurət yarandığı halda jurnalist Rüfət Əhmədzadənin Abşeron RİH-in baş memarı Akif Əliyevdən aldığı müsahibənin səs yazısı ekspertizaya göndərilsin.

Sizcə, hakim nümayəndəmizə nə desə yaxşıdır – “Bəs Akif Əliyevin səsinin yazılması şəxsi həyata müdaxilə deyil?”. Nümayəndəmiz bildirib ki, Rüfət Əhmədzadə Abşeronun baş memarı Akif Əliyevin, habelə onun şöbəsində çalışan Abdun Dadaşovun “Yeni Bakı”dakı binalara baxış keçirdiyi barədə məlumat alıb, telefon zəngini də məhz bu mövzu ilə bağlı edib. Yəni, Rüfət Əhmədzadə özünü jurnalist kimi təqdim edərək, Abşeronun memarlıq və tikinti şöbəsinin müdirindən rayon ərazisindəki binaların vəziyyəti ilə bağlı müsahibə alıb.

Şəxsi həyatdan söz gedə bilməz, çünki o müsahibədə şəxsi həyatla bağlı hətta “Necəsiniz?”sualına  da rastlaşmaq olmaz. Lakin hakim bizim nümayəndəmizin sözlərinə əhəmiyyət verməyib, İlqar Abbasov danışdığı vaxtda, onun da başı Mehman Muradlıyla danışmağa qarışıb… Nəticədə, təkliflərimiz də havada qalıb. Sual yaranır ki, hakimin öz baxdığı işdən elə də dolğun məlumatı yoxdur? Yoxsa, hakim Fuad Talışinski jurnalistimizin Akif Əliyevə zəng edib ondan hansısa uşaqlıq xatirələri haqda soruşduğunu düşünür? Məgər hakim işgüzar məsələ ilə şəxsi həyatı ayıra bilmir?

Təəssüf ki, bu və digər suallar hələlik cavabsızdır. Amma ümid edirik ki, hörmətli hakim Fuad Talışinski tezliklə qanunvericiliyə nəzər salacaq, bu işə düzgün və obyektiv yanaşmaq üçün tam hazırlıqlı olacaq. Həmçinin, Akif Əliyevin də bu sükuta son verməsini, məhkəməyə gələrək öz səsini dinləməsini gözləyirik. Bəlkə də, o zaman bütün bu “anlaşılmazlıq”lar öz həllini tapacaq.

Sonda daha bir sual yaranır: Əgər məlum olsa ki, “İlin Dörd Fəsli” MMC-yə 243 min 367 manat ziyanı vuran jurnalist Rüfət Əhmədzadə yox, Abşeronun baş memarı Akif Əliyevdir… Ona qarşı məhkəmə iddiası qaldırılacaqmı? İnanmağımız gəlmir. Çünki jurnalisti qurban vermək daha asan başa gələr…

Murad İbrahimli

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR