“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi məhkəmədə mötəbər şəxsin adından istifadə edir?

Mehman Muradlı Rüfət Əhmədzadədən məhkəmə vasitəsilə qisas almağa çalışır?

2016-cı il noyabrın 8-də Nərimanov Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev “İlin Dörd Fəsli” MMC-nin jurnalist Rüfət Əhmədzadəyə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı 243 min manatlıq iddiasını rədd etmişdi. “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı jurnalistin qərəzsiz, obyektiv və sırf “Yeni Bakı” sakinlərinin müraciəti əsasında apardığı araşdırmalara qarşı tutarlı bir arqument tapmadığında, son çarəni söyüş dolu təhdidlərdə görmüşdü. Bu məsələ ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tədbirlər də görülüb.

Ola bilsin ki, bu məğlubiyyəti həzm etməyən Mehman Muradlı “İlin Dörd Fəsli” rəhbərliyində Legion.az saytı haqqında yanlış təsəvvür yaradaraq MMC adından yanvarın 13-də Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, Nərimanov RM-in qətnaməsinin ləğv olunması, “faktları təhrif edən”, “şirkətin işgüzar nüfuzuna xələl gətirən” müəllifin cəzalandırılması üçün iddia qaldırıb. Və, məhkəmədə istədiyinə nail olmayan və təhdidləri qarşısında jurnalist Rüfət Əhmədzadənin sınmadığını görən Mehman Muradlı daha “orijinal” vasitəyə əl atıb. Əldə etdiyimiz məlumata görə, M.Muradlı cəmiyyətin müxtəlif təbəqələri tərəfindən hörmətlə qarşılanan mötəbər şəxsin adından istifadə edərək, Bakı Apellyasiya Məhkəməsinə təzyiq göstərməyə çalışır.

Amma inanırıq ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbəri Elnur Hüseynov da konfliktin dərinləşməsinə razı olmaz.

Sual yaranır: Mehman Muradlı Rüfət Əhmədzadədən qisas almaq üçün məhkəmədə həmin  mötəbər şəxsin adından hansı səviyyədə istifadə etməyi düşünür?

Biz qərəzli mətbuatdan olmadığımıza görə, həmin şəxsin adını çəkmirik. Bəlkə də, Mehman Muradlı “İlin Dörd Fəsli” MMC rəhbərliyini inandırıb ki, bu problemi siyasiləşdirməyə çalışan “Yeni Bakı” sakinlərindən ibarət bir qrup narazı şəxsin mətbuatdakı ruporu Rüfət Əhmədzadə və LEGİON-dur… Buna görə də, şəxsi prinsipləri naminə “İlin Dörd Fəsli” MMC-nin resurslarından istifadə edir. Amma xatırlatmaq istərdik ki, biz Nərimanov rayon məhkəməsinin 2016-cı il 8 noyabr qərarından sonra humanizm prinsiplərinə riayət edərək “Yeni Bakı” ilə bağlı yazıları saytımızdan çıxartmışıq. Bununla biz hər hansı oyunlarda iştirak etmədiyimizi, kiminsə ruporu olmadığımızı, kimləsə qərəz güdmədiyimizi göstərmək istədik.

Əlbəttə, “Yeni Bakı” sakinlərindən bəziləri buna başqa don geydirməyə çalışdı. Hətta bəzi şəxslər “agentliyin rəhbərliyi “Yeni Bakı” komendantı Ehtiram Yusifovdan 7-8 min manat pul alıb” kimi şayiələr tirajlamağa çalışdı. Onlar hətta utanmadan, bizə dəstək vermək əvəzinə, “İlin Dörd Fəsli” MMC ilə razılaşmaqda, kimlərdənsə qorxub çəkilməkdə bizi ittiham etdilər. Əgər biz alverə meyilli olsaydıq, şübhəsiz ki, bunu məhkəmə çəkişməsindən əvvəl edərdik. Qeyd edək ki, biz noyabrın 8-dəki qələbəmizdən sonra, “İlin Dörd Fəsli” MMC mövzusunda hər hansı kampaniyada iştirak etməmiş, necə deyərlər, söhbətə nöqtə qoymuşduq. Buna rəğmən, “İlin Dörd Fəsli” MMC-nin Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi”nə iddialarını heç cür anlamaq mümkün deyil.İnanırıq ki, adından sui-istifadə edilən hörmətli şəxs də, ailəsini qonorarla dolandıran bir jurnalistə qarşı bu cür davranışı xoş qarşılamazdı.

Adından istifadə olunan mötəbər şəxsi ağsaqqal kimi qəbul edən, daim sayğı duyan jurnalisti məhz həmin şəxs adından “sındırmağa” çalışmaq isə… Özünə hörmət edən insana yaraşan iş deyil. “Legion İnformasiya Agentliyi” MMC bir daha bəyan edir ki, sosial problemlərdən siyasi məqsədlər üçün istifadə olunmasını daim pisləyir. Həmçinin, mötəbər şəxslərin adından istifadə edən, ona-buna təhdid və təhqir yoluyla karyera qurmağa çalışan insanlara qarşı hər zaman barışmaz olduğumuzu bəyan edirik.

Əgər Mehman Muradlı şəxsən öz adından “Legion İnformasiya Agentliyi” MMC və Rüfət Əhmədzadəyə qarşı iddia irəli sürmək niyyətindədirsə, ona uğurlar arzulayırıq. Yox, “İlin Dörd Fəsli” MMC rəhbərliyi öz nümayəndəsinə inanaraq Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi”nə qarşı bu ədavəti sona qədər aparmaq istəyirsə, biz də öz növbəmizdə məhkəmə çəkişmələrinə də davam gətirməyə hazırıq. Ümid edirik ki, bu iddiaya baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınski, hər hansı təzyiqlərə məruz qalmayacaq, müstəqil mətbuatın linçlənməsinə yol verməyəcək.

P.S. Yada salmaq istərdik ki, biz artıq obyektivlik nümayiş etdirərək “İlin Dörd Fəsli” MMC-nin mövqeyini dərc etmişik. Bildirmək istərdik ki, biz digər tərəfin fikrini yenə də dərc etməyə hazırlq.

Qafqaznews.az

Mövzu ilə bağlı link:

Vəkil İradə Cavadova yeni sənədlər təqdim edib

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR