“İlin Dörd Fəsli” şirkəti “zərərin ödənilməsi”ni tələb edə bilməz”

Xalid Bağırov: “Mənzillərin hüquqi sənədləşdirməsi başlayanda isə onların sahibləri böyük problemlər yaşayacaqlar”

Fevralın 16-da LEGİON-da ““İlin Dörd Fəsli” şirkəti məhkəməni aldadıb?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda bildirilirdi ki, fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyilə, jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılıb.

Məhkəmədə jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını tanınmış hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təmsil edib.“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi isə məhkəmədə Mehman Muradlı çıxış edib.

Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Kavkaznews.az-a bildirib ki, qarşı tərəfin iddiasına görə, məqalənin dərci zamanı Abşeronun baş memarı Akif Əliyevin fikirləri təhrif olunub.

“İlin Dörd Fəsli” MMC öz iddia ərizəsində bildirir ki, Legion.az saytında “Yeni Bakı”dakı binaların çatları haqqında məqalənin dərcindən sonra, dörd sakin şirkətə müraciət edərək, müqaviləyə xitam verilməsi və pullarının qaytarılması tələbini qaldırıblar.

“İlin Dörd Fəsli” MMC öz iddiasında jurnalistdən və “Legion İnformasiya Agentliyi” MMC-dən “işgüzar nüfuza dəyən zərərə görə”, 243 min 367 manat təzminat tələb edir.

Məqalə üzərində iş zamanı, LEGİON-a “Yeni Bakı” yaşayış massivinin sakinlərindən məlumat daxil oldu ki, “İlin Dörd Fəsli” MMC sadəcə “Yeni Bakı”dakı binaların podratçısıdır, sifarişçisi deyil.

Biz bu məlumatı yoxlamaq qərarına gələrək,Abşeronun baş memarı Akif Əliyevlə əlaqə saxlamışdıq.

A.Əliyevin sözlərinə görə, “İlin Dörd Fəsli” şirkəti “Yeni Bakı”nın podratçısı yox, sifarişçisidir.

“Bu məlumat dəqiqdirmi?”, – deyə soruşduqsa da, Akif Əliyev belə cavab verdi: “Məndə olan məlumata görə, “İlin Dörd Fəsli” MMC bu yaşayış massivinin sifarişçisidir”.

“Rayon İcra Hakimiyyətində yaşayış massivinin inşası barədə sərəncam olmalıdır. Siz bu sərəncama baxıb, “İlin Dörd Fəsli” MMC-nin sifarişçi və ya podratçı olması barədə bizə dəqiq məlumat verə bilərsinizmi?” – deyə xahiş etdik.

“İcra hakimiyyətində sənədlər beş ildən çox saxlanılmır. Sənədlər bu müddət başa çatdıqda Azərbaycan Respublikasının Dövlət Arxivinə göndərilir. Onlara sərəncam 2007-2008-ci illərdə verilib. ”, – deyə A.Əliyev qeyd etdi.

Şirkətin Miri adlı əməkdaşı da bizə bildirdi ki, “İlin Dörd Fəsli” MMC podratçı yox, sifarişçidir.

Masazır qəsəbə icra nümayəndəliyinin rəhbəri Şahlar Həsənov isə LEGİON-a bldirdi ki, “İlin Dörd Fəsli” MMC “Yeni Bakı” yaşayış massivinin sifarişçisi yox, podratçısıdır. Bəs sifarişçi kimdir?” – deyə soruşduq. “Mənə məlum deyil”, – deyə Ş.Həsənov cavab verdi (legion.az).

Bu günlərdə jurnalist araşdırması zamanı, LEGİON Abşeronun sabiq RİH başçısı Zakir Fərəcovun “Retro” MMC adlı şirkətə Masazır bələdiiyyəsinin ərazisində, ona aid 13 ha sahədə layihələndirmə və yaşayış kompleksinin tikintisinə dair verdiiyi sərəncamını əldə etdi. Sərəncamın icrası isə ovaxtkı icra başçısının müavini S.Süleymanova tapşırılmışdı.

Masazır Bələdiyyəsinin sədri Siyafər Əliyev LEGİON-a bildirdi ki, 13 hektarlıq ərazidə “Yeni Bakı” yaşayış massivinin tikintisi üçün sərəncam həqiqətən də “Retro” MMC-yə verilib.

“Bu şirkət podratçı olaraq kimi seçib, məlumatım yoxdur”, – deyə S.Əliyev əlavə etdi.

Nəyə görə, “Retro” MMC-yə aid yaşayış kompleksində mənzillərin satışıyla podratçı şirkət “İlin Dörd Fəsli” məşğul olur? Bu sualı “İlin Dörd Fəsli” MMC-nin satış menecerii Altay müəlliməə verdik (soyadını bizə bildirmədi – red.).

“Mən sualınızın cavabını bilmirəm”, – deyən Altay müəllim bizə şirkətin hüquqşünası Mehman Muradlı ilə danışmağı tövsiyə etdi.

Biz Mehman Muradlı ilə əlaqə saxladıq. “Bizə yazılı formada müraciət edin. Müraciətinizə baxacağıq. Kommersiya sirri olan məqamlara cavab verməyəcəyik, kommersiya sirri olmayan hissəyə dair isə mütləq cavab verəcəyik”, – deyə M.Muradlı bildirdi.

Biz Abşeronun baş memarı Akif Əliyevin də fikrini öyrənməyə çalışdıq.  “Siz demişdiniz ki, sərənncam “İlin Dörd Fəsli” MMC-yə verilib”, – deyə xatırlatdıq.

“Bəli, sərəncam o şirkətə verilib”, – deyə baş memar təkrarladı. “Amma bizdə ovaxtkı RİH başçısı Zakkir Fərəcovun “Retro” MMC-yə verdiyi sərəncamın surəti var”, – deyə qeyd etdik.

“Yəqin, bu sərəncam başqa vaxt verilib”, – deyə A.Əliyev bildirdi. “Sərəncam 25 fevral 2008-ci ildə verilib”, – deyə qeyd etdik.

“Mən dəqiq bilmirəm”, – deyə Akif Əliyev dəstəyi asdı.

“İlin Dörd Fəsli” MMC-nin baş mühasibi Ağaşirin Cəlilov bildirdi ki, “Retro” MMC ilə “İlin Dörd Fəsli” MMC arasında sifariş və podrat barədə müqavilə bağlanıb: “Bu müqavilə əsasında “Yeni Bakı” yaşayış kompleksi inşa olunub. Müqaviləyə xüsusi maddə daxil edilib ki, bu maddəyə görə, mənzillərin satışı “İlin Dörd Fəsli” MMC-yə həvalə olunub”, – deyə baş mühasib bildirdi.

Tanınmış vəkil Xalid Bağırovun fikrincə, “İlin Dörd Fəsli” MMC mənzilləri öz adından sata bilməzdi.

“Əgər hətta “İlin Dörd Fəsli”nə mənzil satmaq hüququ həvalə olunubsa, onda, şirkət bu mənzilləri birinci şirkət, yəni, “Retro” adından satmalıdır. Biilirsiniz, nə baş verir? Formal olaraq, inşaata icazə bir şirkətə verilir, bu şirkət isə inşaatı başqasına sifariş edir. Mənzillərin hüquqi sənədləşdirməsi başlayanda isə onların sahibləri böyük problemlər yaşayacaqlar. “İlin Dörd Fəsli” MMC sifarişçi ilə bağladığı müqavilədən yola çıxaraq, dəymiş zərərin ödənilməsini tələb edə bilər. Lakin, bu ancaq o halda ola bilər ki, sifarişçi “Retro” MMC birinci növbədə “İlin Dörd Fəsli” MMC-yə qarşı iddia qaldırsın. Əks halda, “İlin Dörd Fəsli” MMC dəymiş zərərin ödənilməsini tələb edə bilməz”, – deyə X.Bağırov vurğuladı.

Ağaşirin Cəlilov LEGİON-a bildirdi ki, “Retro” MMC tərəfindən “İlin Dörd Fəsli”nə qarşı hər hansı iddia qaldırılması barədə məlumata malik deyil.

R.Həsənoğlu

LEGION

  DİGƏR XƏBƏRLƏR