Jurnalistlər Elmira Süleymanovaya müraciət etdilər – MƏTN

“Legion İnformasiya Agentliyi” MMC və jurnalist Rüfət Əhmədzadəyə qarşı planlaşdırılmış qisas kampaniyasına son verilməzsə, bu, cəmiyyətdə pis “nümunə”yə çevrilər

“Legion İnformasiya Agentliyi” MMC-nin baş direktoru Araz Məmmədov və jurnalist Rüfət Əhmədzadə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovaya məktubla müraciət ediblər.

Agentlik rəhbəri və jurnalist öz müraciətlərində Bakı Apellyasiya Məhkəməsində üzləşdikləri haqsızlıqlar barədə söz açaraq,  “Yeni Bakı”dakı binalarda olan çatlara dair Abşeronun baş memarı Akif Əliyevin müsahibəsinin dərcinə görə üzləşdikləri qisas kampaniyasının qarşısının alınmasında ombudsmanın təcili tədbirlər görməsini xahiş ediblər.

Sözügedən müraciəti oxuculara təqdim edirik:

 “Hörmətli Elmira xanım!

Siz Azərbaycanda insan haqlarının qorunmasında müstəsna rolu olan  şəxslərdənsiniz. Mövcud qanunlara görə, Sizin fəaliyyət dairənizə informasiya və ifadə azadlığının qorunması, ölkədə sivil cəmiyyət quruculuğunda təməl azadlıqların müdafiəsinin təminatı da daxildir.

Bu səbəbdən, jurnalistika fəaliyyətimizdə üzləşdiyimiz problemlərə biganə qalmayacağınzı, müstəqil mətbuata qarşı qisas kampaniyasına yol verilməməsində Sizin də mühüm addımlar atacağınıza ümid edirik.

Biz ictimaiyyət üçün önəm daşıyan informasiyanı dərc edərək, cəmiyyətə faydalı işlər görməyə çalışırıq, lakin bəzi işbazlar, məsuliyyətsiz məmur və tərəfkeş hakimlər bizə qərəzli yanaşma göstərərək, ölkədə müstəqil mətbuata “ibrət dərsi” verməyə çalışırlar.

Fikrimizcə, “Legion İnformasiya Agentliyi” MMC və jurnalist Rüfət Əhmədzadəyə qarşı planlaşdırılmış qisas kampaniyasına son verilməzsə, bu, cəmiyyətdə pis “nümunə”yə çevrilər və məmurların öz açıqlamalarını danması, jurnalistlərin də heç bir nöqsana yol vermədiyi halda, haqsız cəzalandırılması adət halını alar.

Təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsində  hakim Fuad Talışinski tərəfindən jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı anlaşılmaz, eyni zamanda iddiaçı olan “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlıya isə aşkarcasına tərəfkeşlik münasibəti demokratik prinsiplər və ifadə azadlığıyla yanaşı, dövlətçilik prinsiplərinin də təhdid altında olması barədə narahatlıq yaratmışdır.

Bu səbəbdən, bizə qarşı məhkəmə tərəfindən atıla biləcək hər hansı bir neqativ xarakterli addımların qarşısının alınması məqsədi ilə Sizə müraciət edirik.

Məsələni ətraflı izah etməzdən əvvəl bildirmək istərdik ki, növbəti məhkəmə iclası martın 7-də olacaq və bu iclasdan əvvəl, tərəfinizdən müəyyən addımlar atılsa, çox şad olarıq.

Jurnalist Rüfət Əhmədzadənin 15 iyul 2016-cı ildə Legion.az- saytında dərc olunmuş “Abşeronun baş memarı “Yeni Bakı”da binaların çökməsini təsdiqlədi” başlıqlı yazıda heç bir qanunu pozmadığı halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin şübhə doğuran davranışlarından narahatıq və ədalətsiz məhkəmə qərarının qarşısının alınması üçün, məsələni araşdıraraq kömək etməyinizi xahiş edirik.

Belə ki, məhkəmə çəkişməsi mübahisəsinin səbəbkarı olan Abşeron İH-nin başmemarı Akif Əliyevin məhkəməyə şahidqismində çağırılaraq izahatının alınması barədə vəsatətimizin hakim Fuad Talışinski tərəfindən əsassız olaraq təmin olunmaması və digər qanunazidd hərəkətləri qərəzli qərarın veriləcəyi barədə əsas verir.

Çünki, 2016-cı ilin oktyabr ayında Nərimanov Rayon Məhkəməsində “İlin Dörd Fəsli” MMC-nin Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı 243.367 manatlıq təzminata dair iddiasına baxılarkən, “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı jurnalist Rüfət Əhmədzadəyə sosial şəbəkədə ünvanladığı yazılarda təhqir və təhdid etmiş, “sənin işinə mən çıxacam, görəcəksən …” deyərək, nalayiq sözlər işlətmişdi.

Bu faktla əlaqədar jurnalist Rüfət Əhmədzadə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etmiş, məsələ DİN Baş MCMİ-də araşdırılmışdır. Hazırda isə Mehman Muradlının məhkəmə vasitəsi ilə “qisas” xarakterli addımlarından, habelə 7 fevral 2017-ci il tarixdə keçirilmiş Apellyasiya məhkəməsi iclasında hakim Fuad Talışinski tərəfindən nümayiş etdirilən yanaşmadan narahat olaraq, Sizə müraciət etməyi qərara aldıq.

Hakim Fuad Talışinskinin bizim haqlı təklif və əsaslı vəsatətlərimizə əhəmiyyət vermədən, yəni, nümayəndəmizin çıxışın dinləmək əvəzinə iddiaçının nümayəndəsi Mehman Muradlı ilə “domen nədir və necə əldə olunur, haradan alındığını necə müəyyən etmək olar” mövzusuda söhbətləşərək işi onlara lazım olan tərəfə yönəltməyə çalışması və verdiyi suallardan işin materialları ilə tələb olunan dərəcədə tanış olmadığı, Qətnamənin əsas hissələrinə isə nəzər yetirmədiyi özünü büruzə verdi.

Çünki:

Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 2(005)-7341/2016 saylı mülki iş üzrə 08.11.2016-cı il tarixli Qətnaməsi ilə iddiaçı “İlin Dörd Fəsli” MMC-nin cavabdeh “Legion İnformasiya Agentliyi” MMC-yə və Əhmədzadə Rüfət Seyidəhməd oğluna qarşı işgüzar nüfuzun müdafiəsi və maddi zərərin ödənilməsi tələbinə dair iddianı rədd etmişdir.

Apellyasiya şikayəti vermiş olan iddiaçının nümayəndəsi Mehman Muradlı öz çıxışında, birinci instansiya hakiminin maddi və prosessual hüquq normaları pozmaqla bərabər, öz qanunsuz qətnaməsini əsaslandırmaq üçün cavabdeh “Legion İnformasiya Agentliyi” MMC-nin özünün 25.07.2016-cı ildə qeydiyyatdan keçməsini, “Legion.az” domenini isə 28.07.2016-cı ildə əldə etməsini göstərməklə, hakimin yanlışlığa yol verdiyini, “Legion.az” saytının hansı vaxtlarda kimə məxsus olmasını “məhkəmə sorğusu” vasitəsi ilə müəyyən edilməsi barədə öz “Vəsatət”ini hakim  Fuad Talışinskiyə təqdim etdi və “Vəsatət”i təmin edildi.

Hakim işin materialları ilə mükəmməl tanış olsaydı, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu rəsmi sənədlərdən və Qətnamədə bu barədə xüsusən qeyd edilməsindən (Qətnamə, səh.6, abzas-2,3) məlumatlı olsaydı iddiaçının“Vəsatət”inin əsassız olduğu üçün rədd edərdi.

Bizim nümayəndəmiz İlqar Abbasov cavabdeh tərəf kimi çıxışında hakimə bildirib ki, Nərimanov rayon məhkəməsinin hakimi, məhkəmə baxışında iş üzrə cavabdeh olan “Legion İnformasiya Agentliyi” MMC-nin özünün 25 iyul 2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasını, “Legion.az” domenini isə “İname” şirkətindən 28 iyul 2016-cı il tarixdə 40 manat məbləğində pula aldığını tədqiq olunmuş sübutlarla müəyyən etmişdir.

İddiaçının tələbi isə məhz 15 iyul 2016-ci il tarixdə “Legion.az” saytında dərc edilmiş məqalədən olduğu üçün, yəni “Legion İnformasiya Agentliyi” MMC-nin özünün yaranmasından 10 gün əvvəl, “Legion.az” domenini isə “İname” şirkətindən rəsmi əldə etməsindən 12 gün əvvəl  baş vermiş hadisəyə görə, iş üzrə cavabdeh olmadığının və mülki məsuliyyət daşımasının mümkün olmadığını nəzərə alan hakim, Qətnamədən sitat: “Qeyd edilən məsələ ilə bağlı iddiaçı tərəfə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehi əsil cavabdehlə əvəz etməyi təklif etmişdir. Lakin iddiaçı tərəf öz ilkin tələbini müdafiə etmiş və belə bir vəstələ məhkəməyə müraciət etməmişdir. Bununla belə, iddia tələbi  “Legion Informasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə rədd edilməlidir”.(Nərimanov rayon Məhkəməsinin 2(005)-7341/2016 saylı mülki iş üzrə 08.11.2016-cı il tarixli Qətnaməsi, səh.6, abzas -2,3).

Yəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 54, 54.1 və 54.2 maddələrinin tələblərinə uyğun olaraq, iddiaya cavab verməli olmayan ilk cavabdehi əsl cavabdeh ilə əvəz etmək iddiaçıya təklif olunmuş, lakin o, razılaşmayaraq öz ilkin tələbinin iddiasını tələb etmişdir.

Yəni, iddiaçı tərəfin apellyasiya məhkəməsinə müraciət etdiyi “Vəsatət”lə bağlı, birinci instansiya məhkəməsinin hakimi qanunauyğun olaraq iddiaçıya təklif etsə də, iddiaçı hakimin təklifini rədd etməklə indi müraciət etdiyi “Vəsatət”dən faktiki olaraq imtina etdiyi üçün, yenidən qəbul edilə bilməz.

Daha sonra, nümayəndəmiz əlavə edib ki, MPM-nin 372.4. maddəsinin tələbinə əsasən Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə  baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

Hakim Fuad Talışinski nümayəndəmizin sözünü kəsərək iddiaçının nümayəndəsi Mehman Muradlıya “Nə üçün 1-ci instansiya məhkəməsində”Vəsatət” vermədiniz?” sualı ilə müraciət etdi, o isə “Verdim, hakim götürmədi” deyə cavablandırdıqda, Fuad Talışinskinin növbəti “Niyə götürmədi?” sualına, Mehman Muradlı “Nə bilim?”deyə suala sualla cavab verdi.

Nümayəndəmiz isə Mehman Muradlıya “Vəsatəti dəftərxana vasitəsi ilə verəydiniz” deyib və hakim Fuad Talışinskiyə isə MPM-nin aşağıdakı tələblərini xatırladıb:

Maddə 371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi. Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə  iştirak edən  şəxslər həmin sübutların birinci instansiya məhkəməsində  təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

Maddə  372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində  təqdim edilməsinin ondan asılı olmayan səbəblərə  görə  mümkün olmadığını əsaslandırsın;

Nümayəndəmiz iddiaçının nümayəndəsi Mehman Muradlının “Nə bilim?” sual yönlü cavabının göstərilən maddələrin tələblərinə zidd olduğunu, “Vəsatət”inin də baxılan işə heç bir dəxli omadığı üçün qəbul edilməməsini bildirib.

Lakin, hakim Fuad Talışinski MPM-nin maddələrinə zidd oalraq iddiaçı tərəfin əsassız “Vəsatət”ini təmin etsə də, hansı Qanuna istinad etdiyini bidirmədi.

Bundan sonra, bizim nümayəndə iddiaçının qaldırdığı 2-ci tələb üzrə, yəni 15.07.2016-cı il tarixdə dərc edilmiş “Yeni Bakı”da binaların çökməsi təsdiqləndi” başlıqlı yazıda Abşeron rayonu İH-nin baş memarı Akif Əliyevin “İlin Dörd Fəsli” MMC-nin inşa etdiyi binaların çökməsi ilə əlaqədar və MMC-nin işgüzar nüfuzuna xələl gətirən heç bir ifadə işlətmədiyi barədə onların şirkətinə məktub təqdim etdiyini və həmin məktub iddiaçı tərəfindən guya birinci instansiya Məhkəməsinə təqdim olunsa da, Hakimin məktuba qiymət vermədiyini bildirdi. Yazı müəllifinin isə jurnalist etikasını pozaraq heç bir araşdırma aparmadan, məhkəməyə məlum olmayan şəxslərə istinad edərək, “İlin Dörd Fəsli” MMC barədə həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumatları dərc etməklə vurulmuş zərərin ödənilməsini, yəni 243.367 manat məbləğində pulun cavabdehlərdən tutularaq “İlin Dörd Fəsli” MMC-nin hesabına ödənilməsi, təkzib verilməsi və üzr istənilsin idiasına cavab olaraq, nümayəndəmiz İlqar Abbasov hakim  Fuad Talışinskiyə bildirib ki, “İlin Dörd Fəsli” MMC-nin inşa etdiyi “Yeni Bakı” yaşayış  binalarının  bir sıra sakinləri “Legion.az” saytına müraciət edərkən, özlərinin ölkə rəhbərliyinə, müxtəlif nazirliklərə, mətbuata və sairə aidiyyəti ünvanlara şikayətlərinin, müraciətlərinin və məktublarının kserosurətlərini də təqdim etmişlər.

Həmin  sənədlər əsasında vəzifəli, məsul, cavabdeh və digər aidiyyəti şəxslərlə sorğu, müsahibə, həmçinin qarşı tərəflərin fikir və rəylərini “KİV” vasitəsi ilə ölkə rəhbərliyinə, müxtəlif nazirliklərə, aidiyyəti qurumlara çatdırmaqla, jurnalist Əhmədzadə Rüfət Seyidəhməd oğlu “Kütləvi İnformasiya Vasitələri haqqında Qanun”un tələblərini pozmamışdır.

Bütün sənədlər cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və məhkəmə baxışı zamanı araşdırılaraq təsdiqini tapmışdır. Odur ki, iddiaçının “məhkəməyə məlum olmayan şəxslərə istinad edərək” apellyasiya məhkəməsinə bildirməsində nəyə əsaslandığı və hakim Fuad Talışinskinin bunu razılıqla qəbul etməsi, Qətnamədə göstərilən sübutlarin mülki işdə olmasından xəbərsiz olduğuna dəlalət edir.

Çünki, yuxarıda göstərilən sənədlərdən başqa, istinad etdiyi “Yeni Bakı”da binalar çat verir?” başlıqlı məqaləni oxumuş olan iddiaçı tərəf, həmin məqaləyə əlavə edilmiş bir neçə foto, audio-video yazıları da mütləq izləmişdir. Həmin sənədlərin, yəni “İlin Dərd Fəsli” MMC-nin rəsmi saytında qeyd olunan mobil nömrələrdən birinə cavab verən və özünü şirkətin satış meneceri kimi təqdim edən Zamiq adlı şəxslə binalara dair 11.07.2016 tarixli telefon söhbətinin səs yazısının, o cümlədən Abşeron rayonu İH-nin baş memarı Akif Əliyevin jurnalistə vermiş olduğu müsahibədə “Bəli, “Yeni Bakı”dakı vəziyyətlə tanış olmuşuq, araşdırmışıq.

Həqiqətən çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik.  Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var” sözlərini də ifadə etməsini sübut edən audioyazısının, məqalə dərc olunduqdan 1 gün sonra binanın çatlarını suvayıb-malalayan ustanın və başqa təcili təmir-bərpa işlərinin aparılmasının, bundan başqa, bir qrup bina sakinlərinin komendanta şikayətlənməsinin videogörüntülərinin onun üçün açıq-aşkar məlum olduğu halda, iddiaçı tərəfin nümayəndəsi Mehman Muradlının  apellyasiya şikayətini əsassız hesab etdiyimizi bildirərək, nümayəndəmiz İlqar Abbasov aşağıdakı “Vəsatət”lə hakim Fuad Talışinskiyə müraciət etdi:

“Jurnalist  Rüfət Əhmədzadəyə “Yeni Bakı”dakı binaların çat verməsi və çökmə əlamətləri barədə müsahibə vermiş Abşeron rayon İH-in baş memarı Akif Əliyev məhkəməyə şahid qismində çağırılaraq izahatı dinlənilsin və əgər o, dediklərini inkar edərsə, jurnalist Rüfət Əhmədzadənin Akif Əliyevdən aldığı müsahibənin bizdə olan audioyazısı səsləndirilsin, əgər zərurət yaranarsa, müvafiq ekspertiza təyin edilsin”.

Hakim Fuad Talışinski nümayəndəmiz İlqar Abbasovun “Vəsatət”inə dair qarşı tərəfin fikrini öyrənmədən, Abşeronun rayon İH-nin baş memarı Akif Əliyevin jurnalistlə “Çat vermiş binalar barəsində müsahibə”sinin audioyazısını məhkəmədə səsləndirməyi “Akif Əliyevin şəxsi həyatına müdaxilə” olduğunu bildirərək, bizim “Vəsatət”imizi qəbul etmədi və iclası yekunlaşdıraraq 07 mart 2017-ci il tarixinə təyin etməklə məhkəmə baxışını bitirdi.

Hörmətli Elmira xanım Süleymanova!

Apellyasiya məhkəməsi baxışı zamanı jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin barəsində ədalətsiz qərar qəbul edilməsinin qarşısının alınmasında qərəzsiz və obyektiv mövqe nümayiş etdirərək, məhkəmə prosesini nəzarətdə saxlamanızı, hüquqlarımızın pozulmaması naminə, Bakı Apellyasiya Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına müvafiq müraciət və çağırışlarla çıxış etmənizi Sizdən xahiş edirik.

Hörmətlə,

“Legion İnformasiya Agentliyi” MMC-nin baş direktoru

Araz Kərəm oğlu Məmmədov,

Jurnalist Rüfət Seyidəhməd oğlu Əhmədzadə”.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR