“Mətanət A” şirkəti jurnalistdən və sabiq işçisindən 2 milyon manat tələb edir – ABSURD

Araz Məmmədov: “Yəqin, şirkət böhran dövrünü yaşayır, ehtiyacları yaranıb”

Fəxri İsmayılov: “Cənab Prezident onlara tapşırmayıb ki, insanları işə götürəndə mənzilini banka girov qoysunlar, “depozit” adıyla maaşlarından pul kəsib mənimsəsinlər”

İlqar Abbasov: “Bu iddia ərizəsi daha çox özünütərif məqaləsinə oxşayır”

“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyi, jurnalist Araz Məmmədov və şirkətin sabiq əməkdaşı Fəxri İsmayılova qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırıb. Qafqaznews.az xəbər verir ki, bu barədə hakim Namidar Misirzadənin imzası ilə göndərilən bildiriş məktubunda qeyd olunub. “Mətanət A”nın iddiasına görə, Qafqaz Xəbər Agentliyi və jurnalist Araz Məmmədov və şirkətin sabiq əməkdaşı Fəxri İsmayılovu “böhtan xarakterli məlumatlar” yaymaqla, “Mətanət A” və onun rəhbəri Elxan Hidayət oğlu Bəşirovun işgüzar nüfuzuna zərbə vurublar.

Kompensasiya olaraq, iddiaçı cavabdehlərdən bir milyon manat “Mətanət A”nın, bir milyon manat da Elxan Bəşirovun xeyrinə tutulması, habelə, Qafqaz Xəbər Agentliyinin mətbuatda təkzib verməsi və üzr istəməsi tələb edilir. Onu da qeyd edək ki, “Mətanət A”nın iddia ərizəsini hazırlayan şəxslər “kampaniya” sözünü “kompansiya” kimi, 6 sıfırlı milyonu isə 9 sıfırla (milyard kimi) yazıblar. İddia ərizəsində Qafqaznews.az-da hətta başqa saytlara istinadla dərc olunan yazıların da başlıqları qeyd olunub: ““Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?”, “Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir”, ““Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD”, ““Mətanət A” mənim mənzilimi banka girov qoydu”, ““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”, Bəşirov qardaşlarının biznes imperiyası – “Mətanət A”, ““Mətanət-A”nın rəhbəri həbs oluna bilərmi? – GÜLƏN MƏSƏLƏSİ” və s.

Bu barədə Qafqaznews.az-a danışan jurnalist Araz Məmmədov bildirib ki, qeyd olunan son yazılar başqa saytlarda dərc olunub: “Qafqaznews.az saytının da həmin yazıları istinadla dərc etməsi qanunvericiliklə qadağan olunmuş hal sayıla bilməz. Digər yazılarda isə “Mətanət A”nın sabiq əməkdaşı Fəxri İsmayılovun şikayəti əsasında obyektiv jurnalist araşdırması aparılıb və qarşı tərəfin mövqeyinə yer verilib”.

A.Məmmədov iddia ərizəsində bəzi yazıların unudulduğunu da qeyd edib: “Mənə təəccüblü gəlir ki, nə əcəb, “Mətanət A” şirkəti öz iddia ərizəsində ““Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?” başlıqlı yazını qeyd etməyib? Həmin yazıda şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəhanə Sarının həmkarım, Qafqaz Xəbər Agentliyinin əməkdaşı Rüfət Əhmədzadəyə zəng edərək, onu inadla “gizli görüş”ə dəvət etməsi, “amma rəhbərlik bilməsin” kimi sözlər işlətməsi qeyd olunub. Hörmətli hakim Namidar Misirzadə də həmin yazıya nəzər salsa, özü aydın görəcək ki, “Mətanət A” rəhbərliyi Qafqaz Xəbər Agentliyinin əməkdaşlarını ələ almaq naminə hansı vasitələrə əl atıb”.

“İddia ərizəsində sizdən, agentlikdən və Fəxri İsmayılovdan iki milyon manat tələb olunur. Bu cür tələb sizə çox gəlmirmi?”, – deyə qeyd etdik. “Yəqin, şirkət böhran dövrünü yaşayır, təcili olaraq, 2 milyon manata ehtiyacları yaranıb. Ona görə də, bizdən bu qədər pul tələb edirlər”, – deyə A.Məmmədov cavab verdi. Digər cavabdeh, “Mətanət A”nın sabiq əməkdaşı Fəxri İsmayılov isə bildirdi ki, şirkətin iddiası əsassız və qanunsuzdur. “Mən öz hüquqlarımdan istifadə edərək, üzləşdiyim haqsızlıqları ictimailəşdirmişəm və ölkə rəhbərliyinə də müraciət etmişəm. Qafqaz Xəbər Agentliyinin kollektivi məsələni tam obyektiv araşdırıb və hətta, şirkət nümayəndələrinin haqqımda dediyi xoşagəlməz sözləri də işıqlandırıb. Belə çıxır ki, mən də agentliyə etiraz etməli, “niyə onların mövqeyini dərc edirsiniz?” deməliydim… Agentlik əməkdaşları hər şeyi obyektiv araşdırıb, qanunvericiliyə riayət ediblər. Ona görə də, “Mətanət A” şirkətinin məhkəmədə məğlub olacağına inanıram”, – deyə F.İsmayılov bildirdi.

Onun sözlərinə görə, “Mətanət A” rəhbərliyi müxtəlif vasitələrlə onu susdurmağa, mətbuatdakı yazıları dayandırmağa çalışıblar: Ötən il dekabrın sonlarında Şahanə Sarı başqa bir ortaq tanışımız vasitəsilə mənlə əlaqə saxlayaraq, işdən sonra, saat 7 radələrində şirkətə çağırdı, min manat pul təklif etdi. Mənsə etiraz etdim və mühasibləri çağıraraq, şirkətin mənə olan borcunu hesablamağı tələb etdim. “Mətanət A” mənə 17 min manatdan çox borclu qalıb, işlədiyim müddətdə mənzilimi “Dəmirbank”a girov qoyub, işdən çıxandan sonra isə əmək kitabçamı da verməyiblər. Yanvarın ortalarında isə şirkətin vitse-prezidenti Fuad Bəşirov məni yanına dəvət edib, susmağım qarşılığında 5 min manat təklif etdi. Mən imtina etdikdə isə Fuad Bəşirov bağırmağa başladı ki, sən bizə milyon manat ziyan vurmusan, səni tutduracağıq, belə qalmayacaq…

Əvvəl, Nizami RPİ vasitəsilə məni “cəzalandırmağa çalışdılar, bu alınmadıqda isə məhkəməyə müraciət etdilər”. Fəxri İsmayılov iddia ərizəsində Azərbaycan Prezidentinin sahibkarlığa və şirkətə qayğısı ilə bağlı geniş qeydlərə yer verildiyini əlavə etdi: “Cənab Prezident daim sahibkarlara dəstək verib. Cənab Prezident Elxan və Fuad Bəşirov qardaşlarına tapşırmayıb ki, insanları işə götürəndə mənzilini banka girov qoysunlar, “depozit” adıyla maaşlarından pul kəsib mənimsəsinlər? Onlar Cənab Prezidentin qayğısından sui-istifadə edirlər, hələ utanmadan da, məhkəməni Cənab Prezidentin adını çəkməklə aldatmağa çalışırlar.Prezident onlara deməyib ki, Qarabağ müharibəsi veteranına haqsızlıq etsinlər. ”.

Məsələni şərh edən Qafqaz Hüquq Mərkəzinin baş direktoru, hüquqşünas İlqar Abbasov iddia ərizəsiylə tanış olduqdan sonra, Qafqaznews.az-a bildirdi. “Bu iddia ərizəsi daha çox şirkətin özünütərif məqaləsinə oxşadı. Ərizənin yarısında Cənab Prezidentin şirkətə göstərdiyi diqqət və qayğıdan söz açılır. Sanki şirkət rəhbərliyi bununla özlərinin “müstəsna” mükəlləfiyyətlərə malik olduqlarını məhkəmədə sübut etməyə çalışırlar. Digər tərəfdən, Qafqaz Xəbər Agentliyi başqa KİV-lərin dərc etdiyi, təkzib olunmayan yazılara görə ittiham oluna bilməz”, – deyə İ.Abbasov vurğuladı.

Onun sözlərinə görə, sanki şirkət rəhbərliyi iddia ərizəsində Fəxri İsmayılovun kim olduğunu qeyd etməkdən ehtiyatlanıb. “Bu ərizədə qeyd olunmayıb ki, Fəxri İsmayılov kimdir, niyə şirkətdən şikayətçidir, “Mətanət A” rəhbərliyini hansı əməllərdə ittiham edib… Ümumiyyətlə, şirkətin iddia ərizəsində Qafqaz Xəbər Agentliyinin də hansı qanunları pozduğu iddia ərizəsində əsaslandırılmır. Buna görə də, “Mətanət A” şirkətinin iddialarının əsassız olduğunu hesab edirəm”, – deyə hüquqşünas əlavə etdi.

Mahmud Rasimoğlu

Qafqaznews.az

Mövzu ilə bağlı linklər:

“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?

Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir

“Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD

““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”

““Mətanət A” mənim mənzilimi banka girov qoydu”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR